AŞPA sessiyasında ermənilərə cavab verildi
Q.Paşayeva, əslində, Kosovo ilə bağlı çıxış etməyə hazırlaşdığını, lakin Ermənistan nümayəndə heyəti üzvlərinin assambleyaya verdiyi yanlış məlumatların və Azərbaycana qarşı səsləndirdikləri ittihamların onu ilk öncə bəzi məsələlərə aydınlıq gətirmək məcburiyyətində qoyduğunu vurğulayıb: "Bütün beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası da bəyan edib ki, Kosovo münaqişəsinin tənzimlənməsi Avropa məkanında olan digər münaqişələr üçün presedent deyil və ola da bilməz. Hər bir münaqişənin fərqli kökləri, fərqli səbəbləri və fərqli çözüm yolları vardır. Amma təəssüf ki, bəzi güclər xüsusilə, Ermənistan bu məsələdən davamlı sui-istifadə edir".
Millət vəkili Ermənistan nümayəndə heyəti üzvlərinin Kosovo ilə bağlı müzakirələr zamanı assambleya üzvlərinə bir çox doğru olmayan məlumatlar verməklə yanaşı, tamamilə fərqli Dağlıq Qarabağ münaqişəsi ilə Kosovo məsələsini eyniləşdirməyə çalışmalarından təəssüf hissi keçirdiyini bildirib: "İlk öncə, qeyd etməliyəm ki, Kosovo və Dağlıq Qarabağ münaqişəsi həm tarixi kökləri, həm başvermə səbəbləri və bütün digər faktorları ilə tamamilə fərqli münaqişələrdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, onun ətrafında yerləşən daha 7 rayonu da işğal edib və bu, BMT, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qətnamələrində və sənədlərində öz əksini tapıb.
Eyni zamanda, Ermənistandan başqa bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 1416 saylı qətnamədə də birmənalı qeyd olunur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməli, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd - yuvasına geri dönməsinə imkan yaratmalıdır. Amma Ermənistan AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrini, nəinki yerinə yetirmir, eyni zamanda, vəziyyəti daha da gərginləşdirən addımlar atır və açıqlamalar verir".
Q.Paşayeva Ermənistanın Avropa Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların tövsiyələrinə məhəl qoymayaraq, may ayında işğal etdiyi Azərbaycan torpaqlarında seçkilər keçirdiyini xatırladıb. O, beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurası və dünya ölkələrinin bu cür seçkiləri tanımadıqları və gələcəkdə də tanımayacaqlarını bəyan etməsinə baxmayaraq, Ermənistan bu cür addımlarını davam etdirdiyini, bununla da, münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan çox həssas danışıqlar prosesinə zərbə vurduğunu və bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirdiyini qeyd edib: "Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları mövqelərdən, mütəmadi olaraq, işğal altında olmayan Azərbaycan kəndlərini, öz həyətində, əkin sahəsində işləyən dinc insanları snayperlərlə vurması adi hal alıb. Bundan başqa, yay aylarında Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan kəndlərinin işğal altında olmayan Azərbaycan kəndlərinə çox yaxın hissələrində məqsədli şəkildə yanğınlar törədir ki, bu yanğınlar sürətlə yayılaraq dinc insanların həyatına təhlükə törətməklə yanaşı, onlara böyük iqtisadi ziyan vurur, eyni zamanda, ekologiyaya böyük zərbə vurur. Baş verənləri sadalamaqla bitməz.
Mən cəbhə bölgəsini təmsil edən bir millət vəkiliyəm və dediklərimi yerində görmək istəyən hər bir kəsi ölkəmə dəvət edirəm. Ermənistan nümayəndə heyətinin üzvləri burada yanlış məlumat verərək, deyirlər ki, Azərbaycan silahlı qüvvələri atəşkəsi pozur. İki gün öncə də guya Azərbaycan silahlı qüvvələri atəşkəsi pozublar. Əksinə, atəşkəsi həmişə olduğu kimi, Ermənistan silahlı qüvvələri pozublar. Ermənistan silahlı qüvvələri iki gün əvvəl və dünən növbəti dəfə atəşkəsi pozaraq Tərtər və Füzuli rayonları istiqamətində hücum ediblər və Azərbaycan Silahlı Qüvvələri bu hücumun qarşısını alıb.
Çox təəssüf ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, yenə də yanlış informasiyalar yayaraq, beynəlxalq ictimaiyyəti səhv məlumatlarla çaşdırmaq, Azərbaycanı günahkar göstərmək istəyir. Amma mən sizin qarşınızda Ermənistan nümayəndə heyəti üzvlərinin bir suala cavab verməsini istəyirəm: Ermənistan silahlı qüvvələrinin hadisə baş verən yerdə, bölgədə nə işi var? Bu suallara ona görə cavab verə bilmirlər ki, o zaman həqiqət ortaya çıxar. Çünki həmin bölgə və ərazi Azərbaycanın torpağıdır və bütün dünya, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpaqları kimi tanınıb və tanınır.
Ermənistan silahlı qüvvələri isə Azərbaycan ərazilərini işğal edib və bu gün də işğal etdiyi torpaqlardan çəkilməməklə yanaşı, vəziyyəti daha da gərginləşdirən addımlar atır. Avropa Şurası Parlament Assambleyası Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirən addımlarına, assambleyasının qətnamələrini yerinə yetirməməsinə, işğalçılıq siyasətini davam etdirməsinə laqeyid yanaşmamalı, işğalçı ölkəyə təsir və təzyiqlərini artırmalıdır. Çünki Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi və bu cür addımları bölgədə vəziyyəti daha da gərginləşdirir. Bu da, bütövlükdə, bölgədə vəziyyəti hər an nəzarətdən çıxara bilər".