PDF Oxu

Əsas

  • 14

Elektron test üsulu obyektivliyi və şəffaflığı təmin edir

Elektron test üsulu obyektivliyi və şəffaflığı təmin edir
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində yay semestr imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, universitetin rektoru Yusif Məmmədov açaraq, ali təhsil ocağında aparılan yeni üsullu imtahanın gedişi və nəticələri haqqında mətbuat nümayəndələrinə məlumat verdi.
O bildirdi ki, artıq respublikanın bütün ali təhsil müəssisələrində yay imtahan sessiyasına start verilib: "Elektron test üsuluna keçməyin səbəbi subyektiv amilləri aradan götürməkdə birinci şərtlərdəndir. 4 ildir ki, elektron test üsulundan istifadə olunur. Tələbələr, müəllimlər və valideyinlər ondan çox razılıq edirlər. Elə mən özüm də mövcud vəziyyətdən çox məmnunam. Hazırda universitetin bütün əyani şöbələrində semestr və dövlət imtahanları elektron test vasitəsilə həyata keçirilir. Yalnız qabiliyyət tələb edən fənlər elektron testə şamil edilmir. Mükəmməl sistemdir. Tələbə kodunu kompyuterə daxil edir və bu yolla kursu, fakültənin adı oxunur və 25 sual ekranda görünür. Tələbə sualları cavablandırır, təsdiq edirəm düyməsini basır, yerindəcə neçə bal topladığını əyani olaraq görür. Bu üsulun digər müsbət tərəfi müəllim hazırlığı prosesinə təsiridir. Belə ki, Azərbaycanın müxtəlif məkanlarında çalışan müəllimlər kompyuterdən istifadə etmək bacarığına malik olurlar. Bildiyimiz kimi, bütün məktəblərdə kompüterlə iş tədqiq olunub və bu da müəllimlərə iş yerində müasir texnologiyadan istifadə etmək üçün lazımi şərait yaradır".
Mətbuat konfransında Yusif Məmmədov onu da bildirdi ki, elektron testin nəticələri nə qədər fərəhləndirici olsa da, müəllim və tələbə ünsiyyəti zamanı, üz-üzə verilən imtahan daha gözəldir. Belə ki, tələbənin suallarının cavablandırılması istiqamətində, eləcə də, tələbənin bütövlükdə intellektinin aşkarlanmasında bu, mühüm məsələlərdən biridir. Rektor onu da bildirdi ki, yaxın gələcəkdə universitetin qiyabi şöbəsində təhsil alan tələbələr də elektron testlə semestr imtahanlarını verəcəklər.
Universitetin tədris metodikası şöbəsinin müdiri, dosent Namiq Hacıyev mətbuat nümayəndələrini universitetdə yaradılmış kompyuter mərkəzi ilə tanış etdi. Tanışlıq zamanı müəyyən edildi ki, mərkəzdə beş kompyuter zalı yerləşir ki, ümumilikdə, burada 200 kompyuter var. Hər tələbə üçün imtahan müddəti 40 dəqiqə müəyyənləşdirilib. Dövlət imtahanlarına isə üç saat vaxt ayrılıb. Mərkəzdə olduğumuz zaman tarix, pedaqogika və kimya fənləri üzrə tələbələrin imtahanı keçirilirdi. Tanışlıq zamanı Namiq Hacıyev bildirdi ki, elektron test üsulu ilə aparılan yay imtahan semestri bütün neqativ halların qarşısının alınmasına müsbət təsirini göstərir. İmtahan vermiş tarix fakültəsinin ikinci kurs tələbəsi Yolçuyeva Leyla 44 bal toplayaraq, yüksək nəticə əldə etdiyini sevinclə bildirdi. O, belə bir üsulla imtahan verməyin əhəmiyyətini qeyd edərək, təhsil müəssisəsində tələbələrə göstərilən obyektivliyi dəyərləndirdi. O da qeyd olundu ki, universitetdə qaynar xətt yaradılıb. Hansısa bir xoşagəlməz halla qarşılaşan tələbə müraciət edib, iradlarını söyləyə bilər. Bu da, adətən, kompyuterdəki texniki səhvlərlə ola bilər. Gün ərzində 1200 tələbə imtahan verə bilir.
Azərbaycanın təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kompyuter mərkəzində olmuşlar.
Universitetdə quraşdırılmış kompyuterlər müasir təhsil sisteminin dünyaya inteqrasiyasında, eləcə də, tələbələrin dünyagörüşünün formalaşmasında, təhsilin keyfiyyətinin mükəmməl olmasında bir vasitədir.

Digər xəbərlər