PDF Oxu

Əsas

  • 12

VƏTƏN EŞQİLƏ ÇIRPINAN ÜRƏK...

VƏTƏN EŞQİLƏ ÇIRPINAN ÜRƏK...

Naxçıvan Tanrının sığal çəkdiyi, gözəlliyini, bərəkətini əsirgəmədiyi əsrərəngiz yerlərdən, dünyanın möcüzəli torpaqlarından biridir. Bu yurda yaz gələndə təbiət bütün canıyla dirçəlir, çaylar şahə qalxır, dağlar daha qürurlu olur, insanlar daha xoş əhvala köklənir. Bahar hamını və hər yeri öz məlahəti və mərhəməti ilə mükafatlandırır. İllər keçsə də, insanlar bir-birini əvəz etsə də, dünyada və ətrafımızda bir çox şeylər dəyişsə də təbiət və onun münasibəti dəyişmir...
1969-cu il... Martın ilk günü... İlk baharın təzə-tər nəfəsi Sədərəyin hər qarışına yeni bir ruh, yeni bir rəng qatıb. Amma Heydər kişinin ailəsinə tamam fərqli bir Sevinc tamam ayrı bir xoşbəxtlik də üz vermişdi. Dünyaya yeni gələn körpənin səsi həyət-bacanı başına götürmüşdü. Körpə çığırtısını başına atdıqca hamı gülümsəyirdi. Tanrı bu evə oğul payı vermişdi. Bundan gözəl hədiyyə nə ola bilərdi? Anası Həvva xanım körpəni bağrına basıb, qoxlayır, baharın, dünyanın bütün ətirlərindən daha doğma, daha əziz-övlad qoxusunu, bala ətrini ciyərlərinə çəkirdi...
Görəsən, uşaq dünyaya gələndə niyə ağlayır? Bu suala minilliklər boyu neçə alim, neçə şair, neçə mütəfəkkir cavab verməyə çalışıb. Bütün bu fikirlərdən çıxış edib, belə bir ortaq məxrəcə gəlmək olar ki, intuitiv olaraq bütün ömür yolunu, keçəcəyi çətinlikləri hiss edir. Ona görə də ağlayır. Başbilənlər onu da deyir ki, evin bərəkəti uşaq səsidir.
Nağıl dili yüyrək olar deyirlər. İnsan ömrü də nağıl kimidir: gözünü açıb-yumub bir də görürsən ki, günlər ayları, aylar illəri qovub arxada qoyub. Əsas odur ki, Tanrıdan bir dəfə verilən bu ömür payını yaşayasan, ailənə, nəslinə, xalqına, vətəninə layiq yaşayasan... Uşağın adını Mirəkbər qoydular. Atasının nəsihətləri, anası Həvva xanımın tumarıyla böyüdü. Uşaqlığı bütün uşaqlarda olduğu kimi idi. Az qala kəndin bütün yolları, cığırları onun yalın ayaq izlərini əzbərdən tanıyırdı. Hamının sevimlisi, qohum-qonşunun istəklisiydi.
Bu da məktəb illəri... Kitabla ilk tanışlıq... həmişə xoş bir giziltiylə xatırladığı məktəb yoldaşları, müəllimləri... Və nəhayət, elə bir zaman yetişir ki, nə qədər istəməsən də, ayrılmaq məcburiyyətindəsən. Həyat səni qabağa, gələcəyə səsləyir. Son zəng... Yeniyetməliyin, gəncliyin qayğısız, romantik dönəmi arxada qaldı. Hələ neçə-neçə sınaq gözləyir səni. Hələ neçə-neçə maneələri aşmalısan, sınaqlardan üzüağ çıxmalısan. Həyat onun qarşısında əyilənləri, geri çəkilənləri heç vaxt bağışlamır...
1987-ci il... 18 yaşlı Mirəkbəri toy-bayramla əsgərliyə yola salırlar. Həvva xanım kövrəlib. Heydər kişi isə özünü şax tutur. Nəsihətlərini verir. Kəndin əsgərlik görmüş cavanları da öz məsləhətlərini verir. Sinif yoldaşları, dostları da burdadır. Mirəkbər isə özünə arxayındır. "Narahat olmayın"- deyir...
Mirəkbər sözünün üstündə dayanır. Keçmiş SSRİ-nin Kuybışev vilayətinin (indiki Samara) Çapayev şəhərində hərbi xidmətini əsil qafqazlıya məxsus məğrurluqla keçirir. Təkcə özünün deyil, həm ailəsinin, həm də bütün Azərbaycanın başını uca edir.
1989-cu ildə əsgərliyini başa vurub Düşənbəyə - qardaşlarının yanına yola düşür. Artıq yeni həyata başlamağın zamanı gəldiyini yaxşı başa düşürdü.
Dövr elə gətirmişdi ki, təkcə dünya deyil, SSRİ də sürətlə dəyişirdi. Zamanın nəbzini tutmaq, büdrəməmək lazım idi. 2 ay burda qalıb özünü xırda ticarətdə sınamağa çalışır. Bu, ona ilkin təcrübə qazandırır. Az sonra hiss edir ki, böyük üfüqlərə yetmək üçün daha böyük meydana ehtiyac var. Beləcə, Rusiyaya-Novosibirskə köçür...
Harda olursa-olsun, hər zaman atasının öyüdləri nəsihətləri mayak göstərəni oldu. Qəriblikdə təkcə özünü deyil, həm də bütün Azərbaycanı təmsil etdiyini unutmadı. Hər addımını atanda ölçüb-biçdi.
1993-cü ildə isə ailə həyatı qurdu. Yaxın qohumu Məlahət xanım da öz ziyalılığı, öz mədəniyyəti və vətənə bağlılığı ilə Mirəkbərə təkcə həyat yoldaşı deyil, həm də etibarlı bir həmkar, silahdaş oldu.
Əlaqələr genişləndikcə, dostların, tanışların sırası artdıqca Azərbaycan adına amallar, məqsədlər, hədəflər də möhkəmləndi. Artıq 1991-ci ildən Azərbaycan müstəqil respublikaya çevrilmişdi. Ermənilər öz xislətlərini yenə üzə çıxarmışdır. Azərbaycanın tarixi torpaqlarını ələ keçirmək üçün işğalçılıq siyasəti yürüdür, öz beynəlxalq havadarlarına arxalanaraq zor gücünə "böyük Ermənistan" planını Azərbaycan torpaqları hesabına gerçəkləşdirmək istəyirdilər. Qarabağdan hər gün sarsıdıcı xəbərlər gəlirdi, Azərbaycan böyük bir meydanda tək qalmışdı. Həmişə qonaqpərvərliyi, sadəliyi və mehribançılığı ilə seçilən və bütün qonşularını da öz ürəyi ilə ölçən, keçmiş yaralarını tez unudan Azərbaycan xalqı müharibəyə hazır deyildi. Dünyanın ən böyük diasporalarından birinə sahib olan ermənilərlə müqayisədə dünyaya səpələnən azərbaycanlılar hələ də birləşə bilmir, vahid mövqe ortaya qoymağa çətinlik çəkirdilər. Vaxt isə gözləmirdi. Mirəkbər bütün bunları kənardan bir müşahidəçi kimi seyr edə bilməzdi. Vətəni dar günündə tək qoymamaq, ona əlindən gələn köməyi etmək lazım idi. Mirəkbər qərarını verdi. Bütün əlaqələrindən, vilayət və şəhər rəhbərliyi ilə olan münasibətlərdən yaxşı mənada bəhrələnərək, tədricən Azərbaycan diasporasının təşəkkül tapması və formalaşması istiqamətində ağır və məsuliyyətli bir işə girişdi. Azərbaycana hər gəlişində maliyyə yardımları, dava-dərman gətirməyi də unutmadı. Bütün rəsmi toplantı və yığıncaqlarda Azərbaycan həqiqətlərinin carçısına çevrildi. Bu gün Novosibirskdə yaşayan azərbaycanlıların birləşib, Rusiyada ən güclü diaspora təşkilatlarından birini yaratmasında onun misilsiz