Dünən Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. İclası giriş sözü ilə açan Milli Məclisin spikeri Oqtay Əsədov gündəliyə daxil olan məsələlərin müzakirəsinə keçməyi tövsiyə etdi. Daha sonra iclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qanun layihəsi müzakirə olundu.
Konstitusiya Məhkəməsinin hakimliyinə namizədlərin təsdiqlənməsi ilə bağlı gündəlikdə olan məsələ barədə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verərək, layihənin Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunduğunu söylədi. Bildirdi ki, Kamran Şəfiyev, Ceyhun Qaracayev, Fikrət Babayev, Rövşən İsmayılov, Rafael Qvaladze və Sona Salmanovanın namizədliyi irəli sürülüb.
Ə.Hüseynov bildirdi ki, Azərbaycanın siyasi sistemində Konstitusiya Məhkəməsinin rolu əvəzolunmazdır: "Müasir konisualizm ideologiyasının təminatı üçün hakimiyyət qolları arasındakı münasibətlərin və bu münasibətlərin Konstitusiyaya uyğunluğu nəzarəti funksiyası xüsusi məhkəmə orqanı olan - Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir. Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək və hər bir şəxsin konstitusion hüquq və azadlığını müdafiə etməkdir. Parlamentdə 1997-ci ildə Konstitusiya Məhkəməsi haqqında qanun qəbul edilib və 1998-ci ildən başlayaraq fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qısa bir müddət ərzində 176 qərar qəbul etmişdir. 2002-ci ildə keçirilən referendiumda Konstitusiya Məhkəməsinin səlahiyyətləri daha da genişləndirildi və bu orqana fərdi şikayətlərə baxılması ilə əlaqədar səlahiyyətlər verildi. 2003-cü il dekabrın 22-də Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının yeni qanunu qəbul olundu. Konstitusiyanın 130-cu maddəsinin 1-ci və 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir və onların səlahiyyət müddəti 15 ildir. Qanuna müvafiq olaraq, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bu qərar ən azı 63 səs çoxluğu ilə qəbul olunur".
Müzakirələr zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev namizədlərin düzgün təqdimatının aparıldığını bildirdi. O, namizədlərə gələcəkdə ədalətli qərarlar qəbul etməyi arzuladı.
Qeyd edək ki, Azərbaycan Milli Məclis Aparatının iki əməkdaşının Konstitusiya Məhkəməsinin hakimliyinə namizədliyi irəli sürüldü. Milli Məclis Aparatının Kadrlar idarəsinin müdiri Kamran Şəfiyevlə parlamentin Qanunvericilik şöbəsinin müdir müavini Ceyhun Qaracayevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürüldü. Bundan başqa, daha dörd nəfərin də təkrarən Konstitusiya Məhkəməsinin hakimliyinə namizədliyi verildi. Bunlar Fikrət Babayev, Rövşən İsmayılov, Rafael Qvaladze və Sona Salmanovadır.
Onu qeyd edək ki, Ali Məhkəmənin hakimi vəzifəsinə 22 (bunlardan 4 nəfəri yeni namizəddir), Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə 49 nəfərin namizədliyi irəli sürüldü. Sonra yeni seçilmiş hakimlər Milli Məclisdə deputatlar qarşısında and içdilər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisdə çıxış edərək, onlara göstərilən diqqətə və qayğıya, hakimlər üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq etdi. F.Abdullayev Konstitusiya Məhkəməsinin bundan sonra da Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edəcəklərini, qanunun aliliyini hər şeydən uca tutacaqlarını bildirdi.
Sonda qanun millət vəkillərinin səs çoxluğu ilə qəbul olundu.
Milli Məclisin növbədənkənar sonuncu plenar iclasında ali və apellyasiya məhkəmələrinin hakimlərinin təsdiq olunması ilə bağlı məsələ müzakirə edildi. Məsələ haqqında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Ə.Hüseynov məlumat verərək, ölkə Prezidenti İlham Əliyev tərəfindən məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində bir sıra uğurlu addımların atıldığını vurğuladı: "Bunlardan da ən vacibi "Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında" ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanıdır".
Ə.Hüseynov onu da bildirdi ki, Ali Məhkəmənin hakimi vəzifəsinə 22, Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə 49 nəfərin namizədliyi irəli sürülüb. Onun sözlərinə görə, son 3 il ərzində ölkədə məhkəmələrinin fəaliyyətində ciddi irəliləyişlər əldə olunub: "Öz işində qüsurlara yol verən 40-dan çox hakimin səlahiyyətinə xitam verilib, 100-dən çox hakim isə cəzalandırılıb" .
