PDF Oxu

Əsas

  • 8

Radikal müxalifətin sosial bazası yox dərəcəsindədir

Radikal müxalifətin sosial bazası yox dərəcəsindədir
Qarşıdakı parlament seçkilərinin vaxtı azaldıqca radikal düşərgədə cərəyan edən gərgin proseslər daha da kəskin hal alır. Səbəb isə seçkiərəfəsi partiya üzvlərinin müxalifət partiyalardan getməsi və radikalların sosial bazasının zəifləməsidir.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə verdiyi açıqlamasında müxalifətin sosial bazası olmadığını və olmayan bazanın da tam dağıldığını söylədi. A.Mirzəzadə son günlər müxalifətin keçirmək istədiyi və baş tutmayan aksiyalar barədə də öz fikrini bildirdi: "Əgər aksiyalarını qanunla göstərilən yerlərdə keçirməyə razılıq versələr, nə qədər zəif olduqları ortaya çıxacaq. Çünki qanunun tələblərinə görə, kütləvi aksiyalar keçirmək müxalifətin hüququdur. Bununla bağlı, sadəcə, qanunda göstərilmiş prosedurları gözləmək lazımdır".
Yaxın 10 gün ərzində müxalifətin iki kütləvi aksiya keçirmək planlarına münasibət bildirən A.Mirzəzadə radikal düşərgənin mitinqinə ictimaiyyətin mənfi münasibətdə olduğunu da söylədi: "Müxalifətin kütləvi aksiyalar keçirmək hüququ həmişə qanunla qorunub və qorunacaq. Bu, normal bir haldır. Amma iş burasındadır ki, müxalifət əsasən seçki öncəsi dövrlərdə aksiyalar keçirməyə və bunu siyasi şouya çevirməyə cəhd edir. Amma radikallar bu hərəkətləri ilə ictimaiyyətin onlara olan nifrətini artırırlar. Çünki daha çox konflikt yaratmağa və hüquq-mühafizə orqanları ilə daha çox toqquşmaya getməyə, daha sonra bunları guya insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışırlar".
YAP Siyasi Şurasının üzvü hesab edir ki, müxalifət bu kimi addımlarla öz mövcudluğunu kimlərinsə yadına salmağa çalışır: "Ya da mənbəyi cəmiyyətə bəlli olmayan, amma özlərinə yaxşı bələd olan yerlərdən qrant alıb, fəaliyyət göstərdiklərini onlara nümayiş etdirmək istəyirlər."
Millət vəkili onu da bildirib ki, müxalifətin əsas məqsədi kütləvi aksiya keçirmək deyil: "Onların əsas məqsədi toqquşma yaratmaq, şou göstərmək və sonra beynəlxalq təşkilatlara şikayət etməkdir."
A.Mirzəzadə müxalifətin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan yerlərdə icazəli aksiyalar keçirməkdən imtina etməsinə də aydınlıq gətirdi: "Əgər aksiyalarını həmin yerlərdə keçirməyə razılıq versələr, nə qədər zəif olduqları ortaya çıxacaq. Çünki aksiyaya heç olmasa bir neçə yüz adam çıxarmaq lazımdır ki, bunu da edə bilməyəcəklər. Aksiyada ciddi əsaslandırılmış, cəmiyyətin diqqətini cəlb edə biləcək şüarlar səsləndirilməlidir, bunlar da bizim müxalifətdə yoxdur. Digər tərəfdən, qanunun tələblərinə uyğun aksiyalar keçirsələr, onların əlində kimlərisə ittiham etməyə bəhanə qalmayacaq. Qanunsuz aksiyalarla, hüquq-mühafizə orqanlarıyla toqquşmaya cəhd etməklə, onların nəzərincə, nəsə əldə edirlər. Ancaq bütün bunlar cəmiyyətə maraqlı deyil. Cəmiyyətin problemlərini həll etmək üçün ortaya ciddi proqramlar qoymaq lazımdır".
"Yurddaş" Partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bunun xalqın müxalifətə inamsızlığı ilə bağlı olduğunu bildirdi: " Xalqımız 15 ildən artıqdır ki, radikallara yox deyir. Çünki Azərbaycan xalqı onların iç üzünə bələddir. Ölkə vətəndaşlarının inandığı bir şəxsiyyət var, bu da ulu öndərimizin uğurlu siyasətinin, işıqlı ideyalarının layiqli davamçısı cənab İlham Əliyevdir. O, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının lideridir. Xalq müxalifət qüvvələrini deyil, Prezident İlham Əliyevi dəstəkləyir və hər zaman Onunla birlik nümayiş etdirir. Real həqiqət budur".
Müxalifətin birlik və ya blok şəklində birləşməsinə gəlincə isə "Müxalifət nə vaxt bir olub ki, indi də bir ola. Şəxsən mən onların birliyinə inanmıram. Onlar üzdə bir-birlərinə "dost" desələr də, əslində, onlar hər zaman bir-birlərinin ayaqlarının altını qazmaqla məşğuldurlar. Budurmu onların birliyi? Həm də onlar blok şəklində birləşsələr belə, heç nəyə nail olmayacaqlar" deyə M.Səfərli vurğuladı: "Ötən seçkilərdə, "blok" yaradan müxalifət nə əldə etdi ki, qarşıdakı parlament seçkilərində nə əldə etsin? "Azərbaycanda konstruktiv müxalifət də mövcuddur. Parlamentdə təmsil olunan, eləcə də, ölkədə keçirilən seçkilərdə iştirak edən müxalifəti konstruktiv müxalifət hesab etmək olar. Lakin söhbət radikal müxalifətdən gedirsə, mən yenə deyirəm ki, onlar həmişə ağa qara deməklə məşğuldurlar. Yəni, onların 16-17 ildən artıq "siyasi fəaliyyəti bundan ibarətdir".
"Yurddaş" Partiyasının sədri radikalların bu ilin payızında ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirakı məsələsinə də münasibət bildirdi: "İndiyə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə - prezident, parlament və eləcə də, bələdiyyə seçkilərində ağır məğlubiyyətə uğrayan müxalifət, indi də blok şəklində parlament seçkilərində iştirak etmək istəyir. Əvvəla, onu qeyd edim ki, radikalların sosial bazası yox dərəcəsindədir. Belə olan halda, onların istər blok, istərsə də tək şəkildə seçkilərə qatılmasının heç bir mənası yoxdur. Onsuz da xalq onlara yenə yox deyəcək. Çünki Azərbaycan xalqı radikalları heç zaman normal qüvvə hesab etmir. Məhz bütün bunların nəticəsidir ki, radikallar uzun illərdir ki, məğlub olurlar, elektoratını itiriblər. Buna görə də, mən belə hesab edirəm ki, radikal müxalif qüvvələrin seçkilərdə iştirakı heç bir nəticə verməyəcək".

Digər xəbərlər