"Təhsillə bağlı ən yaxşı yazı" müsabiqəsi qalibləri mükafatlandırılıb
Dünən Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi münasibətilə keçirilən "Təhsillə bağlı ən yaxşı yazı" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. SİA-nın xəbərinə görə, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil edilib.
Mükafatalndırma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, cəmiyyətin və ölkənin inkişafı üçün təhsil çöx önəmli vasitədir. Onun sözlərinə görə, bugünki mətbuatda təhsil sahəsinə çox mühüm yer verilir və bu sahədə maraqlı materiallar hazırlanır. Təhsildən yazan jurnalistlər arasında "iqtidar-müxalifət"in olmadığını deyən nazir hər kəsi bu fikirlə şərik olmağa çağırıb. O bildirib ki, bu müsabiqə Milli Mətbuatın 135 illiyi ilə ərəfəsində təşkil olunub. "Cənab Prezidentin də bu barədə xüsusi Sərəncamı var. Təhsil Nazirliyi olaraq Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birlikdə silsilə tədbirlər, iş planı hazırlanıb. Bu plan çərçivəsində təhsildən yazan mətbuat işçilərinin müsabiqəsi elan etmişdik. Bu gün həmin müsabiqəyə yekun vurulur, I, II, III və həvəsləndrici yerlər tutan jurnalistlər mükafatlandırılır", - deyə o əlavə edib. Çıxışının sonunda təhsil naziri bütün qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin davamında çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə ətraflı məlumat verib. O bildirib ki, müsabiqənin məqsədi Azərbaycan təhsilində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, təhsil sahəsində yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etməkdən, təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir. Müsabiqədə iştirak etmək üçün 20 gün ərzində sənədlərin qəbul olunduğunu deyən V.Səfərli qeyd edib ki, bu müddət ərzində fonda 45 yazı təqdim olunub. Onun sözlərinə görə, yazılar 6 nəfərlik ekspertlər tərəfindən qiymətləndirilib. Müsabiqənin yekunlarına əsasən 6 nəfərin əsas, 10 nəfərin isə həvəsləndirici yerlərə layiq görüldüyünü deyən icraçı direktor sonda bütün qaliblərə öz təbriklərini çatdırıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bir millətin təhsili olmasa oarad inkişaf da olmaz. Şuranın 8 il ərzində Təhsil Nazirliyi ilə müxtəlif tədbirlərin keçiridiyini deyən Ə.Amaşovun sözlərinə görə, budəfəki müsabiqədə təhsildən yazan jurnalistlərin mükafatlandırılması onların yaradıcılığına stimul verəcək, maddi durumunun yaxşılaşdırılmasına səbəb olacaq.
Tədbirin sonunda müsabiqədə qalib gələn jurnalistlərə I yer - 1500 manat (1 qalib), II yer - 1000 manat (2 qalib), III yer - 500 manat (3 qalib) və həvəsləndirici mükafat - 300 manat (10 qalib) məbləğində mükafatlar təqdim olunub. Bundan əlavə, qaliblər Qaliblər həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif olunublar.
Sevindirici haldır ki, qalib gələn jurnalistlər arasında "Səs" İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova da var. Belə ki, o, "Təhsildə İKT-nin tətbiqi" mövzusunda yazdığı yazı ilə müsabiqədə həvəsləndirici yerin qalibi olub.