"Avropa İttifaqının üzvü kimi Portuqaliya Azərbaycanla əməkdaşlığa böyük önəm verir"
Dünən xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Portuqaliyanın xarici işlər naziri Luis Amado ilə görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsələlər haqqında məlumat veriblər. E.Məmmədyarov bildirib ki, bu səfər Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlığa böyük imkan yaradacaq. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə portuqaliyalı qonağa məlumat verilib, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanıb. Bundan əlavə, görüşdə Azərbaycan ilə Portuqaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında iki sənəd imzalanıb. Portuqaliyanın xarici işlər naziri qeyd edib ki, region çox dinamik inkişaf yolundadır. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsündə fəal iştirak edir. Avropa İttifaqının üzvü kimi Portuqaliya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir.
L.Amado Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Portuqaliyanın mövqeyinin Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayıb: "Biz ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı gördüyü tədbirləri də dəstəkləyirik. Regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik". Nazir Elmar Məmmədyarov iyulun 16-17-də Almatıda keçiriləcək ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə toxunaraq bildirib ki, tədbir çərçivəsində ermənistanlı həmkarı Edvard Nalbandyan ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak edəcəkləri görüşdə yenilənmiş Madrid prinsipləri ətrafında fikir mübadiləsi aparılacaq.