PDF Oxu

Əsas

  • 16

ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır

ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır
ABŞ müdafiə nazirinin Azərbaycan tərəfi ilə aparacağı danışıqların əsas məzmunu Əfqanıstanda Amerika hərbi qüvvələrinin Azərbaycan üzərindən təchizatı ilə bağlı məsələlərlə olub. ABŞ mediasında yayımlanan analitik materiallarda belə vurğulanır. Pentaqondan verilən məlumatlar da göstərir ki, ABŞ Əfqanıstana hərbi yüklərin daşınmasında Azərbaycana böyük önəm verir və məhz bu marşruta üstünlük verir. Yüklər və əsgəri qüvvə Qara dəniz vasitəsilə Gürcüstanın Poti limanına, ordan dəmiryolu ilə Azərbaycana, sonra isə gəmi ilə Türkmənbaşı limanına daşınır.
ABŞ prezidenti Barak Obamanın 2009-cu ilin iyulunda Moskvaya səfəri zamanı Əfqanıstan məsələsilə bağlı iki ölkə arasında razılığın əldə olunmasına dair məlumat yayılsa da, görünür, Vaşinqton hərbi yükləri və əsgəri qüvvəni Rusiyadan kənar marşrutlar üzrə daşımağa maraq göstərir. Belə etibarlı marşrutlardan biri də Azərbaycandır.
Milli Məclisin Analitik İnformasiya Mərkəzinin rəhbəri Aydın Ağayevin fikrincə, ABŞ-ın Əfqanıstan məsələsində Azərbaycana ehtiyacı hələ qalmaqdadır. Bu yerdə Azərbaycanın siyasi davranışı sırf milli maraqlara əsaslanmılıdır: "Sirr deyil ki, ABŞ Əfqanıstanda, eləcə də İraqda çətin durumdadır. Amerika Əfqanıstandakı işlərini aparmaq üçün Mərkəzi Asiyadan, xüsusilə də Qırğızıstandan, Özbəkistandan yararlanırdı. Ötən illərin təcrübəsi göstərdi ki, əsasən də Qırğızıstanda tamam başqa səbəblərdən baş verən hadisələr Amerika üçün qlobal siyasətdə problemlər yaradır.
Azərbaycan o ölkədir ki, burada daim sabitlik var, daim prinsipal mövqeyə sədaqət var və həmin iki şərtə söykənən milli mənafeyə yanaşma var. Bunu Amerika da başa düşür və ABŞ rəsmilərinin Azərbaycana səfərləri artır. Əldə olunan məlumatlara görə, müdafiə naziri Robert Geyts Çinə səfərini təxirə salıb, Azərbaycana gəlib. Bu bir daha Azərbaycanın önəmini göstərir. Azərbaycan birinci dəfə deyil ki, ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Amma Azərbaycan təbii ki, ilk növbədə, milli maraqlardan çıxış etməlidir".
Politoloq onu da bildirib ki, Azərbaycan hələ uzun müddət ABŞ-ın Mərkəzi Asiya və Orta Şərqə çıxışı təmin edən ölkə olacaq: "Əgər vaxtilə mübarizə torpaqları zəbt etmək uğrunda gedirdisə, indi iki məqsəd uğrunda gedir. Birincisi, bu və ya digər regonda siyasi dominantlığa malik olmaq, ikincisi, enerji ehtiyatlarına nəzarət etmək. Bunların hər ikisinin kəsişməsində Azərbaycan özünün sabit qədəm olduğunu göstərib.
Bakı heç kimə problem yaratmır. Azərbaycan öz milli maraqlarının üzərində israr edəndə hay-küy salmağa başlayırlar. Amma milli mənafeyə dayanan siyasət sonda uğurla nəticələnir. Azərbaycanda formalaşmış siyasət səbrli siyasətdir".
ABŞ-ın müdafiə naziri Robert Geytsin Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri, əsasən ABŞ-ın Xəzərdə təhlükəsizlik məsələlərinə gələcək yardımı müzakirə olunub. Bu barədə Pentaqonun saytında yerləşdirilmiş məqalədə deyilir.
"Biz artıq bu məsələlərdə onlara yardım göstəririk, on milyon dollarlıq kater, radar və digər avadanlıq veririk",- Geyts deyib. Pentaqonun şefi qeyd edib ki, kəşfiyyat, hərbi təlimlərin keçirilməsi sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.
İran və Rusiya məsələləri də danışıqların mövzusu olub. "Onlar asan olmayan qonşuluqda yaşayırlar və mən onlara dedim ki, beynəlxalq birlik onların Əfqanıstan üçün etdiklərini qiymətləndirir", - Geyts vurğulayıb.
ABŞ-ın müdafiə naziri etiraf edib ki, Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmamasından narahatlığını bildirir. "Hesab edirəm ki, səfər çox faydalı oldu və bu, gələcək əməkdaşlıq üçün yeni mərhələyə başlamağa imkan verəcək. Gələn ay biz hərbi məsələlər üzrə ikitərəfli məsləhətləşmələr aparacağıq və bir çox məsələlər öz həllini tapacaq",- Geyts bildirib.
Qeyd edək ki, rəsmi məlumatlarda Pentaqonun şefinin Bakıya səfəri ilə bağlı bildirilirdi ki, Geyts Əfqanıstana tranzit məsələsində oynadığı rola görə Azərbaycana təşəkkür etmək üçün gəlib və bununla bağlı prezident Barak Obamanın məktubunu gətirib. Bütünlükdə isə, Geytsin ziyarətinin mahiyyətində Azərbaycanın ABŞ siyasətindəki önəmi dayanır.
Obamanın da Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda birmənalı şəkildə vurğulanırdı": Birləşmiş Ştatlar Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında öz çəkisi olan töhfəsini etiraf edir. Ümid edirəm ki, biz yaxın aylar və illər ərzində münasibətlərimizi genişləndirə və dərinləşdirə bilərik".
"Reuters"in xəbərinə görə, Ağ Evin sahibi başqa bir maraqlı etirafda da bulunub" :Mən münasibətlərimizdə ciddi problemlərin olması haqqında özümə hesabat verirəm, amma əminəm ki, biz onları həll edə bilərik".
Pentaqon şefinin Bakı səfəri ABŞ mətbuatının diqqət mərkəzində olub. "The Washinqton Post" Əfqanistan məsələsində ABŞ üçün Bakının rolundan yazır: "Bu kiçicik ölkəyə Vaşinqtonun diqqətini çəkən iki cəhət var - zəngin neft yataqları və ən Əfqanıstana ərazicə yaxınlıq. Məhz coğrafi mövqeyinə görədir ki, Birləşmiş Ştatlar Əfqanıstanda müharibə üçün öz qoşunlarını, yanacaq, su digər materialların daşınmasında Azərbaycanın dəmir yollarından, limanlarından və hava məkanından son dərəcə asılıdır. Odur ki, Azərbaycan rəsmilərinin Obama administrasiyasından bütün bunlara lazımi qiymət verilmədiyindən şikayətlənməsi Vaşinqtonun çevik cavabına səbəb oldu".
Qəzet yazır ki, Əfqanıstan müharibəsinin müvəffəqiyyətlə davam etdirilməsi üçün Amerika Qafqaz və Mərkəzi Asiya ölkələrindən asılıdır və buna görə də Bakının gileyinə belə reaksiya verilib.
"The Washinqton Post" yazır ki, Əfqanıstandakı 140 minlik əsgəri qüvvənin içində Azərbaycan kontingenti cəmi 90 nəfərdən ibarət olsa da, təkcə ötən il bu ölkədəki qoşunların 100 mindən çoxu Azərbaycanın hava məkanı ilə daşınıb.
"Bundan əlavə Əfqanıstandakı koalisya qoşunlarının ehtiyacları üçün qeyri-döyüş yüklərinin də 25 faizindən çoxu Azərbaycan ərazisindən daşınaraq Xəzərin üzərindən Qazaxıstana, oradan isə Əfqanıstana çatdırılır".
Qeyd edək ki, Barak Obamanın Prezident İlham Əliyevə şəxsi məktubunu gətirmiş cənab Geyts müxbirlərə bildirib ki, onun məqsədi guya bu ölkəyə lazımınca diqqət verilmədiyi barədə Azərbaycanın narahatlıqlarını ləğv etməkdir.
Qeyd edək ki, bu səfər Pentaqonun şefinin son 5 ildə Azərbaycanı ilk ziyarətidir. Ardınca isə ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıya səfəri gözlənilir. Bu isə ABŞ hökumətinin regionda Azərbaycanın nüfuzunun artması və əlverişli coğrafi məkanda yerləşməsi və Bakının həyata keçirdiyi strateji siyasətin nəticəsidir. Yaxın gələcəkdə iki ölkə arasında daha yüksək əməkdaşlığın yaranacağını ehtimal etmək olar. Bu da Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsinin həllində Vaşinqtonun dəstəyinin güclənməsinə gətirib çıxara bilər.

Digər xəbərlər