PDF Oxu

Əsas

  • 16

QHT-lərin vəziyyəti haqqında Milli Hesabat təqdim edildi

QHT-lərin vəziyyəti haqqında Milli Hesabat təqdim edildi
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərinin mövcud vəziyyətinə dair ilk Milli Hesabatını təqdim edib. SİA-nın məlumatına görə, təqdimat mərasiminin açılışında çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Hesabatın üçüncü sektor haqqında ilk rəsmi nəşrin olduğunu bildirib.
İndiyə kimi hazırlanan hesabatlarda daha çox müşahidələr və şəxsi mülahizələrin yer aldığını deyən A.Quliyev indiki hesabatda tamamilə rəsmi məlumatların yer aldığını bildirib: "Qeyri-Hökümət Təşkilatlarının indiyə kimi keçdiyi yol tamamilə əks olunub və hesab edirəm ki, müfəssəl bir hesabat kimi ictimaiyyətə təqdim edilir. Dövlət başçısı 2007-ci ili iyulun 27-də QHT-lər haqqında dövlət konsepsiyasını təsdiq etməklə QHT-lərin gələcəyi üçün yeni bir mərhələnin başlanğıcını qoydu. Hesabatın hazırlanmasında əsas məqsədlərdən biri də odur ki, baxaq görək Şura yaradılana kimi vəziyyət necə olub, Şura yaradılandan sonra QHT sektorunda hansı dəyişikliklər edilib? Bunun müəyyənləşməsi üçün ciddi bir analizə ehtiyac var idi. Düşünürəm ki, aparılan analizlər sonrakı inkişaf mərhələmisdə də öz təsirini göstərəcək". Hesabatın 7 fəsildən ibarət olduğunu söyləyən Şura sədri QHT sektorunun bütün fəaliyyətinin əhatə edildiyini qeyd edib. O cümlədən. QHT sektorunun tarixi ilə bağlı məqamların, QHT-lərin sayı, QHT sektorunun indeksi, sektorda çalışanların sayının da hesabatda yer aldığını bildirən A.Quliyev maliyyə mənbələrinin də təhlil edildiyini vurğulayıb: "Xarici ölkələrdə, eləcə də Azərbaycanda QHT-lərin qarşılaşdığı əsas problem maliyyədir. Müqayisəli təhlil nəticəsində belə bir təsəvvür yaranır ki, dövlət büdcəsindən ayrılan vəsait başqa mənbələrin də formalaşmasına, donor institunun yaranmasına cox böyük töhvə verib. İlk dəfə QHT-lərin təsnifatı aparılıb. Bu təsnifatdan sonra Azərbaycanda xüsusi statuslu QHT-lərin yaradılması və yaxud da xüsusi statusun verilməsinə başlanılacaqdır. Hesabatda beynəlxalq əlaqələr də əksini tapıb". Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov 2000-ci ildən başlayaraq dövlətin beynəlxalq təcrübəyə əsaslanan QHT siyasətinin formalaşdığını deyib. Bu dövrdən başlayaraq QHT-lərin dövlət tərəfindən tərəfdaş kimi qiymətləndirildiyini qeyd edən Ə.Həsənov üçüncü sektora nə müxalifət, nə də rəqib olaraq baxıldığını vurğulayıb: "Tərəfdaşlıq dəyərləndirməsi Azərbaycan hökumətini buna yönəltdi ki, biz QHT-lərə dövlət dəstəyini nəzərdə tutan, dövlət dəstəyini istiqamətləndirən siyasət formalaşdırdıq. 10 illik bu müddət QHT-lərlə hökumət, QHT-lərlə vətəndaş, QHT-lərlə siyasi partiyalar arasında konseptual və fəaliyyət əsaslarının formalaşması dövrü kimi də səciyyələndirilə bilər".  Dövlətin QHT-lərə bacardığı dəstəyin verdiyini deyən Ə.Həsənov bu dəstəyin yetərli olmadığını da dilə gətirib: "Azərbaycanın bugünkü vəziyyətini nəzərə alaraq bu dəstəyi qənaətbəxş hesab etmək olar. Dövlətin dəstəyi bilavasitə Şura vasitəsilə edilir, dövlət müsabiqələrin keçirilməsinə qətiyyən müdaxilə etmir. Belə fikirlər var idi ki, dövlət Şuranı yaratmaqla QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq istəyir, öz dəstəkçisinə çevirmək istəyir. Bunların hansı oldu, dövlətin Şuranın fəaliyyətinə hansısa şəkildə müdaxiləsi olubsa, çəkinməyin deyin. Hakimiyyətin əsas məqsədi ondan ibarətdir ki, QHT-lər sözün həqiqi mənasında öz funksiyalarını yerinə yetirsinlər, məqsədimiz odur ki, QHT-lər daxili və xarici antiazərbaycan qüvvələrinin ruporuna cevrilməsin". Tədbir QHT rəhbərlərinin və ekspertlərin Hesabatla bağlı fikir və təklifləri ilə davam etdirildi.

Digər xəbərlər