PDF Oxu

Əsas

  • 16

Milli Qurtuluş Azərbaycanın xilas tarixidir

Milli Qurtuluş Azərbaycanın xilas tarixidir
Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı və Nizami rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi. Nizami rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə, iştirakçılar öncə, binanın foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstələri düzüblər.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra, giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva 15 İyun Milli Qurtuluş Gününü milli məfkurəmizdəki yerindən və mövqeyindən bəhs etdi. Bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yox olma təhlükəsindən xilas etdi. "1990-cı illərin əvvəllərində siyasi hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və şəxsi maraqları daha çox önə çəkmələri sayəsində Azərbaycan dövlətçiliyi çıxılmaz duruma düçar olmuşdur. Demək olar ki, Azərbaycana qarşı həm daxildən, həm də xaricdən böyük təhlükələr mövcud idi. Ölkə daxilində bir neçə qütbə bölünmüş qüvvələr arasında gərgin mübarizə gedirdi. Bütün bunların fonunda isə, Azərbaycan xalqı böyük əzab və əziyyətlərə düçar olmuşdur. Məhz belə bir məqamda xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyevə idi. Beləliklə də, Azərbaycan xalqı təkid və tələblə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsinə və Onun müdrikliyi ilə bütün bu problemlərin aradan qaldırılmasına inamı daha da gücləndi" deyən S.Vəliyeva 1993-cü ilin 15 iyununda Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, ulu öndər, Ali Məclisin Sədri seçilməklə, Azərbaycan dövlətini bütün problemlərdən və mövcud bəlalardan xilas etmiş olduğunu bildirdi.
Millət vəkili Fəttah Heydərov çıxışında Azərbaycan tarixinin ən müqəddəs günlərindən olan 15 İyun Milli Qurtuluş Gününün xalqın və millətin ən böyük bayramlarından biri olduğunu söylədi. Qeyd etdi ki, Azərbaycan tarixində ən önəmli məqamlarından olan 1993-cü ilin 15 iyunu xalqın böyük öndəri, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ilə əlaqədardır. Bu tarix Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında yenidən böyük bir missiyasının başlanğıc tarixi kimi də qiymətləndirilir. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətinin başı üzərini almış böyük təhlükələr və xarici işğal faktoru xalqın Ulu Öndər Heydər Əliyev zəkasına üz tutması ilə sona yetdi.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov tədbir iştirakçılarına 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırdı. Bildirdi ki, Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən olan 15 İyun Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir. Ulu Öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi və əhatəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanın düşmüş olduğu bəlalardan xilas etdi deyən E.İbrahimov Ulu Öndərin o dövrlər Naxçıvanda görmüş olduğu bir sıra işlərdən də bəhs etdi. E.İbrahimov o dövrlər həm ölkə daxilində, həm ölkə xaricində baş verən proseslərin çox mürəkkəb olduğunu və bu çətin situasiyadan ümummilli lider Heydər Əliyevin dərin zəkası ilə çıxmağın mümkünlüyünü diqqətə çatdırdı. "Ulu Öndər Heydər Əliyev həmişə öz xalqı və dövləti üçün əlindən gələn heç bir işi əsirgəməyib. O dövr Naxçıvanda Ali Məclisə Sədrlik edən Ulu Öndər, ilk dəfə olaraq, Azərbaycan bayrağını müstəqil dövlətin rəmzi kimi təqdim etməklə, ilk konkret addım atmış oldu. Beləliklə də, Ulu Öndər, Heydər Əliyevə qarşı xalqın böyük inamı və məhəbbəti daha da güclənməyə başladı" deyən E.İbrahimov 1993-cü ilin məlum hadisələrindən sonra xalq öz liderini yenidən rəhbər görmək arzusu ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalqın təkidi ilə siyasi hakimiyyətə yenidən qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı düşmüş olduğu bütün bəlalərdan xilas etdi və xalqı xoşbəxt gələcək naminə böyük ideyalar ətrafında birləşdirdi.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən və Onun keçmiş olduğu böyük yoldan bəhs etdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı olan tədbirlər rayon ərazisində çox yüksək səviyyədə keçirilir. Tədbirin sonunda Nizami rayon ictimaiyyəti adından möhtərəm Prezident cənab İlham Əliyevə təbrik məktubu ünvanlandı.

Digər xəbərlər