Təbii fəlakətin nəticələri aradan qaldırılır
Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakət nəticəsində Salyan, İmişli, Şirvan və s. rayonlara külli miqdarda ziyan dəymişdir. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qayğısı sayəsində bu fəsadın aradan qaldırılması üçün işlər sürətlə davam edir. Onu da qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündən FHN Prezidentimizin göstərişlərinə əsasən, tam qüvvə ilə çalışıb. O cümlədən, fəlakət bölgələrinə yardımlar davam edir.
Yardımların ardı-arası kəsilmək bilmir. Təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Yəni aidiyyatı dövlət qurumları çox səmərəli işləyirlər. Ekstremal şəraitdə işləyən nazirliyin qüvvələri öz peşəkarlıq və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirərək, sel sularının sürətlə irəlilədiyi günlər də heç bir can itkisinə yol verilmədən insanların köçürülmələrinə yardımçı olmuş, bəndvurma və sahilbərkitmə işlərində yaxından iştirak etmişlər. Daşqınların ziyan vurduğu ərazilərdə əziyyət çəkən bütün kənd və qəsəbələrdə zəruri işlər görülmüş, vətəndaşların vacib ehtiyaclarının ödənilməsi üçün prinsipial addımlar atılmışdır. Bununla yanaşı, selin yaratmış olduğu təhlükə nəticəsində kənd və qəsəbələrdən vətəndaşların daha təhlükəsiz yerlərə köçürülməsi təmin edilmiş, onlar üçün çadır şəhərcikləri salınmışdır. Çadır şəhərciklərində, vətəndaşlar üçün isti yemək, yataq, geyim ləvazimatları və digər zəruri ehtiyacların ödənilməsi üçün hər cür şərait yaradılmışdır.
Onu da qeyd edək ki, dövlət strukturlarının birgə və çevik fəaliyyəti nəticəsində təbii fəlakətdən zərər çəkmiş bölgələrdə vəziyyət normallaşmaqdadır. Əhalinin təhlükəsizliyinin təmin olunması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və sosial-məişət qayğılarının həll edilməsi, eləcə də, tibbi xidmətlər ilə əhatə olunmaları üçün davamlı tədbirlər görülür. Kürün deltasında da liltəmizləmə prosesi gedir. Həm Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəmiləri fəlakət zonasında işlərini davam etdirir. Rusiyada suyun dibini dərinləşdirməklə məşğul olan, bu sahədə ixtisaslaşmış "Kasptransform" şirkətinin də kömək etməsi ehtimal olunur. Hər bir təşkilat bununla bağlı öz proqramını təqdim edəndən sonra nəticələrə əsasən ümumi, milli proqramın qəbul ediləcəyi nəzərdə tutulur. Bu layihənin tam həyata keçirilməsi üçün ciddi işlər aparılmalıdır. Cənab Prezident İlham Əliyev tərəfindən yaradılan komissiyanın gələcəkdə bu barədə problemlərin həlli üçün uzunmüddətli təklif hazırlanması nəzərdə tutulur.
Bundan başqa, ölkənin nəqliyyat strukturlarının, o cümlədən, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi də gücləndirilmiş iş rejiminə keçib. Daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində problemlər yaranmışdı. Osmanlı-Azadıkənd mənzilini sel suları basdığına görə, oradakı yaşayış sahələri çox ziyan çəkməməsi üçün dəmir yolunun yatağının altından suyun digər istiqamətə ötürülməsi üçün tədbirlər görülüb. Sahilbərkitmə işləri üçün hadisə yerinə 34 vaqon daş plitələr, köhnə beton şpallar boşaldılıb, 55 vaqon isə Şirvan stansiyasında yüklü vəziyyətdə dayanıb.