İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Əhməd Məhəmməd Əli və onu müşayiət edən şəxslər iyunun 25-də Heydər Əliyev Fondunda olublar.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun tarixi və məqsədləri barədə məlumat verilib.
Bildirilib ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar görkəmli siyasi xadimin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotolara, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının çəkilişinə uğurla rəhbərlik etdiyinə görə, ona verilmiş xatirə medalına, ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketinə baxıblar. Bu layihənin, nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulanıb. Ulu öndərin xatirəsinə İstanbul, Ankara, Ceyhan, İqdır, Qars, habelə, Buxarest, Daşkənd, Kiyev və Tbilisidə abidələr ucaldıldığı haqqında məlumat verilib.
Fondla tanışlıqdan sonra Əhməd Məhəmməd Əli xatirə kitabına ürək sözlərini yazmıb. Qonaq fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə filmə baxıb.
Əhməd Məhəmməd Əliyə fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edilib.