Bildiyiniz kimi, milli mətbuatın 135 illiyi ilə əlaqədar olaraq, tədbirlər keçirilir. Bu tədbirlərdə redaksiya olaraq, siz necə iştirak edirsiniz? Azərbaycan mətbuatının hazırkı durumunu necə qiyymətləndirirsiniz? Bu suallarla bağlı "Yeni Azərbaycan" və "Paritet" qəzetlərinin baş redaktorlarına müraciət etdik.
Hikmət Babaoğlu,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru:
- Əvvəla, mən sizi və bütün həmkarlarımı, Azərbaycan mətbuatının yaranmasının 135 illik yubileyi münasibətilə təbrik edirəm. Milli mətbuatın yaradılması təkcə Azərbaycan mətbuatının tarixində deyil, mən belə düşünürəm ki, Azərbaycan xalqının tarixində mühüm hadisədir. Azərbaycan dövlətinə və cənab Prezidentə bütün mətbuat ictimaiyyəti adından təşəkürümü bildirmək istəyirəm ki, mətbuatın yaradılmasının 135 illiyi münasibətilə xüsusi sərəncam imzaladı və Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev bu sərəncamın həyata keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq etdi. Bu çərçivədə çox böyük tədbirlər keçirildi. Burada ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, sərəncam təkcə mətbuata konkret yardımların göstərilməsi, mətbuat işçilərinin təltif edilməsi və s. bu kimi işlərlə məhdudlaşmır. Bu sərəncam Azərbaycan ictimaiyyətinin diqqətini, Azərbaycanın müxtəlif ictimai-siyasi institutlarının, biznes qurumlarının, iqtisadi strukturlarının diqqətini bir daha ölkə mətbuatının fəaliyyətinə cəlb etdi. Sərəncamın imzalanmasının məqsədlərindən biri də mətbuatın ictimai populyarlığını artırmaq məqsədi daşıyırdı. Hesab edirəm ki, sərəncam imzalanandan bu günədək keçirilən tədbirlər məhz Azərbaycan ictimaiyyətinin diqqətini bu sahəyə cəmləşdirə bildi. Çünki mətbuat və mətbuat işçiləri cəmiyyətin davamı və öndə gedənidir. Eyni zamanda, mətbuat cəmiyyəti istiqamətləndirən və onu yönləndirən aparıcı ictimai-siyasi institutlardan biridir. Ona görə də cəmiyyətlə mətbuat arasında münasibətlərin yeni keyfiyyətdə qurulması və bu münasibətləri tənzimləyən yeni mexanizmin formalaşmasına ehtiyac vardır. Hesab edirəm ki, məhz bu sərəncamdan və yubiley tədbirlərdən sonra ölkəmizdə ictimaiyyətlə mətbuat arasındakı, münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri formalaşacaqdır.
Bildiyiniz kimi, ölkə mətbuatının maddi əsasları qaneedici deyil. Əlbəttə ki, cənab Prezidentimiz fərman imzalayıb, KİV-lərə Dövlət Dəstəyi Fondu yaradılıb, mətbuat vasitələrinə böyük miqdarda maliyyə vəsaiti ayrılıb. Amma bu, kifayət deyil. Mətbuatın təbii inkişafı o zaman baş verəcək ki, mətbuat xidmət etdiyi cəmiyyətdən qidalansın. Onu qidalandıran resurslar isə bayaq adını çəkdiyimiz qurumlardır. Yəni onların mətbuatla sıx əməkdaşlığı və reklam sayəsində mətbuatın maddi bazası formalaşa və daimi ola bilər. Lakin bu qurumlar bir növ Azərbaycanda sovet dövründə belə bir ənənə olmadığına görə, psixoloji baxımdan buna hazır deyillər. Bunun əhəmiyyətini lazımınca qiymətləndirə bilmirlər. Əgər belə bir biznes təmsilçiləri, maliyyə institutları təmsilçiləri, istesalçıları təmsil edən belə bir zümrə formalaşacaqsa, onda Azərbaycan mətbuatının maddi problemləri həll olunacaqdır. Bununla da dediyimiz yeni mexanizm formalaşacaqdır. Əminəm ki, Prezidentin imzaladığı fərmandan sonra bu istiqamətdə addımlar atılacaqdır. Amma məsələ təkcə bundan ibarət deyil. Azərbaycanın çoxlu sayda ictimai təşkilatları, ictimai-siyasi institutları, çoxlu sayda təsisat və qurumları, hətta müxtəlif icra strukturları mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirir. Bir sıra rayonlarda keçirilən tədbirlərdə iştirak etmişik. Müxtəlif media qurumlarının, radio və televiziyalarının bayram münasibəti ilə təşkil etdiyi tədbirlərdə iştirak etmişik. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının daima mətbuata xüsusi diqqət göstərən ölkəmizin ən aparıcı siyasi partiyası kimi, onun keçirdiyi tədbirlərdə iştirak etmişik və s.