xidmətləri və rolu var. Bu gün Qarabağ müharibəsində atəşkəs hökm sürsə də, hər bir azərbaycanlı kimi, Mirəkbər də yaxşı başa düşür ki, bu kövrək sülhün hər zaman pozulmaq ehtimalı var. Azərbaycanın işğal altında qalan 20 faiz torpağı qaytarılmayınca, şəhidlərin, Xocalı qurbanlarının qisası alınmayınca, ərazi bütövlüyümüz bərpa olunmayınca həqiqətin təntənəsindən danışmaq hələ tezdir. Həm ümummilli lider Heydər Əliyev, həm də Onun mənəvi və siyasi varisi, Prezident İlham Əliyev də öz çıxışlarında dönə-dönə vurğulayıblar ki, bu torpaqları sülh və danışıqla qaytarmaq mümkün olmasa, müharibə ilə qaytarmalı odur ki, təkcə Milli Ordumuz deyil, harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı da müharibəyə hazır olmalıdır. Zəngin həyat təcrübəsi keçmiş Mirəkbər də bunu yaxşı bilirdi. Ürəyi vətən yanğısı ilə aşıb-daşan Mirəkbər ölkə başçısının yeritdiyi siyasəti öz fəaliyyətində əsas tutaraq, bütün səylərini bu istiqamətdə birləşdirdi. Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun əsası belə qoyuldu. Özü ilə bahəm digər azərbaycanlı iş adamlarını da bu xeyriyyə fondu ətrafında birləşdirərək, bu gün də Azərbaycan naminə çalışmaqda davam edir.
Mirəkbər bir iş adamı kimi günü bu gün Novosibirskdə təkcə biznes fəaliyyətilə məşğul deyil. Həm də Azərbaycan mədəniyyətinin, ziyalılarının təbliği ilə məşğuldur. "Ən böyük arzum Qarabağın sülh yolu ilə, heç bir vətən övladının qanı tökülmədən azad olunmasıdır" deyir. İki uşağı Təhminə və Mirhəsəni də əsil vətənpərvər ruhda böyüdür, onların yaxşı təhsil almasının qayğısına qalır. Bilir ki, müstəqilliyini yeni əldə etmiş və hər cür məhrumiyyətlərə sinə gərmiş doğma Azərbaycanın savadlı kadrlara böyük ehtiyacı var.
2003-cü ildə Həvva xanım ömrünü övladlarına bağışlayıb dünyasını dəyişdi, torpağa qovuşub vətənləşdi. İndi Azərbaycan, Vətən Mirəkbər üçün həm də "ana" deməkdir, beşiyinin başında səslənən bayatı deməkdir. Bayatılaşan, ANAlaşan vətən - indi onu daha çox sevmək, daha çox qorumaq, ürəyini onun yolunda daha çox oda vermək lazımdır. Bu gün Mirəkbər "Ana vətən" deyəndə ürəyi iki yerdən sızıldayır.
Azərbaycan təkcə nefti və digər sərvətlərilə deyil, həm də öz dəyərli insanları, ziyalıları və iş adamları ilə zəngindir. Xoşbəxt o ölkədir ki, onun ən böyük sərvəti insandır. Bu mənada Azərbaycan fəxr edə bilər. Fəxr edə bilər ki, onun xarici ölkələrdə hər gün, hər an Azərbaycan üçün çalışan, ürəyi Azərbaycan eşqi ilə çırpınan Mirəkbər kimi oğulları var. Onların hər biri həm də öz vətəninin SƏFİRləridir.


Məqalə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Rusiya Federasiyasının Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı daimi Nümayəndəliyi və Mətbuat Şurasının Milli Mətbuatımızın 135 illiyi ilə bağlı keçirdiyi müsabiqəyə təqdim edilmək üçün verilir.

Digər xəbərlər