Buraxılış imtahanlarının nəticələri açıqlandı
Dünən Təhsil Nazirliyində bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu il IX sinif üzrə 133779 şagird, XI sinif üzrə isə 88815 şagird mərkəzləşmiş buraxılış imtahanlarında iştirak edib. Onun sözlərinə görə, XI sinif üzrə 88815 şagirddən 74832-si (84,26 faizi) buraxılış imtahanlarında uğurlu nəticə göstərib və onlara artıq attestatlar verilib. Nazir onu da vurğuladı ki, builki nəticələr ötənilkilərə nisbətən 6 faiz yüksəkdir.
Müxtəlif olimpiada, beynəlxalq müsabiqə qaliblərindən 51 nəfərinin imtahanlardan azad olunduğunu deyən M.Mərdanov qeyd etdi ki, 551 nəfər isə müvafiq qaydalara əsasən imtahanlarda iştirak etməyib. Bu il 14 minə yaxın şagirdin attestat ala bilməyəcəyini deyən təhsil naziri ötən il bu rəqəmin 18325 olduğunu söylədi: "Bakı şəhərinin 11 rayonu, Təhsil Nazirliyinə tabe olan və ali təhsil müəssisələrinin nəzdindəki məktəblər üzrə imtahanda 23222 nəfər XI sinif şagirdindən 23037-si (99,20 faizi) iştirak edib. Onlardan 21441 (93,07 faizi) şagird müvəffəq qiymət alıb. Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə imtahanda 8168 şagirdin iştirakı nəzərdə tutulsa da, onlardan 8048-i (98,53 faiz) bu imtahanlara qatılıb və 7420 şagird (92,20 faiz) müvəffəq olub. Ölkəmizin 59 kənd rayonunun ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 60152 şagirddən 57273-ü (95,21 faiz) imtahanda iştirak edib. Onlardan 45515-i (79,47 faiz) müvəffəqiyyət qazanıb. Özəl məktəblər üzrə 460 şagirdin 457-si (99,35 faiz) imtahanda iştirak edib. Onlardan 456-sı (99,78 faiz) müsbət nəticə göstərib. Ümumilikdə, respublika üzrə 92002 şagirddən 88815-i (96,54 faiz) imtahanda iştirak edib. Həmin şagirdlərdən 74832 nəfəri (84,26 faiz) müvəffəq olanlardır. Müqayisə üçün qeyd edək ki, bu isə ötənilki müvafiq göstəricidən 10 faizə qədər çoxdur".
M.Mərdanov onu da vurğuladı ki, ötən tədris illərində attestat ala bilməyən 8586 nəfər XI sinif məzunundan 6413-ü (74,69 faiz) imtahanda iştirak edib və onlardan 3852 nəfər (60,07 faiz) müvəffəq qiymət, 2173 nəfər (25,31 faiz) isə "qeyri-kafi" alıb.
Şəhərlər üzrə statistik göstəricilərə gəlincə, nazir qeyd edərək bildirdi ki, Bakı şəhəri üzrə 92,74 faiz nəticə əldə olunub: "Bakıda ən yüksək göstərici Xətai rayonunda (95,45 faiz) qeydə alınıb. Azərbaycan üzrə yüksək göstəricilər Sumqayıtda (95,45 faiz), Şirvanda (90,48 faiz), Naftalanda (92,41 faiz), Mingəçevirdə (92,74 faiz), ən aşağı göstəricilər isə Ağsuda (66,73 faiz), Cəlilabadda (53,71 faiz), Masallıda (60,3 faiz), Yardımlıda (64,54 faiz) qeydə alınıb. Nazirliyə tabe olan məktəblərdə nəticələr 98,84 faizdir".
Azərbaycanın təbii fəlakət zonasında 22 məktəbin 300-ə yaxın məzununun imtahanlardan azad olunduğunu deyən nazir vurğuladı ki, artıq onlara da attestatlar çatdırılıb. Qaçqın və məcburi köçkün məktəblərinin nəticələrinə gəlincə, M.Mərdanov əlavə edərək bildirdi ki, həmin məktəblər üzrə də nəticələr yüksəkdir. Onun sözlərinə görə, statistik nəticələrə gəlincə, Ağdam məktəbində 83,61 faiz, Cəbrayılda 84,4 faiz, Füzulidə 84,56 faiz, Kəlbəcərdə 82,49 faiz, Laçın 86,03 faiz, Qubadlı 96,34 faiz, Şuşa 89,84 faiz, Xocalı 95,89 faiz, Xocavənd 85,39 faiz nəticələr əldə olunub.
Nazir, həmçinin, qeyd etdi ki, iyunun 26-dək şagirdlərin apellyasiya şikayətlərinə baxılacaq. Onun sözlərinə görə, apellyasiya komissiyaları Bakı şəhərində 276 saylı orta məktəbdə, yerlərdə isə müvafiq təhsil şöbələrində təşkil olunub.
M.Mərdanov bildirdi ki, sabah müxtəlif səbəblərdən imtahan gəlməyən və ötən illərdə attestat ala bilməyən məzunlar üçün buraxılış imtahanları keçiriləcək.
Sonra təhsil naziri 2010-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin yekununa dair arayışı iclas iştirakçılarının nəzərinə çatdırdı. Nazir bildirdi ki, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün ölkəmizin əksər bölgələrini təmsil edən 123 məktəb təşkilat komitəsinə müraciət edib. Bu il də iştirakçılar arasında Bakı şəhəri məktəblərinin üstünlük təşkil etdiyini, 123 məktəbdən 49-nun (57 faiz) paytaxt məktəbləri olduğunu və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrindən yalnız Respublika İncəsənət Gimnaziyasının iştirak etdiyini söylədi. Nazir qalan 73 məktəbin isə 34 kənd rayonunu (65 məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etdiyini açıqladı.
Təhsil naziri M.Mərdanov bildirdi ki, müsabiqənin hər 3 mərhələsinin yekununa əsasən, 47 məktəb qalib hesab edilib. Təhsil naziri daha sonra "Ən yaxşı müəllim" müsabiqəsinin yekunu barədə məlumat verərək, bildirdi ki, bu müsabiqədə iştirak üçün 460 nəfər müəllim sənəd təqdim edib, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 9 nəfərin sənədləri qəbul edilməyib və 451 nəfərin sənədləri ekspertizadan keçirilib. Bildirdi ki, ümumilikdə, Təhsil Nazirliyi və ali məktəblərin nəzdindəki, habelə, özəl məktəblər istisna olunmaqla müsabiqədə ölkənin 45 rayon və şəhərini 406 müəllim təmsil edib. Bu müsabiqəyə sənəd təqdim etməyən rayonların adlarını xüsusi qeyd edən təhsil naziri əlavə edərək, vurğuladı ki, ekspertizanın nəticələrinə görə 203 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb, onlardan 3 nəfər obyektiv səbəblərdən müsabiqənin II mərhələsində iştirak edə bilməyib. Təhsil naziri müsabiqənin sonunda hər üç mərhələnin balları əsasında müəllimlərə yekun bal müəyyən edildiyini və ən yüksək nəticə göstərən 95 nəfər müəllimin qaliblər sırasına daxil olunduğunu vurğuladı. İclasda təhsil naziri Misir Mərdanov 2011-ci ildə keçiriləcək "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinə dair təkliflərini və bununla bağlı bir sıra məsələləri diqqətə çatdırdı.
Tədbirin sonunda M.Mərdanov jurnalistləri maraqlandıran sualları cavablandırdı.