İKT və poçt sektoruna 44,7 milyon manat investisiya qoyulub
Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "2010-cu ilin birinci yarımilliyinin yekunları haqqında" kollegiya iclası keçirildi. İclasda çıxış edən nazir Əli Abbasov ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasətin, digər sahələrdə olduğu kimi, telekommunikasiya və informasiya-texnologiyaları sektorunda da öz bəhrəsini verdiyini söylədi.
Hesabat dövrü ərzində özəl sahibkarlıq subyektlərinin inkişafının da diqqət mərkəzində olduğunu deyən nazir 2010-cu ilin birinci yarımilliyində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz (müqayisəli qiymətlərlə) artaraq 638,1 milyon manat təşkil etdiyini bildirdi: "2009-cu ilin birinci yarımilliyi ilə müqayisədə artım tempi İKT sektorunda 28,2 faiz, o cümlədən, telekommunikasiya sektorunda 29,6 faiz, poçt sektorunda isə 19,5 faiz təşkil edib. İKT və poçt sektorunda əldə olunan gəlirin 80, faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 75 faizi mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin birinci yarımilliyində mobil sektor üzrə artım tempi 28,4 faiz təşkil edib".
Rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə əmək haqlarının artırılması istiqamətində mütəmadi aparılan işlərin davam etdirildiyini vurğulayan Ə.Abbasov bu sahədə də böyük nailiyyətlər əldə edildiyini söylədi: "Belə ki, RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 1 iyul 2010-cu ildə 272,2 manata çatdırılıbdır. Eyni zamanda, nazirliyin sektorunda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirilir. Belə ki, cari ilin birinci yarımilliyi ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 129,9 mln. manat proqnoza qarşı 130,2 mln. manat (proqnozdan 0,2 faiz çox) gəlir əldə edilib ki, bu da ötən ilin birinci yarımilliyi ilə müqayisədə 5,0 mln. manat (və ya 4,0 faiz) çoxdur. Əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 48,4 mln. manata çatdırılıb. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən bu ilin 6 ayı ərzində dövlət büdcəsinə 21,9 mln. manat, DSMF-yə isə 6,3 mln. manat vəsait ödənilib. Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub. Bu məqsədlə hesabat ili ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 15,2 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Bu ilin 6 ayı ərzində, ümumilikdə, İKT və poçt sektoruna 44,7 milyon manat investisiya qoyulub".
Ə.Abbasov, həmçinin, yeni layihələr barədə, o cümlədən, "Azerspace" ilk milli telekommunikasiya peykinin raket daşıyıcısı ilə müqavilənin oktyabrın əvvəllərində imzalanacağını bildirdi: "Gələcəkdə kadrların hazırlanmasının, yerüstü idarəetmə stansiyalarının tikintisi, marketinq tədbirləri və s. aparılması nəzərdə tutulub. Bu günədək idarə tərəfindən orbital mövqenin icarəyə götürülməsi və peykin özünün istehsalı üçün artıq müqavilələr imzalanıb. Amerikanın "Orbital Sciences Corporation" şirkəti "Azerspace" peykinin istehsalçısı kimi çıxış edir, peykin yerləşdiriləcəyi mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülb. "Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, İnternet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin və eləcə də, hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. "Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 ghz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 ghz) təchiz olunacaq. Peyk 46 dərəcə şərq uzunluğu dairəsində yerləşəcək. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək. "Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq. Bu günə ölkənin peyk sistemlərindən istifadə həcmi 120 mbit/s təşkil edir. Bu həcmin əhəmiyyətli hissəsindən VSAT (Very Small Aperture Terminal) sistemində, yerdə qalanı isə tele və radiokanalların ehtiyacları üçün istifadə olunur. Beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi yayımlanan tele və radiokanalların tərkib hissəsi olan peyk kanalları vasitəsilə həyata keçirilir.
Nazir onu da söylədi ki, bu gün ölkə rabitə və teleyayım üçün xarici peyklərin transponderlərindən icarəyə görə hər il milyonlarla dollar vəsait sərf edir. Beynəlxalq təcrübəyə görə, altı-səkkiz transponderin icarəsi ildə, təxminən, 9-10 milyon dollara başa gəlir. Milli peykin buraxılışı bu problemi həll etməyə imkan verəcək. Yaradılmasına 319 milyon dollar vəsait sərf olunması planlaşdırılan peykin (bunun 127 milyon manatı peykin istismar xərcləridir) öz xərcini 6 ilə çıxaracağı nəzərdə tutulub.
Daha sonra məruzə ilə çıxış edən maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri R.Nəbiyev hesabat dövründə Tovuz, İsmayıllı, Zaqatala, Qax, Ağsu, Tərtər, Biləsuvar, Quba və Xızı rayonlarının kənd yaşayış məntəqələrində ümumi tutumları 528 nömrə olan 14 min ATS quraşdırıldığını, bu məntəqələrdə istismar olunan peyk rabitə avadanlıqlarına qoşulmaqla yeni tutumlar istifadəyə verildiyini bildirib.
Daha sonra nazirliyin bir qrup əməkdaşı işdə fərqləndiklərinə görə pul və fəxri fərmanlarla mükafatlandırılıblar.