PDF Oxu

Əsas

  • 18

"NATO-nun payız sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr daxil edilib"

"NATO-nun payız sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr daxil edilib"
"NATO-nun payız sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr daxil edilib". Bu sözləri SİA-ya açıqlamasında NATO Parlament Assambleyasında (PA) Azərbaycanın nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı məruzəçi müəyyənləşib və hazırda hazırlıq işləri gedir: "Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının yay sammitində NATO PA rəhbərliyi ilə görüşlər keçirdi. Görüş zamanı NATO PA baş katibi və müavinləri iştirak edirdi. Məsələ qaldırıldı ki, bütün qurumlarda Dağlıq Qarabağla bağlı müzakirələr keçirilir, BMT-də, AŞPA-da və ATƏT-də, istərsə də Avropa İttifaqında və NATO-da bir neçə dəfə müzakirələr aparılıb. Danışıqlardan sonra baş katib göstəriş verdi ki, NATO-nun payız sessiyasında Dağlıq Qarabağla bağlı müzakirələr gündəliyə salınsın".
S.Novruzov qeyd edib ki, müzakirələrin keçirilməsinə Ermənistan nümayəndə heyəti öz etirazını bildirsə də, heç bir nəticə əldə olunmayıb: "Bununla bağlı Ermənistan nümayəndə heyəti etiraz edərək müraciət edib ki, Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunmasın. Lakin bildiyiniz kimi, NATO PA siyasi və hərbi qurum kimi əsas təşkilatlardan biridir. Bütün etirazlara baxmayaraq məsələ Varşavada baş tutacaq NATO-nun payız sessiyasının gündəliyinə daxil edildi".
Millət vəkili həmçinin Ermənistanla Rusiya arasında imzalanması nəzərdə tutulan hərbi müqaviləyə də münasibət bildirib: "İkitərəfli müqavilələr mövcuddur. Azərbaycanın da Türkiyə, Pakistan dövlətləri ilə ikitərəfli müqavilələri var və digər dövlətlərlə də bu ola bilər. Söhbət münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən gedir. Əgər Azərbaycan beynəlxalq hüquq əsasında sabah işğal altında olan torpaqlarını azad etmək əməliyyatına başlasa, rus ordusunun buna qarışmasına heç bir ixtiyarı yoxdur. Biz Ermənistanın sərhədlərinə daxil olmuruq. Biz işğal altında olan torpaqlarımızın düşməndən azad olunması əməliyyatını aparırıq. Buna da bizim tam haqqımız var. Bildiyiniz kimi, BMT-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı 4 qətnaməsi var. Bundan əlavə, ötən il qurumda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar qəbul olunub. Bununla bağlı digər qurumların müəyyən tövsiyələri və qərarları var. O baxımdan Azərbaycan beynəlxlq qanunları əlində rəhbər tutaraq istənilən an Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan torpaqlarını geri qaytara bilər".

Digər xəbərlər