PDF Oxu

Əsas

  • 16

Şəxsi və ailə həyatına müdaxilə yolverilməzdir

Şəxsi və ailə həyatına müdaxilə yolverilməzdir
Milli Məclisin İnsan Hüquqları, həmçinin, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin birgə keçirdiyi iclasda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi müzakirə olundu. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, parlamentdəki birinci oxunuş müzakirələri zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin əksəriyyəti nəzərə alınıb.
Qanun layihəsi hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyini nəzərə alaraq, konfidensiallığı əsas tutmaqla qadınlara qarşı ayrı-seçkiliyinin aradan qaldırılmasını, məişət zorakılığından zərərçəkən şəxslərin pozulmuş hüquqlarının bərpasını nəzərdə tutur. Qanun yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, doğma və ögey qardaşlar, bacılar, övladlığa götürülmüş və övladlığa götürmüş şəxslər), habelə, birgə yaşadığı hallarda digər qohumlara, nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına və onlarla birgə yaşayan qohumlara, qəyyum və himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə, üzərində qəyyumluq və himayəçilik təyin edilmiş şəxslərə şamil ediləcək. Qanun layihəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətlərə müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən baxılacaq. Məişət zorakılığı ilə bağlı araşdırmanın aparılması üçün müvafiq qurumlara şikayət daxil olmalıdır. Şikayətlər qanun qəbul olunduqdan sonra hazırlanacaq təlimat əsasında araşdırılacaq. Qanuna əsasən dövlət məişət zorakılığından əziyyət çəkən vətəndaşlara yardımlar göstərəcək. Məişət zorakılığını törətmiş şəxslərin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Qanuna əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət tərəfindən mühafizə orderi veriləcək. Mühafizə orderləri iki cür olacaq. Birinci qısa müddətli mühafizə orderi müvafiq icra hakimiyyəti tərəfindən veriləcək. İkinci uzunmüddətli mühafizə orderinin verilməsi isə məhkəmə qərarı ilə həyata keçiriləcək. Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə bu hərəkətin təkrarən törədilməsini, zərərçəkmiş şəxslə təkrar ünsiyyəti, zərərçəkmiş şəxsə narahatlıq gətirən hərəkətlərin edilməsini qadağan edəcək. Mühafizə orderinin tələblərini icra etməyən şəxs inzibati məsuliyyətə cəlb olunacaq. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 günədək olan müddəti əhatə edəcək. Bununla bağlı məhkəmənin çıxardığı qərar 24 saat müddətində icra olunmalıdır. Uzunmüddətli mühafizə orderinin tələblərini icra etməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyacaqlar. Qanuna əsasən məişət zorakılığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumat bankı yaradılacaq. Qanun qüvvəyə mindikdən sonra ölkədə məişət zorakılığından zərər çəkmiş şəxslərə yardımın təşkil olunması üçün dövlət yardım mərkəzləri fəaliyyətə başlayacaq. Bu mərkəzlərin göstərdiyi xidmətlər ödənişsiz olacaq. Mərkəzlərdə zərər çəkmiş şəxslərə tibbi və hüquqi yardım göstəriləcək, onların işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə köməklik göstəriləcək. Mərkəzlərdə zərərçəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursları təşkil ediləcək. Zərərçəkmişlərin müdafiəsi üçün müvafiq sənədlərin hazırlanması və sosial müavinətlərin ayrılmasına kömək göstəriləcək. Yardım mərkəzləri zəruri hallarda zərərçəkənləri sığınacaqla təmin edəcəklər. Qanuna əsasən, zərərçəkənlər yardım mərkəzlərində 2 ay, yetkinlik yaşına çatmayan şəxslər isə 3 ay müddətinədək sığınacaqla təmin olunacaqlar. Yardım mərkəzləri dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları tərəfindən də yaradıla bilər. Bundan əlavə, fiziki şəxslər də öz mənzillərini xeyriyyəçilik əsasında yardım mərkəzi kimi istifadə edə bilərlər. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanlarında akkreditasiyadan keçməlidirlər.
Müzakirələrdə çıxış edən millət vəkili Yevda Abramov təkmilləşmədən sonra qanun layihəsinin daha anlaşıqlı olduğunu bildirdi. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə qanunun qəbul olunmasının Azərbaycanda qadınların diskriminasiyaya məruz qalması kimi qiymətləndirilməsinin əleyhinə olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan qadınları kişilər kimi bütün hüquqlardan istifadə edə bilirlər.
Komitənin iclasında iştirak edən millət vəkili Qənirə Paşayeva bu qanunun qəbul olunmasının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Millət vəkili dedi ki, Azərbaycan məişət zorakılığı problemini görür və bu qanunu qəbul etməklə onun aradan qaldırılması niyyətini ortaya qoyur.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuş üçün parlamentin növbədənkənar sessiyasının iyunun 18-də keçiriləcək plenar iclasına tövsiyə olundu.

Digər xəbərlər