Qafqazda modern ordu nümunəsi
Azərbaycanın iqtisadi imkanları genişləndikcə ordu quruculuğu sahəsinə göstərilən diqqət və qayğının əhatəsi də genişlənir. Ermənistanla müharibə şəraitində yaşayan ölkəmiz üçün bu sahənin dövlət rəhbəri tərəfindən prioritet elan olunması taleyüklü problemlərin həllində, şübhəsiz, mühüm rol oynayacaq. Bu günlərdə Azərbaycanın Hərbi Doktrinasının hazırlanması və Prezident tərəfindən Milli Məclisə təqdim olunması da dövlətin hərbi siyasətinin əsas prioritet olduğunu göstərir.
Bir qədər əvvəl, Müdafiə Nazirliyində keçirilən müşavirədə Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, "bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Hərbi hazırlıq yüksək səviyyədədir. Son illər ərzində çoxlu texnika və silah-sursat alınıb. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır".
Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Silahlı Qüvvələrimizin də bu yöndə əlaqələri genişlənir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən, 2009-cu ildə hərbi sahədə 4 əsas sənəd imzalamışdır.
Hazırda təqribən 30 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir. Ümumiyyətlə, 4 may 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmaqla öz üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirir. Silahlı Qüvvələrimizin beş zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində uğurla xidmət edir.
Ötən il hərbi qulluqçularımız müxtəlif əməkdaşlıq sahələri üzrə 44 kursda, 6 təlimdə, təlimlə bağlı 24 planlaşdırma konfranslarında, 11 seminar və 5 işçi görüşdə, 10 konfrans və simpoziumda və s. iştirak ediblər. Yeri gəlmişkən, bu il NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində hərbçilərimizin 120 tədbirdə iştirakı nəzərdə tutulub. O cümlədən, müvafiq proqram çərçivəsində Azərbaycanda keçirilməsi nəzərdə tutulan 9 tədbir də planlaşdırılıb.
Ümumiyyətlə, Silahlı Qüvvələrimizin beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edən nümayəndələri onlara göstərilən etimadı doğruldaraq, bir qayda olaraq, əsil peşəkarlıq nümayiş etdirirlər. Bunu Müdafiə Nazirliyinin ünvanına göndərilən təşəkkür məktubları təsdiq edir.
Azərbaycan ordusunun qarşısında dayanan ən mühüm məsələlərdən biri döyüş hazırlığıdır. Bunu daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinin səyi nəticəsində yalnız ötən ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilib. Hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanlarını artırmaq məqsədi ilə Hərbi Hava Qüvvələrinə müdafiə üzrə yeni texnikalar alınmış, mövcud texnikaların təmiri və modernləşdirilməsi işi həyata keçirilib.
Yeni kompleks uçuş simulyatorlarının sıraya qoyuluşu isə nəticədə uçuş heyətinin döyüş hazırlığı keyfiyyətini artırıb, aviasiya texnikalarının texniki resurslarına qənaət olunmasına şərait yaradıb. Zenit raket komplekslərinin modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə döyüş texnikasının səmərəliliyini, ən əsası, atəş imkanlarını artırıb. Hərbi-Hava Qüvvələrinin modernləşdirilməsi yolunda əldə olunmuş ən böyük uğurlardan biri də döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsidir.
Ümumiyyətlə, cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəriciləri qeydə alınıb. Bütün bunlar, ilk növbədə, müvafiq tədris ilində birlik və birləşmələrdə həyata keçirilən 70-dək komanda-qərargah təliminin uğurlu təşkili nəticəsində mümkün olub. Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələrinin də cəlb olunduğu bu təlimlərdə müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən fəal istifadə olunması görülən işin effektini ikiqat artırıb.
Yeri gəlmişkən, ötən il birgə keçirilən əməliyyat-taktiki təlimində dağ şəraitində döyüş texnikası və silahlarının tətbiq edilməsinin üsul və metodları, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması və s. kimi vacib məsələlər dərindən analiz edilib, şəxsi heyətin bilik və bacarığının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Ötən müddət ərzində bütün qoşun növlərində müasir dövrün tələblərinə cavab verən mühüm islahatlar həyata keçirilib. Təkcə onu demək kifayətdir ki, Hərbi-Dəniz Qüvvələrində müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri uğurla yerinə yetirilib.
Hazırda döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üçün geniş tədbirlər planı nəzərdə tutulub. Azərbaycan öz daxili resursları hesabına 200 tonluq patrul katerini də inşa edib. Bundan başqa, hazırda dəniz sərhədlərimizdə üzən 21 gözətçi gəmi də əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilib.
Ümumiyyətlə, bu gün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti imkanları əvvəlki illərlə müqayisədə qat-qat artıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir.
Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan Bakı bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.