Məsələ ətrafında müzakirələrdə çıxış edən millət vəkili Aydın Mirzəzadə Azərbaycanda yeni məhkəmə və hakimlər korpusu yarandığını söylədi: "Hakimlərin əmək haqqının artırılması, avtomobillə təmin olunmasına yenidən baxılmalıdır".
Deputat Qüdrət Həsənquliyev hakimin ədalətli işləməsinin əmək haqqından keçdiyini söylədi: "Onların əmək haqlarının yüksək olmasına baxmayaraq, yenə də artırılmalıdır. Bütün hakimlər avtomobillə təmin olunmalıdırlar".
Deputat Zahid Oruc yeni seçiləcək hakimlərə uğurlar arzuladı.
Müzakirələrdən sonra qanun layihəsi millət vəkillərinin səs çoxluğu ilə qəbul olundu.
Azərbaycanda sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirilib
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirə olundu. Sənəd haqqında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Ə.Hüseynov məlumat verdi. Komitə sədri bildirdi ki, sözügedən qanunlara təklif olunan dəyişikliklərin bir hissəsi terminlərin izahatının verilməsi ilə bağlıdır: "Bundan başqa, sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirilir. Biz bilirik ki, baş verən yol qəzalarının bir hissəsi məhz bu amillə bağlıdır. Ona görə də bəzi kateqoriyalar üzrə sürücülük hüququnun verilməsində dəyişiklik təklif olunur. "A", "B", "C" kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarə etmə hüququnun 18 yaşdan, "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnun 19 yaşdan, tramvayları, trolleybusları və "C", "D" kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarəetmə hüququnun 21 yaşdan, "D" kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarə etmə hüququnun isə 24 yaşdan verilməsi təklif olunur".
Ə.Hüseynov onu da vurğuladı ki, təklif olunan digər dəyişikliyə əsasən, avtomobil və avtobuslarda hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda, pəncərələrdən pərdə asmağa, eləcə də, minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir: "Hərəkət sürətində də dəyişikliklər edilir. Belə ki, qanuna təklif olunan dəyişikliyə əsasən, yaşayış zonalarında və həyət ərazilərində sürət saatda 20 kilometrdən çox olmamalıdır".
Ə.Hüseynov, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklərin təklif edildiyini bildirdi. Komitə sədri bildirdi ki, bir sıra hallarda yol hərəkəti ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.
Qeyd edək ki, indiyədək sürücülük vəsiqələri üçün minimum yaş həddi, əsasən 18 götürülüb. Tramvay sürücüləri üçün bu rəqəm 20, trolleybus sürücüləri üçün isə 21 olub.
Müzakirələr zamanı sükan arxasında mobil telefondan istifadə edən sürücülər barədə də məlumat verildi. Bildirildi ki, "Yol hərəkəti haqqında" qanunun pozulmasına görə cərimələr sərtləşdirilib: "Belə ki, sürücünün nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə, 50 manat məbləğində cərimə olunması məcəlləyə daxil edilib. Bundan başqa, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması qaydalarının pozulması, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə isə cərimənin məbləği fiziki şəxslər üçün 15 manatdan 30 manata qədər artırılıb". Bundan başqa, məcəllədə digər müddəalar da sərtləşdirilib.
Müzakirələrdən sonra millət vəkilləri sənədin qəbul olunmasına səs verdilər.
Parlamentin fövqəladə sessiyası işini başa çatdırdı
Milli Məclisdə "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Sənəd haqqında parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Onun sözlərinə görə, qanun layihəsi mükəmməl hazırlandığı üçün onun üzərində ciddi iş aparamağa ehtiyac olmayıb.
Spiker Oqtay Əsədov bildirdi ki, qanun layihəsinin ikinci oxunuşdan sonra, dərhal üçüncü oxunuşda da səsə qoyulması ilə bağlı təkliflər var: "Mən də bu təklifin tərəfdarıyam" .
Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edildi.
İclasda, həmçinin, "Azərbaycanla Vyetnam arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş", "Azərbaycan və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum - Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-in Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında Saziş"in təsdiq edilməsi məsələləri də millət vəkillərini səs çoxluğu ilə qəbul olundu. Bundan sonra "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə", "Olimpiya simvolunun qorunması haqqında Nayrobi Müqaviləsinə qoşulmaq barədə", "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktı"na qoşulmaq barədə sənədlər də təsdiqləndi.
Deputatlar Qax, Zaqatala rayonunlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi ilə bağlı qanun layihələrini də qəbul etdilər.
Sonda "İnvestisiya fondları haqqında" qanun layihəsi birinci oxunuşda, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də ikinci və üçüncü oxunuşda qəbul olundu.
Bununla da, parlamentin son plenar sessiyası işini başa çatdırdı.