Türk dünyasının birliyi yolunda əsil möcüzələr baş verəcək
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il oktyabrın 2-3-də Naxçıvan Muxtar Respublikasında türkdilli dövlət başçılarının zirvə toplantısı keçirilmişdir. Toplantıda qəbul edilmiş tarixi qərarların həyata keçirilməsi istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.
Bu tədbirlərdən biri də 26-30 iyun 2010-cu ildə Naxçıvanda türk dünyası həkimlərinin və ziyalılarının iştirakı ilə geçirilmişdir. Türk Gastroenteroloji Vakfının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin dəstəyi ilə keçirilən konfransa Türkiyənin 50-yə yaxın elm adamları, alimlər və həkimlər qatılmışlar. Konfransda Naxçıvan həkimləriylə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən elm adamları, gastroentoloqlar və həkimlər iştirak etmişlər.
Konfransda çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, Türk dövlətləri həkimləri üçün Gastroenteroloji və Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatlarının əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.
Türk Gastroenteroloji Vakfının başqanı prof.dr. Ali Özden də çıxışında iki il öncə analoji Beynəlxalq Gastroenteroloji konfransın Türk Gastroenteroloji Vakfı və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirildiyini bildirdi. Konfransın nəticəsi olaraq Azərbaycan və türk həkimləri arasında zəngin təcrübə mübadiləsi gerçəkləşmiş, tibb sahəsində qarşılıqlı əməkdaşlıq üçün gözəl imkanlar yaranmışdır. Biz bu gün həmin əməkdaşlığı daha da genişləndirmək və həkimlərimizin öz təcrübələrini bölüşmələri üçün türk dünyası üçün çox önəmli bir bölgə olan Naxçıvandayıq.
Konfransda Prezident Adminstrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxış edərək, belə bir mötəbər tədbirin keçirlməsinin türkdilli dövlət başçılarının toplantısında qəbul edilən qərarların nə qədər əhəmiyyətli olmasının göstəricisi olduğunu söylədi: "Toplantının əsas məqsədi türk dünyasını qovuşduran və Şərqin qapısı hesab olunan qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nailiyyətlərlə tanış olmaq və həmçinin də, Naxçıvan MR-də qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır. Əgər hər bir digər sahələr üzrə çalışan mütəxəssislərimiz də oxşar vətənpərvərlik coşqusu ilə hərəkətə keçib, təşəbbüslər göstərsələr yaxın zamanlarda - XXI əsrin ilk onilliyində Türk Dünyası birliyi yolunda əsil möcüzələr baş verəcək".
Konfransda məruzə ilə Ahmet Aydın, Selçuk Dişibeyaz, Fulya Demirçeken, Zeygam Süleyman, Altay Çelebi, Abdullah Sonsuz, Galip Ersöz, dr. Dilek Oğuz, Nuru Bayramov, Burhan Şahin, Cihan Yurdaydın, Yusuf Bayraktar, Yılmaz Çakoğlu, Ahmet Tezel, Erkan Parlak, Mircelal Kazimi və Eldar Əhmədov çıxış edərək, Qastreonterologiya sahəsindəki yeniliklərlə bağlı məlumat verərək, bu sahədə öz bilik və bacarıqlarını paylaşmışlar.
Naxçıvan Dövlət Universitetində də türk dünyasının bir parçası olan Naxçıvanın tarixinə və bugünkü vəziyyətinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Rəcəbli qonaqlara universitetlə bağlı geniş məlumat vermiş və bu təhsil ocağının Azərbaycan təhsilinə verdiyi önəmli töhfələrdən bəhs etmişdir. Akademik Vəli Əliyev isə çıxışında Naxçıvanın şərəfli tarixi ilə bağlı məruzə etmişdir. Sonra qonaqlar Naxçıvanın tarixi abidələri, o cümlədən, Möminə Xatun türbəsi, Nuh peyğəmbərin türbəsi və açıq səma altındakı Tarix Muzeyi ilə tanış olmuşlar.