Milli mətbuatın 135 illik yubileyi münasibəti ilə məlum olduğu kimi, artıq bir aydan çoxdur ki, ölkəmizdə Prezident İlham Əliyevin bu yubileyin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar müvafiq sərəncamından irəli gələrək, müxtəlif tədbirlər keçirilmişdir. İstər paytaxtda, istərsə də regionlarda keçirilən tədbirlərdə mətbuat işçiləri müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. İyul ayının 22-də isə Mətbuat Günü möhtəşəm bir şəkildə qeyd olundu. Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılışında iştirakı və mətubat işçilərini təbriki yüksək səviyyədə qeyd olunmalı tədbirlər sırasındadır. Eyni zamanda, Mətbuat Günündə prezidentin Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında və Azərbaycan Respublikasınin mətbuat işçilərinə fəxri adların verilməsi haqqında sərəncamına uyğun olaraq bir sıra mətbuat işçisi təltif edilmişdir. Bundan başqa, prezidentin sərəncamı ilə qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının ayrılması və mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı müvafiq sərəncamlar da prezidentin mətbuata göstərdiyi yüksək diqqət və qayğının təzahürü kimi qiymətləndirilə bilər. Bu faktı bir sıra mətbuat işçiləri də təsdiqlədilər.
AzərTAc-ın baş direktor müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov:
- Azərbaycan mətbuatının 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində jurnalistlərin mükafatlandırılması yüksək səviyyədə qiymətləndirilməlidir. Bu mənada, mən də öz növbəmdə, mənə göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığımı bildirir və gələcəkdə də mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, tək mən yox, bütövlükdə, Azərbaycan mətbuatı ona göstərilən yüksək qayğı və diqqəti yüksək qiymətləndirəcək. Prezident İlham Əliyevin ölkədə demokratiyanın və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində gördüyü ardıcıl işlər mətbuat saəhəsində də özünü göstərməkdədir. Söz azadlığının, mətbuat azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən görülən işlər göz qabağındadır. Mətbuatımızın ildən-ilə daha da inkişafı bunu göstərən ən bariz nümunədir. Mətbuata böyük diqqət və qayğının əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə senzura tamamilə aradan qaldırıldı. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun beynəlxalq aləmdə Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Bu mənada, Azərbaycan jurnalistikasının qanunvericilik bazası da yarandı və bu bazanın əsasında Azərbaycan jurnalistikası böyük sürətlə inkişaf etməkdədir. Ona görə də, bu gün Azərbaycan jurnalistikası çox ciddi inkişaf yolundadır. Atılan bütün addımlar Azərbaycanda, yaxın gələcəkdə müstəqil mətbuatın formalaşmasına gətirib çıxaracaq.
Onu da qeyd edim ki, belə bir tədbirin keçirilməsi Azərbaycan mətbuatına böyük qayğının nümunəsidir. Bu qayğı Prezident İlham Əliyevin mətbuatın 135 illik yubileyi ilə bağlı vermiş olduğu Sərəncamdan başlayır. Elə bu cür tədbirlər də məhz mətbuatımızın yubileyinə töhfə olacaq tədbirlər sırasındadır. Çünki mətbuata göstərilən hər bir diqqət ayrı-ayrılıqda jurnalistlərə göstərilən qayğı deməkdir. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub. Dövlətimizin iradəsi bu problemin həll olunması üçün də zəruri addımlar atmaqdadır. Mətbuatımızın 135 illik tarixi, sözün əsil mənasında, böyük bir tarix hesab olunur. Azərbaycan mətbuat tarixinin formalaşmasının xalqımızın həyatında çox böyük bir önəmi var. Ümumilikdə isə, mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir.
