PDF Oxu

Əsas

  • 12

Hərbi Doktrina erməni işğalını ifşa edir

Hərbi Doktrina erməni işğalını ifşa edir
Bir neçə gün bundan öncə, Azərbaycan Respublikasının Milli Məclisində dövlətin əsas hərbi sənədi sayılan Hərbi Doktrina səs çoxluğu ilə qəbul olundu. Uzunmüddətli müzakirələrdən sonra qəbul olunan qanun layihəsi ölkənin müdafiə xarakterli əsas qanunu hesab olunur. Bu qanun layihəsinin uzun muddətdir müzakirə olunmasının da məhz onun ölkənin hərbi təhlükəsizliyi baxımından yüksək əhəmiyyətli sənəd olmasıdır. Təsadüfi deyil ki, Hərbi Doktrinanın Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının əsasında tərtib olunması da təsdiq edilir. Yalnız uzunmüddətli və hərtərəfli müzakirələrdən sonra bunun qəbul olunması bir daha bunu sübut edir.
Qəbul olunmuş yeni Hərbi Doktrinada da qeyd edildiyi kimi, bu sənəd ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhlükəsizlik Konsepsiyasının təminatı əsasında tərtib olunmuşdur və Azərbaycanın daxili və xarici hərbi təhdidlərdən qorunmasına yönəlmiş bir sənəddir. Atəşkəsin olmasına baxmayaraq, hələ də müharibə vəziyyətində olan Azərbaycan dövlətinin belə bir təhlükəsizlik və müdafiə sənədinin hazırlanması çox mühüm və vacib məsələ idi. Sənəddə Azərbaycanın ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində dövlət səviyyəsində beynəlxalq təhlükəsizliyə töhfə verməsi də qeyd olunub. Bu fəaliyyəti də biz Azərbaycan dövlətinin beynəlxalq hərbi təşkilatlarla keçirdiyi birgə layihələrdə də müşahidə etməkdəyik. Azərbaycanın öz təhlükəsizliyini Avratlantik məkanda həyata keçirməsini nəzərə alan Hərbi Doktrina NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın təmin edilməsini vacib amil kimi irəli sürür. Bununla yanaşı, terrorçuluğun bütün növləri ilə mübarizədə beynəlxalq birliyin səylərinin dəstəklənməsi də sənəddə yer alıb. Azərbaycan dövlətinin indiyə kimi beynəlxalq birlik tərəfindən irəli sürülən bütün beynəlxalq terrorizmə qarşı kampaniyalara qoşulmuş, bu sahədə öz dəstəyini əsirgəməmişdir. Nəzərə alsaq ki, Azərbaycan özü ən böyük terror aktlarına məruz qalmış ölkədir, onda onun belə kampaniyalarda iştirakı da məqsədəuyğundur. Əlbəttə ki, terror aktları deyərkən, məhz erməni silahlı qüvvələrinin Azərbaycanda törətdiyi cinayətlər nəzərdə tutulur.
Heç təsadüfi deyil ki, bu sənəddə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və bu işğalın Azərbaycanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilib. Bu işğalın indiyə kimi davam etdirilməsi isə Azərbaycanın milli təhlükəsizliyinə mənfi təsir göstərən əsas amil kimi göstərilmişdir. İndiyə kimi bu faktın müxtəlif dövlət sənədlərində əks olunması müşahidə olunurdusa, ilk dəfədir ki, bu faktlar doktrina şəklində ortaya qoyulub. Bu isə yüksək əhəmiyyətli məsələdir və işğalın doktrina səviyyəsində qeyd olunması dövlətin yeritdiyi siyasəti göstərməklə yanaşı, bəzi ekspertlərin də qeyd etdiyi kimi, həm də bir sıra qüvvələrə qarşı istiqamətlənmiş mesajdır. Bu mesajın belə qətiyyətli şəkildə Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi isə mühüm məsələdir.
Hərbi Doktrinada, həmçinin, Azərbaycanın tarixi əraziləri olan, hazırda isə Ermənistan tərəfindən işğal altında olan ərazilərdə beynəlxalq nəzarətin mövcud olmaması barədə müddəa da yer alıb. İnsan hüquqlarının təminatı və müdafiə edilməsi, insan alverinin, narkotik maddələrin qeyri-qanuni istehsalı və dövriyyəsinin olması barədə də danışılır. Azərbaycanın təbii ehtiyatlarının talan olunması, işğal olunmuş ərazilərdə terrorçular və silahlı qüvvələr üçün baza da yaradılmışdır. Əslində, bu məsələlər də indiyə kimi müxtəlif dövrlərdə və müxtəlif formalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Lakin bu məsələlər heç bir beynəlxalq sənədə uyğun olaraq tənzimlənməyib.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı Hərbi Doktrinada yer alan əsas müddəalardan biri də məhz bu məsələ ilə bağlı hərbi fəaliyyətin təzlənməsinin mümkün variantlarıdır. Belə ki, sənəddə bu variantalardan biri kimi göstərilir ki, Ermənistanın işğalını davam etdirməsi və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində torpaqları könüllü azad etməkdən imtina etməsi ilə bağlı olaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə məcburən hərbi gücün tətbiq edilməsi mümkündür. Bu müddəa ilə, bilavasitə, sübut olunur ki, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad edə bilər. Bu isə danışıqların baş tutmayacağı təqdirdə baş verəcək.
Ümumilikdə götürdükdə isə, Hərbi Doktrina beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş hüququn norma və prinsiplərinə Azərbaycan dövlətinin riayət etdiyini bir daha təsdiq edir. Bu prinsiplər çərçivəsində qəbul olunan qanun Azərbaycanın hərbi qüdrətinin artmasına, müdafiə qabiliyyətinin yüksəlməsinə, təhlükəsizliyinin daha da güclənməsinə xidmət etmiş olacaq.

Digər xəbərlər