PDF Oxu

Əsas

  • 8

Humanist dəyərlərin əsl bayraqdarı

Humanist dəyərlərin əsl bayraqdarı
Məlum olduğu kimi, bu günlərdə paytaxtımızda daha bir yüksək səviyyəli xarici qonaq səfərdə olmuşdur. İyul ayının 29-da YUNESKO-nun baş direktoru İrina Bokova ölkəmizə səfər edib. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirən İ.Bokova Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva ilə də görüşmüşdür. Bu görüşdə İ.Bokovanın baş direktor vəzifəsinə seçildikdən sonra ilk səfərlərini məhz Bakıya etməsinin əhəmiyyəti vurğulanmış və bunun gələcək perspektivdə də münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirilmişdir. Görüşdə, eyni zamanda, birgə həyata keçirilən layihələrin əhəmiyyəti də nəzərə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, YUNESKO-nun baş direktorunun Azərbaycana səfər etməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu, ölkəmizlə qurum arasında olan əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycanda son illərdə YUNESKO xətti ilə bir sıra mühüm əhəmiyyətli işlərin görülməsi də bu münasibətlərə təsir göstərən amillərdəndir. Burada isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işləri, göstərdiyi xidmətləri xüsusilə vurğulamaq lazımdır. YUNESKO və İSESKO-nun Azərbaycanda xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycanda maddi və mədəni irsin qorunması, milli mədəniyyətimizin təbliğ olunması, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsi sahəsində gördüyü işlər əvəzsizdir. Bunu ölkəmizdə görülən işlərlə tanış olan İ.Bokova da təsdiqlədi. Beynəlxalq Muğam Mərkəzində, İçərişəhərdə və Xalça Muzeyinin eskizi ilə tanış olan baş direktor bütün bunların təqdirəlayiq olduğunu nəzərə çatdırmışdır. YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri ilə görüşdə də xanım İ.Bokovaya ölkəmizdə bu sahədə görülən işlərdə Mehriban xanım Əliyevanın xidmətlərindən danışılmışdır. Öz növbəsində, İ.Bokova da ölkəmizin mədəniyyətlərarası dialoqa nümunə olduğunu vurğulamış, maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsinin prioritet istiqamətlərdən olduğundan məmnunluq duyduğunu nəzərə çatdırmışdır. YUNESKO-nun baş direktoru da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində və təşkilatla ölkəmiz arasında birgə fəaliyyət nəticəsində mədəni irsin qorunması istiqamətində böyük uğurlar əldə olunduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycan musiqisinin, adət və ənənələrinin, maddi və qeyri-maddi irsinin, ümumilikdə, Azərbaycan mədəniyyətinin təbliğində, bu zəngin mədəniyyətin dünyaya çatdırılmasında əhəmiyyətli işlər görmüşdür. Məhz onun gördüyü işlər sayəsində Azərbaycan muğamı dünyanın ən zəngin musiqi növləri sırasına daxil edilmişdir. Ölkəmizdə də muğam müsabiqələrinin keçirilməsi ilə yanaşı, beynəlxalq muğam festivalı da keçirilmişdir ki, burada da müxtəlif millətlərin musiqi nümunələri nümayiş etdirilmişdir. Məhz Mehriban xanımın gördüyü işlər nəticəsində Azərbaycan muğamı artıq tədqiqat mövzusuna çevrilmiş və bir sıra dünya alimləri tərəfindən tədqiq olunmağa başlanmışdır.
Bundan başqa, milli adət-ənənələrimizin, bayramlarımızın təbliğatı sahəsində uğurlar əldə olunmuşdur. Belə ki, Azərbaycanın milli bayramı olan Novruz bayramı YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş və BMT tərəfindən beynəlxalq bayram kimi qeyd olunmuşdur. Heç təsadüfi deyil ki, artıq bu ildən etibarən Novruz bayramı Gürcüstanda milli bayram kimi qeyd olunmağa başlayıb.
