PDF Oxu

Əsas

  • 9

"Bu il 103 abituriyent "Prezident təqaüdü"nə təqdim ediləcək"

"Bu il 103 abituriyent "Prezident təqaüdü"nə təqdim ediləcək"
Cari ildə ali təhsil müəssiəslərinə qəbul olunan 27 700 abituriyent avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. SİA-nın xəbərinə görə, bu barədə dünən keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, həmin müddətdə qeydiyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbulu haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali məktəblərə qəbul olunanların qeydiyyatında dəyişikliklərin edildiyini deyən M.Abbaszadə qeyd edib ki, əvvəllər yalnız ödənişli ixtisaslara qəbul olunanlar ödəniş haqqı edəndən sonra müqavilə bağlayır və qeydiyyat tətbiq olunurdu: "İndi isə yeni qaydalara əsasən, tələbələrin ali məktəblərə qəbul olunması üçün əmr verilməlidir. Bundan öncə, onlar öz attestatlarını, müəyyən sənədləri təqdim etməli və bundan onra ali məktəblərlə müqavilə bağlamalıdırlar. Müqavilənin biri ali məktəbdə, digəri isə abituriyentdə qalır. Müqavilə ancaq Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş formada imzalanır, hansısa ali məktəb ortaya əlavə müqavilə çıxara bilməz. Tələbə Qəbulu üzə Dövlət Komissiyasının məlumat sistemində hər bir abituriyentin adına müqavilə forması var və bu internetdən götürülüb imzalanmalıdır".
TQDK sədri əlavə edib ki, bu il ali təhsil müəssisələrinə qəbul ilk dəfə olaraq həm də dövlət sifarişi əsasında olan yerlərə, həm də ödənişli əsaslarla olan vakant yerlərə aparılıb. Onun sözlərinə görə, bununla əlqədar olaraq müsabiqədə iştirak etmək barədə verilən məlumatların təqdimatında dəyişikliklər edilib. O qeyd edib ki, dövlət sifarişi üzrə yerlərin müsabiqəsində iştirak edən hər bir abituriyentə təqdim edilən arayışda konkret ali məktəbə aid olan müvafiq ixtisas üzrə minimal keçid balları ilə bərabər, həm də həmin ixtisas üzrə bütün ali məktəblərə müsabiqədə formalaşmış keçid balları göstərilib.
"Hər bir abituriyentə təqdim olunan arayışda 15 ixtisas qeyd olunur. Arayışda qeyd olunan I sütunda topladığı ballar və mötərizədə orta attestat balı, II sütunda həmin ixtisas üzrə formalaşmış keçid bal verilib. Abituriyent öz balını və həmin ixtisas üzrə keçid balını müqayisə etməlidir. Bütün ixtisasların kodları eynidir, yalnız dövlət sifarişli oxumaq hüququ hansısa abituriyentə verilir, hansınasa yox. Buna görə də arayışda III sütun ortaya çıxır və burada ixtisasa uyğun dövlət sifarişi üzrə formalaşmış keçid balı qeyd olunur. Bu o deməkdir ki, həmin ixtisas dövlət sifarişli yerlərə ölkə üzrə hansı bal formalaşıb. Məsələn, abituriyentin 430 balı var, ixtisas üzrə isə keçid balı 287-dir. Amma abituriyent dövlət sifarişli ixtisası qeyd edib. Cari il isə ixtisasa uyğun dövlət sifarişli minimal bal isə 529 olub. Deməli, bu abituriyent dövlət sifarişli oxuya bilməz. Hər bir insan öz arayışını "Abituiyent" jurnalları ilə müqayisə zamanı müəyyən edə bilər ki, o yazdığı ixtisaslara niyə qəbul olmayıb", - deyə o bildirib.
Daha sonra M.Abbaszadə qeyd edib ki, hər il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən respublikada 100 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasında 3 nəfər abituriyent "Prezident təqaüdü"nə təqdim ediləcək. Qəbul imtahanları nəticəsində yüksək bal toplayaraq "Prezident təqaüdü"nə layiq görüləcək abituriyentlərin siyahısının hələ müəyyənləşdirilmədiyini deyən TQDK sədrinin sözlərinə görə, bu il də ənənəvi olaraq, həmin sayda abituriyentin "Prezident təqaüdü"nə layiq görüləcəyini söyləyib.

Digər xəbərlər