İslam olan yerdə ekstremizm ola bilməz
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının növbəti yay sessiyasında məruzəçi Moqens Jensenin hazırladığı "Avropada islam, islamizm və islamafobiya" adlı məruzə ətrafında geniş müzakirələr olub.
Müzakirələrdə BMT-nin "Mədəniyyətlər İttifaqı" üzrə ali nümayəndəsi cənab Jorge Sampaionyo da iştirak və çıxış edib. Məruzə ilə bağlı çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva isə bildirib ki, o, əvvəlcə məruzəçiyə bu cür vacib bir mövzuda məruzəsinə görə təşəkkür və J.Sampaioyonu da dolğun çıxışına görə təbrik edir: "Çox sevindirici haldır ki, Türkiyə və İspaniyanın təşəbbüsü olan "Mədəniyyətlər İttifaqı" bu iki ölkənin öncüllüyündə həyata keçirilən bir birləşmiş millətlər projesinə çevrildi və BMT-nin üzvü olan 100-dən artıq ölkə və beynəlxalq təşkilatlardan ibarət dostlar qrupu tərəfindən dəstəklənir. Biz də öz tərəfimizdən assambleya olaraq bu ittifıqın fəaliyyətini geniş dəstəkləməklə yanaşı, Avropa məkanında dözümsüzlüyün artmasına, tolerantlığın azalmasına və ksenofobiyaya qarşı ciddi mübarizə aparmalıyıq. Avropa Şurası məkanında islamafobiyanın artması hamımızı narahat etməlidir. Biz bunun səbəblərini təhlil etməli və onlara qarşı mübarizə aparmalıyıq. Görünən səbəbləndən biri odur ki, Avropa məkanında insanlar arasında islam dini ilə bağlı həqiqi biliklər, doğru biliklər tamamilə azdır. Bu baxımdan Avropada gənclərin xristian, islam və yəhudi dinləri ilə bağlı doğru məlumatlar əldə etməsi üçün səylərimizi gücləndirməliyik. Amma ən ciddi problem və təəssüf doğuran odur ki, mənim hollandiyalı həmkarım cənab Koksun da çıxışında dediyi kimi, Avropa məkanında bəzi siyasətçilər, mətbuat və media qurumları və qeyri-hökumət təşkilatları da islamafobiyanın artmasında böyük rol oynayırlar. Biz buna qarşı ciddi mübarizə aparmalıyıq. Ona görə biz hökumətlərlə yanaşı, siyasətçilərə, qeyri-hökumət təşkilatlarına, mətbuat və media qurumlarına da çağırış edərək, onları bu cür məsələlərdə diqqətli olmağa çağırmalıyıq". Millət vəkilinin bildirdiyinə görə, bəzən Avropanın bəzi media və mətbuat orqanlarında, habelə, bəzi siyasətçilərin çıxışlarında belə ifadələr eşidilir - islam ekstremizmi. Bunlar çox yanlış ifadələrdir. İslam olan yerdə ekstremizm ola bilməz. Bu cür ifadələr işlətməklə milyonlarla müsəlmanın dini heysiyyətinə toxunmaq doğru olmazdı: "İslam dinindən bir az da olsun xəbəri olanlar, islamın müqəddəs kitabı Quranı oxuyanlar bilir ki, islam sevgi dinidir, başqalarına hörmət dinidir. Qloballaşan dünyada önyarğılar son dərəcədə qütbləşmənin simvolu halına gələn "biz və onlar" ayrımını ortadan qaldıracaq bir anlayışı əsas tutmalıyıq. Unutmamalıyıq ki, dözümsüzlüq qarşıdurmanı, çatışmanı doğurur. Bunun üçün atmamız gərəkən əsas addımlar tolerantlığı genişləndirmək, dialoqu genişləndirməkdir". Millət vəkili, həmçinin, onu da qeyd edib ki, BMT-nin "Mədəniyyətlər İttifaqı" üzrə ali nümayəndəsi J.Sampaioyonun da burada söylədiyi kimi, dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklər var və biz onlardan ibrət dərsi almalıyıq: "Təəssüf ki, başqa millət və dinlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi dövlətin dövlət siyasətinə çevrilib və bu, bizim hamımızı narahat etməlidir. Məhz bunun nəticəsi idi ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları Ermənistandan öz ev-eşiyindən, öz yurd-yuvasından qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək, 1 milyon insanı öz ev-eşiyindən didərgin saldı, Ermənistan silahlı qüvvələri Xocalı şəhərində qətliam törətdilər. Amma bütün bunlara baxmayaraq, Azərbaycanda erməni kilisəsinə toxunulmadı və bu gün də Azərbaycanda 30 min erməni yaşayır. Amma Ermənistanda və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus camilər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi və onların nə vəziyyətə salındığını göstərən foto və videoları ilə maraqlanan hər kəsə göndərə bilərəm. Bunları ona görə deyirəm ki, biz bu cür hadisələrdən ibrət götürməli və harada baş verməsindən asılı olmayaraq, bu kimi hallara və onu törədənlərə qarşı sərt mübarizə aparmalıyıq. Əks halda, dünyada gərginliklər və çatışmalar daha da artacaq və biz gələcək nəsillərə daha pis bir dünyanı miras qoyacağıq. Biz hamımız Avropanın və dünyanın gələcəyi üçün "mədəniyyətlər qarşıdurmasını, çatışmasını" ön plana atanlara "Mədəniyyətlər İttifaqı mümkündür" deməmiz gərəkdir və eyni zamanda, bunun üçün dayanmadan çalışmamız gərəkdir".