Eyni zamanda, digər maddi və qeyri-maddi mədəni nümunələrimiz də beynəlxalq səviyyədə təqdim olunmuş, onların qorunmasının vacibliyi önə çəkilmişdir. Bu sıraya ölkəmizin müxtəlif yerlərində mövcud olan tarixi abidələrimizi də aid etmək olar. Şirvanşahlar sarayı, İçərişəhər, Qız Qalası və digər abidələr də beynəlxalq səviyyədə tanıdılmışdır.
YUNESKO-nun baş direktorunun Azərbaycana səfəri zamanı daha bir əlamətdar hadisə də baş tutmuşdur ki, bu da Qəbələdə keçirilən beynəlxalq musiqi festivalıdır. Festivalın açılış mərasimində iştirak edən İ.Bokova Azərbaycan və dünya musiqisinin ən gözəl nümunələri ilə tanış olmuşdur. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva da iştirak etmişdir. Festivalın açılışında Mehriban xanım bir daha Heydər Əliyev Fondunun Azərbaycan və dünya musiqi mədəniyyətinin qorunması sahəsində gördüyü işlərdən danışaraq son dövrlərdə bu sahədə keçirilən bəzi layihələri nəzərə çatdırdı. Beynəlxalq Muğam Festivalı, Mstislav Rastropoviç adına Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları xüsusilə vurğulayan Mehriban xanım Qəbələ musiqi festivalının da bu sıradan bir layihə olduğunu nəzərə çatdırmışdır. İ.Bokovaya tədbirdə iştirakına görə təşəkkürünü bildirən Mehriban xanım Əliyeva son illər Heydər Əliyev Fondu ilə YUNESKO arasında sıx əməkdaşlığın yaradıldığını və birlikdə bir sıra irimiqyaslı layihələrin reallaşdırıldığını bildirib.
Nəzərə çatdırmaq lazımdır ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın musiqi mədəniyyətimizin qorunub saxlanılması sahəsində gördüyü işləri əvəzsiz adlandırmaq olar. Milli musiqimizin beynəlxalq səviyyədə tanıdılması və ona yüksək qiymət verilməsi məhz Mehriban xanımın göstərdiyi xidmətlərin nəticəsidir. Təsadüfi deyil ki, İ.Bokova da Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı Mehriban xanımın bu xidmətlərini bir daha nəzərə çatdırdı və bunu yüksək qiymətləndirdiyini vurğuladı. YUNESKO-nun baş direktoru tərəfindən humanist dəyərlərin əsl bayraqdarı adlandırılan Mehriban xanım bu adı öz əməlləri ilə qazanmışdır. Mehriban xanım Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Mehriban xanım Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi təşkilatın qeyri-maddi mədəni irsin, xüsusilə, folklorun, ifaçılıq sənəti və xalq sənətkarlığının qorunması istiqamətindəki fəaliyyətini dəstəkləyir.
Mehriban xanımın gördüyü işləri təkcə mədəniyyət sahəsi ilə məhdudlaşdırmaq olmaz. Belə ki, ümumilikdə, humanitar sahədə Mehriban xanımın gördüyü işlər tək Azərbaycanı deyil, dünyanın bir sıra yerlərini əhatə edir. Mehriban xanım Əliyeva uşaqlara xüsusi qayğı ilə yanaşır. Onun bu sahədə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti Azərbaycanda uşaq evlərinin yeniləşdirilməsi və müasirləşdirilməsi, musiqi məktəbinin açılması və diabetli uşaqların müalicəsi istiqamətində görülmüş işləri əhatə edir. Bir sözlə, Mehriban xanım Əliyevanın istər Heydər Əliyev Fondunun prezidenti, istər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də millət vəkili kimi gördüyü işlər yalnız Azərbaycan mədəniyyətinin təbliğ olunmasına, onun qorunub saxlanmasına və ümumilikdə, humanist istiqamətli addımların atılmasına xidmət edir.

Digər xəbərlər