"Yeni Azərbaycan"
qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu:
- Əvvəla, "Yeni Azərbaycan" qəzetinin bütün yaradıcı kollektivi adından, mətbuat ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatının 135 illik yubileyi ilə əlaqədər olaraq, ilk növbədə, onu demək istəyirəm ki, uzun müddət mətbuatda çalışmış, doğrudan da ən yüksək ən ali mükafata layiq olan həmkarlarımız, Prezident tərəfindən ali səviyyədə mükafatlandırıldılar. Hesab edirəm ki, bu, Azərbaycan mətbuatının tarixində böyük hadisədir. Bildiyiniz kimi, uzun müddətdir Azərbaycan mətbuatında mətbuat işçilərinin müxtəlif sosial problemlərindən danışılırdı, onun həlli yolları müzakirə olunurdu. Nəhayət ki, cənab Prezidentimiz iyul ayının 22-də imzaladığı sərəncamla bir daha mətbuat işçilərinə dövlət qayğısının nə qədər yüksək səviyyədə olduğunu sübut etdi, onların mənzil problemləri ilə bağlı sərəncam imzaladı. Bundan başqa, istər fəxri adların verilməsi, istərsə də qəzet redaksiyalarına və digər mətbuat orqanlarına birdəfəlik maliyyə yardımlarının edilməsi, hesab edirəm ki, Azərbaycan mətbuatının inkişafında yeni keyfiyyət dəyişikliklərinin əmələ gəlməsinə zəmin yaradacaq. Eyni zamanda, düşünürəm ki, dövlətin bu diqqəti və qayğısı Azərbaycan mətbuatına yeni intellektlərin axınını təmin edəcək, jurnalist peşəsinin ideallaşdırılmasına gətirib çıxaracaq, intellektual gəncliyin məhz bu peşəni seçməsinə səbəb olacaqdır. Beləliklə də, uzun müddətdir müzakirə olunan bir sıra problem öz həllini tapacaqdır. Biz həmişə gileylənirdik ki, Azərbaycan mətbuatında intellektlər yoxdur, peşəkarlıq çatışmır, jurnalistika peşəsinə həvəs göstərən, onu mənimsəməyə çalışan gənclər azdır və s. və i.a. Hesab edirəm ki, dövlət qayğısı məhz bu problemlər də öz həllini tapacaqdır. Nəticə etibarilə Azərbaycan mətbuatı arzu olunan səviyyədə, yəni Azərbaycan cəmiyyətinin tələblərini ödəyəcək səviyyədə Azərbaycan dövlətinin maraqlarına cavab verəcək səviyyədə inkişaf edəcəkdir. Eyni zamanda, Azərbaycan mətbuatında bundan sonra baş verəcək keyfiyyət dəyişiklikləri, cənab prezidentimizin imzaladığı fərmanda göstərildiyi kimi, milli-mənəvi dəyərlərimizin bərpa olunmasında, milli adət-ənənələrimizin qorunmasında, milli musiqimizin təbliğ olunmasında, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, bütün parametrlər üzrə, bütün göstəricilər üzrə sosial, iqtisadi, siyasi sahədə Azərbaycan mətbuatının inkişafını təmin edəcəkdir.
Azərbaycan jurnalistlərinin evlə təmin olunması onun əsas, təməl problemlərindən birini həll edir. Bu, olduqca ciddi bir addımdır və hesab edirəm ki, bu sərəncamın, hələlik, MDB ölkələrində analoqu yoxdur. Ümumiyyətlə, mətbuat tarixində xatırlamıram ki, jurnalistlərin dövlət başçısı tərəfindən xüsusi sərəncamı ilə ayrıca mənzil problemlərinin həlli ilə əlaqədar sərəncam imzalansın. Buna görə də mən bunu Azərbaycan mətbuatı tarixində möhtəşəm bir addım kimi qiymətləndirirəm və hesab edirəm ki, bu, jurnalistlərin ən böyük problemi olan mənzil problemini həll edəcəkdir.
Biz redaksiyamıza ayrılacaq maliyyə vəsaitinin əhəmiyyətli bir qismini, əlbəttə ki, jurnalistlərimizin, kollektivimizin mükafatlandırılmasına, digər bir qismini müəyyən texniki təchizatımızın yaxşılaşdırılmasına ayıracağıq. Bir hissəsini ayrı-ayrı əməkdaşlarımızın fərdi problemlərinin həll olunmasına yardım qismində xərcləyəcəyik. Müəyyən hissəsini mükafatlar şəklində kollektivimizin üzvlərinə təqdim edəcəyik. Qalan hissəsini isə redaksiyasımızın digər tələbatlarına ayıracağıq.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı
Elçin Mirzəbəyli:
- Qeyd edim ki, bu, mənim üçün böyük bir sürpriz oldu. Bu baxımdan da, əlbəttə ki, Azərbaycan dövlətinin başçısına öz təşəkkürümü bildirirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, bundan sonra da fəaliyyətimizdə Azərbaycan mətbuatının inkişafında əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən təkcə təltif olunma faktoruna yox, bütün qəbul edilən fərman və sərəncamlara kompleks şəkildə yanaşmaq lazımdır. Bu sərəncamlar Azərbaycan Respublikası prezidentinin mətbuatın inkişafı ilə bağlı qəbul etdiyi konsepsiyanın addım-addım həyata keçməsini göstərir.
