Leyla xanım Əliyeva gördüyü işlərlə Azərbaycan həqiqətlərini dünyaya çatdırır
Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə görülən işlərin miqyası geniş və çoxşaxəlidir.
Ölkənin tərəqqisi və xalqımızın rifahı naminə ümumilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasında Heydər Əliyev Fondunun gördüyü işləri qeyd etmək vacibdir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsində təşəbbüskar olan fond qısa bir zamanda uğur və nailiyyətləri ilə seçilib və xalqın məhəbbətini qazanmışdır. Qeyd etdiymiz kimi, bu, geniş bir məkanı əhatə etdiyindən, fondun Moskva şəhərindəki nümayəndəliyi də məhz bu ideyaların carçısı olaraq Azərbaycan həqiqətlərini dünya miqyasına çıxarmaqda təşəbbüskar və icraçıdır. Hər dəfə nümayəndəliyin gördüyü işlərin sədasını eşitdikdə, Azərbaycanın bir müstəqil dövlət olaraq nüfuzunun günü-gündən artmasının şahidinə çevrilirik. Əməkdaşlığı genişləndirmək, dünya dövlətləri ilə birgə layihələr həyata keçirmək fondun missiyasına çevrildiyindən, məlum xətt üzrə fəaliyyətdədir.
Sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək kimi dəyərlərin həyata keçirilməsinə fondun Moskva nümayəndəliyinin gördüyü işlər məhz azərbaycançılıq ideolgiyasına söykənən faktorlardır. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidməti də diqqətdədir. Bütün bunların əsasında maarifləndirməni genişləndirmək, dünya təcrübəsindən istifadə edərək, onun Azərbaycan milli-mənəvi dəyərləri zəminində aşkara çıxarıb, tədbiqinə nail olmaq dövlətin milli maraqlarına söykənir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Rusiya Müftilər Şurası sosial-xeyriyyə və dini-maarifləndirmə departamenti ilə birlikdə Moskvanın iki uşaq evində səyyar xeyriyyə aksiyası - ilk xeyriyyə tədbiri Rusiya paytaxtının şimal-şərq dairəsində yerləşən və 50 uşağın tərbiyə aldığı uşaq evində olmuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Müftilər Şurası Departamentinin əməkdaşları uşaqlarla görüşüb söhbət etmişlər. Burada tərbiyə alan uşaqların əksəriyyətinin valideyni və qohumları olsa da, onlar isti ailə ocağından məhrumdur. Uşaqlara Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən gödəkçələr və digər hədiyyələr təqdim olunmuşdur. Onlara fond fəaliyyəti, ölkəmiz, kimsəsiz və məzlum insanlara rəhmdilliyi ilə tanınan xalqımız barədə məlumat verilmişdir. Uşaqların əksəriyyəti Məhəmməd peyğəmbər, islam şəriəti, əxlaqi dəyərlər və xeyirxah işlər görməyin vacibliyi barədə söhbətləri ilk dəfə dinləmişdilər.
Bu işlərin davamı olaraq Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik etmişlər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından veteranlara hədiyyələr, habelə, fondun dəstəyi ilə nəşr olunmuş kitablar təqdim olunmuşdur. Veteranlara Heydər Əliyev Fondunun məqsəd və vəzifələri, habelə, humanitar sahədə həyata keçirilən layihələr barədə məlumat verilmişdir.
Leyla Əliyevanın Moskvada gördüyü işlər milli-mənəvi dəyərlərimizin işıqlandırılmasında bir yoldur. Belə ki, onun təşəbbüsü ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti" kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlmişdir. Nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş və ötən il iyunun 15-də Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda keçirilmiş beynəlxalq elmi konfransın materialları əsasında hazırlanmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət kökündən dəyişmiş, ulu öndər suveren Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri yazır: "Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. Onun müdrikliyi, siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan tərəqqi edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...".
Ümumiyyətlə, elmi nəşrdə tarixi şəxsiyyətin formalaşmasında, müasir dünyada mədəniyyətlərin qloballaşması və konvergensiyası proseslərinin qarşılıqlı münasibətlərdə, sosial, siyasi, iqtisadi və texnoloji qurumlarda baş verən dəyişikliklərin insanın həyat fəaliyyətinə təsirində, qlobal və regional səviyyələrdə cəmiyyətin davamlı inkişaf problemlərində kulturoloji amillərin rolu barədə materiallar toplanmışdır. Azərbaycanda qlobal proseslərin təzahürünə xüsusi diqqət ayrılmışdır.
"Xocalıya ədalət" rep üslubunda yazılmış mahnı Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Mahnıya çəkilən klipin çəkilişləri Şəhidlər Xiyabanında və Ağcabədi rayonunun qaçqın düşərgəsində aparılmışdır. Mahnıda müasir rep ritmləri ilə yanaşı milli musiqimizin elementləri - muğam və balaban musiqisindən istifadə edilmişdir.
Leyla Əliyevanın gördüyü işlər sırasında bu günlərdə təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda ikigünlük forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. Forumda Azərbaycanın və Rusiyanın tanınmış alimləri iştirak etmişlər. "Sivilizasiyaların dialoqu mədəniyyət dialoqlarında", "Demokratiya, cəmiyyət və bir daha şəxsiyyətin tarixdə rolu barədə", "Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsiyyət tərəfindən qiymətləndirilməsi", "Qloballaşma dövründə Rusiya humanitar təhsili", "Dialoq başqasının eyniliyinin anlaşılması kimi", "Mədəniyyətlərarası dialoq qloballaşma dövründə davamlı inkişafın əsasıdır", "Birlik fəlsəfəsi və müasir elm", "Qloballaşma dövründə təfəkkür mədəniyyətlərinin qarşılıqlı fəaliyyəti", "Mədəniyyətlərin vəhdəti və müxtəlifliyi: islam Nijeqorod regionu mədəniyyəti kontekstində" və s. mövzularda məruzələrin dinlənilməsi qloballaşma şəraitində müxtəliflik vasitəsilə birliyin təmin edilməsi əhəmiyyətinə malikdir. Heydər Əliyev "İnsan və siyasətçi kimi" mövzusunda davam edən müzakirələrdə ümummilli liderimiz Heydər Əliyevin keçmiş SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən, nəqliyyat sahəsinin inkişafı üçün gördüyü böyük işlərdən, mədəniyyətə qayğısından danışılmış, eləcə də, Heydər Əliyevlə bağlı şəxsi görüşlər diqqətə çatdırılmışdır. Heydər Əliyev kimi vətənpərvər, xalqının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən dahi şəxsiyyət heç zaman unudulmur, O, insanların xatirəsində əbədi yaşayır.
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin görüyü işlərin hər birinin əsasında vətənə xidmət, Azərbaycan dəyərlərinin təbliği, eləcə də, onun milli mədəniyyəti, incəsəntinin təbliği dayanır. Bu görülən işlərin də ideyası məhz bu prinsiplərə söykənir.