Ümumilikdə, hesab edirəm ki, Azərbaycanda bu günlərdə bir bayram əhval-ruhiyyəsi var və bu, təkcə mətbuat işçilərinin deyil, bütün xalqın əhval-ruhiyyəsidir. Bir sözlə hesab edirəm ki, bu, məhz Azərbaycan mətbuatının gələcəkdə inkişafına dəstək ola biləcək əsas faktorlardan biridir.
Fikrimcə, heç bir inkişaf etmiş cəmiyyətdə, inkişaf etməmiş mətbuat ola bilməz. Və yaxud da, əksinə. Bu gün Azərbaycan cəmiyyətinin inkişaf meyilləri hansı səviyyədədirsə, mətbuatın da inkişaf meyilləri həmin səviyyədədir. Əlbəttə ki, cəmiyyətin aparıcı institutu olduğu üçün, bir addım qabaqdadır. Amma kəskin fərq yoxdur. Ölkə mətbuatı bu gün regionumuzda və bizimlə müqayisə edilə biləcək MDB ölkələri içərisində, hansı ki, müstəqil mətbuat dövrü, eyni mərhələdə başlayıb. Hesab edirəm ki, Azərbaycan ön sıradadır. Məncə, bu, qaneedicidir. Amma eyni zamanda, əlbəttə ki, mətbuatın ümumi inkişafı, mətbuata yeni ənənələrin gətirilməsi, mətbuatın nüfuzunun bərpa olunması, mətbuatın intellektual bir orduya çevrilməsi prosesi daim getməlidir.
Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:
- Milli mətbuatın 135 illiyi ilə bağlı olaraq, keçirilən tədbirlərdə dəvət olunduğumuz qədər bütün tədbirlərdə iştirak etməyə çalışırıq. Sözügedən bu yubiley ilə bağlı bizim redaksiyanın əməkdaşları da bir neçə təşkilatlar tərəfindən mükafatlandırılıb.
Bildiyiniz kimi, Azərbaycan mətbuatının hazırkı durumu keçən illərdən üzübəri dönə-dönə müzakirə olunubdur və düşdüyü durumdan çıxmaq üçün istər dövlət tərəfindən, istərsə də jurnalistlər tərəfindən müəyyən addımlar atılıbdır. Burada jurnalistlər tərəfindən atılan addım, Mətbuat Şurasının yaradılması ideyasının ortaya atılması və yaradılıb başa çatması idi. Dövlət tərəfindən atılan addım isə KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması idi. Bildiyiniz kimi, yaradılan bu fond bir neçə ildir ki fəaliyyət göstərir. Sözügedən fondun xətti ilə qəzetlərə birdəfəlik yardımlar ayrılıb və bu fond bir neçə dəfə dövlət müsabiqələri elan edib. Bir sözlə, bu, dövlətin mətbuatın inkişafına doğru atdığı bir addımdır.