PDF Oxu

Əsas

  • 17

Azərbaycanın uğurlu gələcəyi təmin olunub

Azərbaycanın uğurlu gələcəyi təmin olunub

Fərrux Haqverdiyev: "Zaman keçdikcə ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü daha aydın görünür"

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev iyul ayının Azərbaycan tarixində bir hadisə ilə daha çox yadda qaldığını bildirdi:

- 41 il bundan əvvəl, Azərbaycan xalqının tarixində və taleyində əhəmiyyətli dönüş başlandı. 41 il əvvəl Azərbaycanda insanlar dərk edirdilər ki, ölkənin ciddi dəyişməsinə ehtiyac var. Ola bilsin ki, o zaman bunu açıq şəkildə bildirmək qəbul olunmamışdı. Amma bu dəyişikliyə ehtiyac hiss olunurdu. Ümummilli Liderimiz Heydər Əliyev 41 il bundan əvvəl Azərbaycanın rəhbəri seçildi. Ulu Öndərimizin hakimiyyətə gəlişi Azərbaycanda ictimai, fərdi düşüncənin də dəyişilməsinə ehtiyacın olması ilə bilavasitə bağlı qəbul edilmiş qərar idi. Bu qərar qəbul edildikdən sonra Azərbaycan çox sürətlə dəyişdi. Söhbət yalnız ölkə iqtisadiyyatının qısa zamanda əhəmiyyətli dərəcədə inkişafından getmirdi. Bu, sənayenin, kənd təsərrüfatının inkişaf etməsində ifadə olunan yenilikdən daha çox bütövlükdə Azərbaycanın milli-mənəvi dəyərlər sisteminin dəyişməsində əks olunan dəyişikliklər idi. Bu dəyişikliklər olmasaydı, o zamankı cəmiyyəti daxildən sarsıdan qaydalar sındırılmasaydı, yəqin ki, çox qısa zamanda, Azərbaycan sürətlə inkişaf edə bilməzdi.
1969-cu ilin iyulunda Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdən respublikamız özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün həmin tarixdən 41 illik bir zaman keçir. Lakin xalqımızın orta və yaşlı nəsli həmin dövrü unutmayıb. Çünki Azərbaycan xalqının bir millət kimi inkişaf etməsi, respublikanın iqtisadi gücünün artması kimi tarixi proseslər məhz 1970-ci ildən start götürmüşdü. Həmin tarixi gündən Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulması üçün hələ sovetlər dönəmində bazanın yaradılmasıdır. Hələ ötən əsrin 70-80-ci illərində sovet dönəmində respublikamızın inkişafında böyük işlər görən Ümummilli Liderimiz Heydər Əliyev tariximizə qurucu insan kimi daxil olub. Məhz buna görə, Ulu Öndərimiz Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır. Böyük Öndərin ideyaları dövlətimiz və xalqımız üçün həmişə lazım olacaq. Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha əzəmətli görünəcək. Ümummilli Liderimiz Heydər Əliyevin dahiliyi, böyüklüyü ondadır ki, Onun xidmətləri təkcə Onun davamçıları, partiyasının üzvləri tərəfindən deyil, həm də bütün ölkə ziyalıları və dünyanın tanınmış şəxsləri tərəfindən etiraf olunur. Hamı qəbul edir ki, Azərbaycanın tərəqqisində Ümummilli Liderimiz Heydər Əliyevin rolu əvəzedilməzdir. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi mövzusunda hələ uzun illər müzakirələr aparılacaq. Amma fakt odur ki, müstəqil dövlətimizin möhkəmlənməsi üçün atılan addımların əhəmiyyəti çox böyükdür.
Müstəqil Azərbaycan dövlətinin qurulması prosesi Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərliyə gəlməsi ilə başlayıb. Hər bir xalq dünyada meydana çıxardığı böyük tarixi şəxsiyyətlərlə tanınır. İstər 70-ci illərdə, istərsə də, müstəqillik dövründə Azərbaycan xalqının dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə möhkəmlənməsində Ulu Öndərimiz Heydər Əliyev amili müstəsna rol oynayıb.

Ramiz Şabanov: "Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin baharı idi"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövləti qurmaq prosesinin 1960-cı illərdən başlanıldığını söylədi:

- Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövləti qurmaq prosesinin 1960-cı illərdən başlanılıb. O vaxtkı mübariz və savadlı gəncliyin formalaşmasında Onun böyük rolu olub. Ulu Öndərimiz Heydər Əliyev Mərkəzi Komitənin yeganə 1-ci katibi idi ki, Azərbaycanda milli dilimizdə nitq söyləyirdi- istər partiyanın tədbirlərində, istər Yazıçıların Qurultayında, istərsə də, digər dövlət əhəmiyyətli tədbirlərdə. O, yazıçılara milli problemlərimizə, Güney Azərbaycanla bağlı məsələlərə toxunmağı tapşırır, onlara lazımi istiqamət verirdi. Bu, o dövrdə çox böyük inqilabi hadisə, çox böyük bir cəsarət nümunəsi idi. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının yazılmasında, Xəlil Rzanın böyük vətənpərvər kimi formalaşmasında Ulu Öndərimiz Heydər Əliyevin tövsiyələrinin böyük rolu var. 1970-80-ci illərdə onun yaratdığı mühit öz bəhrəsini 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində verdi. Bu milli özünüdərkin məntiqi nəticəsi idi. 1970-ci illərdə başqa respublikalara təhsil almaq üçün azərbaycanlı tələbələrin göndərilməsi, hərbi məktəbin yaradılması və s. milli şüurun formalaşmasında ümummilli liderimizin göstərdiyi xidmətlərdəndir.
Bu gün Heydər Əliyevin bizə qoyub getdiyi güclü, müstəqil və zəngin Azərbaycan var. Bu ölkə artıq bütün dünyada özünə nüfuz qazanıb və dünya millətləri arasında millətimizin də imzası var. Bu imza Ümummilli Liderimiz Heydər Əliyevə məxsusdur. Çox gözəl haldır ki, Böyük Öndərimizin yaratdığı müstəqil və güclü yeni Azərbaycanı bu gün Prezidentimiz İlham Əliyev idarə edir, inkişaf etdirir, yeni tariximizi yazır. Ölkəmiz bu gün çox böyük inkişaf yolundadır. Azərbaycan artıq dünyanın güclü dövlətləri sırasındadır. Hazırda Azərbaycan Avropanın enerji təminatının qərargahına çevrilib.
Məlumdur ki, tarix şəxsiyyəti yaradır. Ulu Öndərimiz Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir. Ümummilli Liderimiz Heydər Əliyev zirvəsindən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.

Digər xəbərlər