Burada jurnalistlərin sosial şəraitlərinin, mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı vəsaitlərin ayrılması və həm də qəzet redaksiyalarına birdəfəlik yardımların verilməsi, onu sübuta yetirir ki, Azərbaycan dövləti öz mətbuatının həmişə arxasındadır və mətbuat da öz dövlətinə söykənərək öz inkişafını tam arxayın bir şəkildə davam etdirə bilər. Həm də Azərbaycanda söz və mətbuat azadlığına olan yüksək qayğının göstəricisi kimi, qiymətləndirilməlidir.
Fikrimcə, bu, çox büyük bir addımdır. Yəni əslində atılan bu addım Azərbaycan mətbuatının, bu gün ən böyük problemlərindən biri, uzun illərdi ki, media sahəsində çalışan insanların evsizlik problemidir. Əgər yaradıcı insanın mənzil problemi varsa, məişətlə bağlı problemləri varsa, təbii ki, o yaradıcılığına kifayət qədər diqqət yetirə bilmir, öz peşəkarlığının artırılmasında müəyyən problemlər yaranır. Bu baxımdan jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ayrılan 5 mln man vəsait, hesab edirəm ki, yənə də birmənalı şəkildə Azərbaycan dövlətinin jurnalistlərin bütün problemlərini diqqət və qayğı ilə yanaşdığını göstərir.
Bu fakt, hesab edirəm ki, davam edəcək və mətbuat nümayəndələrinin sosial qayğılarının azaldılması istiqamətində yeni addımların atılması gözlənilir. Ancaq faktın özü də çox yüksək qiymətləndirilməlidir. Analoqu olmayan və digər dövlətlərdə rastlaşmadığımız bir hadisədir ki, dövlət öz mətbuatının sosial problemlərinə, məişət problemlərinə bu qədər diqqətlə yanaşsın. Hesab edirəm ki, ayrılan vəsaitlər nəticəsində tikiləcək mənzillər jurnalistlərin problemlərinin aradan qaldırılmasına yardım göstərəcək.
- "Bakı Xəbər" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı Aydın Quliyev:
Cənab Prezidentin imzaladığı bu iki sənəd - mətbuat işçilərinə fəxri adların verilməsi haqqında fərman və jurnalistlərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam, mətbuatın inkişafının, heç şübhəsiz ki, öz müsbət təsirini göstərəcək. Mətbuatımızın 135 illik yubileyi günün də həmkarlarımızın mükafatlandırılması, onlar tərəfindən böyük sevinc və rəğbətlə qarşılanıb. Bunu yalnız və yalnız dövlətimizin, başda cənab Prezident olmaqla, ölkə rəhbərliyinin mətbuata göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirmək lazımdır. Mən də, öz növbəmdə, mənə göstərilən diqqətə görə ölkə başçısına böyük minnətdarlığımı bildirirəm. İnanıram ki, dövlət tərəfindən mətbuat işçilərinin mükafatlandırılması və onlara fəxri adların verilməsi və bununla yanaşı, ayrı-ayrı qəzetlərə, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının ayrılması mətbuatımızın gələcək inkişafına böyük və müsbət zəmin yaratmış olacaq.
Burada əsas məqam ondan ibarətdir ki, bu mükafatların verilməsində heç bir qəzetin hansı siyasi mənsubiyyətə malik olması nəzərə alınmamış, istər müxalif, istərsə də iqtidaryönümlü mətbuat orqanları eyni səviyyədə mükafatlandırılmışdır. Bu isə, bir daha onu göstərir ki, dövlətimiz ölkədə söz azadlığının mətbuatın yüksək səviyyədə inkişafını əsas tutur, vətəndaş cəmiyyətinin inkişafında mətbuatın rolunu yüksək qiymətləndirərək mətbuata diqqət və qayğının göstərilməsini dövlət siyasətinin mühüm bir hissəsi kimi, hər zaman diqqətdə saxlayır. Bir daha qeyd etmək istəyirəm ki, ölkə başçısı tərəfindən mətbuatımıza göstərilən bu diqqət Azərbaycan mətbuatının istər maddi-texniki bazasının, istərsə də peşəkarlığının artmasına öz müsbət təsirini göstərəcək.
"Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar journalist Şəmsiyyə Kərimova:
- İlk növbədə, mənə verilən fəxri ada görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mətbuat işçilərinin öz üzərində Prezident tərəfindən qayğı və diqqəti hiss etməsi üçün verilən mükafatlar və fəxri adlar çox böyük önəm kəsb edir. Mətbuatın 135 illik yubileyi münasibətilə Prezident tərəfindən onun ehtiyat fondundan qəzet redaksiyalarına və informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının ayrılması, bir daha onu sübüt etdi ki, ölkəmizdə daim mətbuat və mətbuat işçilərinə yüksək diqqət göstərilir. Onların sosial durumlarını yaxşılaşdırmaq da dövlətimiz tərəfindən həyata keçirilən siyasətin əhəmiyyətli tərəflərindən birini təşkil edir. Məhz bundan irəli gəlir ki, mətbuat işçilərinin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Prezident tərəfindən 5 mln manat ayrıldı. Bütün bunlar çox yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, dövlət başçısı tərəfindən verilən maliyyə yardımları müasir mətbuatımızın gələcək inkişafına öz müsbət təsirini göstərəcək və mətubatda yer alan neqativ halların, problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə öz töhfəsini vermiş olacaq. Görülən işlər, verilən sərəncamlar da məhz buna hesablanmışdır. Prezidentimiz tərəfindən verilən sərəncamların Azərbaycan mətbuatının inkişafına yönəldiyini göstərən daha bir amil də ondan ibarətdir ki, ayrılan maliyyə vəsaitləri və verilən fəxri adlar təkcə dövlət və iqtidaryönümlü qəzetlərə deyil, eyni zamanda, dövlətə qarşı müxalif mövqe tutan mətbuat orqanlarına da şamil olundu. Bu isə bir daha demokratik cəmiyyətin qurulmasına yönəldilmiş siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Biz mətbuat işçiləri də, öz növbəmizdə, bizə göstərilən yüksək diqqət və qayğını dəyərləndirməli, öz fəaliyyətimizdə bizə qarşı göstərilən etimadı doğrultmalıyıq.
"Həftə İçi" qəzetinin baş redaktoru, "Tərəqqi" medalı mükafatçısı, Sevinc Seyidova:
- Mən 1993-ci ildən bəri Azərbaycan mətbuatında çalışıram. Yəni 12 ildir ki, "Həftə İçi" qəzetinə rəhbərlik edirəm. Demək ki, mənim də Azərbaycan mətbuatının inkişafında azacıq da olsa, xidmətin var. Cənab Prezident İlham Əliyevin milli mətbuatın 135 illiyi ilə bağlı sərəncam imzalayanda ki, bu yubiley, dövlət səviyəsində qeyd olunsun və bu təltiflərlə bağlı təqdimatlar verilsin, təbii ki, mən də öz-özlüyümdə fikirləşirdim ki, ən azından mənim də bu mətbuatda xidmətlərim olubdur. Ona görə də, əlbəttə ki, gözləyirdim ki, bu mükafat alanların adların arasında mənim də adım olacaqdır. Güman edirəm ki, öz vətənini, ölkəsini və peşəsini sevən jurnalist üçün sözügedən mükafat ən ali mükafatdır məhz ölkə başcısı tərəfindən məhz verilən mükafatdır. Yəni biz bir çox digər təşkilatlar tərəfindən mükafatlar alırıq. Amma ölkə başçısı tərəfindən verilən mükafatı mən çox yüksək qiymətələndirirəm.
Fikrimcə, bu məsələ də gözlənilən idi. Çünki necə müddət idi ki, sözügedən məsələ ətrafında diskursiyalar gedirdi, söhbətlər aparılırdı və məsələlər qaldırılırdı ki, həqiqətən də jurnalistlər sosial vəziyyətləri ən aşağı təbəqədir demək olar ki, Azərbaycanda. Bu məsələ ona görə aktualdır ki, bildiyiniz kimi, bütün qəzetlərdə bölgələrdə olan jurnalitlər çalışır və bölgədən olan jurnalistin təbii ki, Bakıda mənzil problemi var, qeydiyat məsələsi var. Bu da çox mühüm məsələdir. Çünki bildiyiniz kimi, jurnalistlər mükafatlarla təltif olunurlar. Bu zaman qeydiyyat məsələsi bəzən problemlər yaradır. Bundan başqa ailəli jurnalistlərimiz var və yaxıud ailə qurmaq istəyənlər var. Bir sözlə hesab edirəm ki, dövlət tərəfindən bu da bir qayğıdır ki, jurnalistlərin mənzil şəraitinin yaşxılaşdırılması ilə bağlı belə bir sərəncam imzalandı. Lakini burada da bəzi məqamlar var ki, onların da həllində gərək redaksiyalar böyük bir diqqətlə yanaşsınlar. Belə ki, ölkədə kifayət qədər jurnalist fəaliyyat göstərir. Mən istərdim ki, məsələ həll edilən zaman həqiqətən də evə ehtiyacı olan jurnalistlər bundan bəhrələnsin.