Adətən, deyirlər ki, keçmişini unudan xalq heç vaxt gələcəyini qura bilməz. Hər şey kökdən başlayır. Xalqların böyüklüyü, gücü, qüdrəti onun qədimliyi, zəngin mədəniyyəti və şanlı tarixi ilə ölçülür. Zaman-zaman dərs alıb, örnək götürdüyümüz çox hadisələr olub.
Elə bizi bütövləşdirən, zənginləşdirən və əbədiyaşar edən tariximizin bəzi məqamlarından ibrət, bəzi məqamlarından isə örnək almağımız olub. Tarixin yeni dövründə böyük filosof Viko tərəfindən yeni bir nəzəriyyənin əsası qoyuldu. Bu nəzəriyyəyə görə ictimai və siyasi hadisələr tarixdə sonsuz sayda təkrar olunur. Viko bu nəzəriyyəni tarixi dövran nəzəriyyəsi adlandırdı.
XX əsrin bəzi filosofları da bu nəzəriyyəyə tərəfdar çıxaraq müdafiə etdilər. Bəs bu baxışlar sistemində söhbət nədən gedir? İstənilən sahədə baş verən hadisələr tarixi prosesin gedişatından çox asılıdır. Bu gün dünyanın ən qaynar nöqtələrində öz xidməti borclarını layiqincə yerinə yetirən əsgərlərimiz, peşəkarlıq və yüksək hazırlıq baxımından heç də başqa ölkələrin hərbi qulluqçularından geri qalmır. İraqda, Kosovoda, Əfqanıstanda NATO-nun sülhməramlı qüvvələrinin tərkibində öz missiyasını yerinə yetirən hərbiçilərimiz, sülhün və əmin-amanlığın bərpası yolunda uğurla xidmət edirlər. Dəfələrlə yüksək komandanlıq tərəfindən mükafatlandırılan əsgərlərimiz, üzərlərinə düşən bütün vəzifələri tam məsuliyyətlə icra edirlər. Danılmaz faktdır ki, Azərbaycan Silahlı Qüvvələri təkcə Qafqazda deyil, dünyada öz peşəkarlığı ilə fərqlənən ordulardan biridir. Bu da təsadüfi deyil. Hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev, hərbi məktəblərin yaradılması üçün böyük işlər görməyə başladı. Qısa müddətdə C.Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Bu, o dövr üçün çox riskli bir addım idi. Bəlkə də dünyada çox az dövlət başçısı var ki, ən ucqar hərbi hissələrə gedib əsgərlərin yanında olsun, onların problemi ilə maraqlansın. Məhz müasir Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyev tez-tez cəbhə bölgələrində olaraq hərbçilərin psixoloji hazırlığını yüksəldirdi. Bu ənənə bu gün də davam edir. Cənab Prezident İlham Əliyev də hər dəfə regionlara səfəri çərçivəsində həmin bölgədə yerləşən hərbi hissələrə baş çəkib, öz göstərişlərini verir. Fəxrlə deyə bilərik ki, büdcəmizdən hərbi sahəyə ayrılan vəsait bədnam qonşumuz Ermənistanın ümumi büdcəsi qədərdir. Bu fakt, onu göstərir ki, ordumuz istənilən an işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir. Milli Məclisin iyunun 8-də keçirilən növbədənkənar iclasında qəbul edilən hərbi doktrinada bu maddələr əks olunur. Sənədin bəndlərindən birində deyilir ki, Azərbaycan, hərbi güc də daxil olmaqla, bütün zəruri vasitələrdən istifadə edərək, özünün zəbt olunmuş ərazilərini işğaldan azad edə, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilər.