1993-cü ilin 4 iyun Gəncə hadisələrindən 17 il ötür. O vaxtkı AXC-Müsavat iqtidarı müstəqilliyimizi lazımi qədər qiymətləndirə bilmədi. Bu dövrdə ölkə iqtisadiyyatı tənəzüllə uğradı, torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal edildi. 1993-cü il iyun ayının 4-də isə Gəncə hadisələri baş verdi. Ölkə qardaş qırğını ilə üzləşdi. ASDP həmsədri Araz Əlizadə "Səs" qəzetinə açıqlamasında 4 iyuna gedən yol və hadisələrinin başvermə səbəblərinin nədən qaynaqlandığı ilə bağlı fikirlərini açıqladı:
- 1993-cü il 4 iyuna gedən yol 1992-ci il martın 5-6-da və may ayının 14-15-dən başladı. Azərbaycan Xalq Cəbhəsi qarşısına məqsəd qoymuşdu ki, ölkədə dövlət çevriliş etməklə hakimiyyətə gəlsin. Bir faktı xatırlatmaq istərdim ki, 12 fevral 1992-ci ildə AXC məclisi belə bir qərar qəbul etmişdi: ya Ayaz Mütəllibov istefaya getməlidir, ya da o, silahlı yolla hakimiyyətdən kənarlaşdırılacaq. AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyətə gəldi. Beləliklə də, bu cinayətkar ünsürlərin hakimiyyəti ilində nə baş verdi - özbaşınalıq, xaos, Azərbaycanını bir dövlət kimi dünya xəritəsindən silinmək ərəfəsində olması və nəhayət, qardaş qırğını. Bu, o vaxtlar idi ki, bu hakimiyyət ətrafında olan hər bir gəda quldurluqla əldə etdiyi pullarla ətrafına quldur dəstəsi toplayır və onları silahlandırırdı. Nəticədə həmin quldur dəstələri insanları qarət etməklə məşğul olmaqla yanaşı, öz gədə-güdə dəstələri ilə hətta Milli Məclisə də gələrək, qanundan başları çıxmadığı halda, əmrlər də verirdilər. Bütün bu faktlar onu göstərirdi ki, Azərbaycan dövlətçiliyi böyük faciə qarşısındadır, süquta gedir. Azərbaycan daxilində baş verən bu özbaşınalıq, xaos ölkənin beynəlxalq aləmdə də nüfuzunun itirilməsinə səbəb olurdu. Ölkədə baş verən bu proseslərlə bağlı mayın 19-da çıxışımda bildirmişdim ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti bir ildən artıq davam etməyəcək. Amma görünür, mən səhv etmişəm. Çünki bu cütlüyün hakimiyyəti dediyim vaxtdan 20 gün artıq oldu. Ancaq bilirdik ki, silah gücü ilə hakimiyyətə gələnlər elə bu düşüncə ilə də illər boyu fəaliyyət göstərəcəklər. 1992-ci il 28 apreldə Zərdüşt Əlizadənin "İstiqlal" qəzetində məqaləsi çıxdı. Həmin məqalədə bildirilirdi ki, "Heydər Əliyev onsuz da qayıdacaq, indi qayıtsa daha yaxşıdır". Həmin məqalədə bu qayıdışın səbəbləri açıqlanırdı. Bildirilirdi ki, Azərbaycanı düşdüyü bu durumdan ancaq və ancaq Heydər Əliyev çıxara bilər. Çünki Azərbaycanın bu gədə-güdə əlində qalmasına xalq da etirazını bildirirdi. Elə buna görə də, xalq Heydər Əliyevə müraciət etdi, ümidlərini Onun qayıdışında gördü.
Çünki Azərbaycan xalqı yaxşı görürdü ki, AXC-Müsavat hakimiyyəti reketçilik və quldurluqla məşğuldur. Bu hakimiyyətin nümayəndələri şüşə bir qaba düşmüş ağzı bağlı hörümçəklərə bənzəyirdilər. Çünki İskəndər Həmidov, Rəhim Qazıyev, Əli Kərimov, İsa Qəmbərov və Pənah Hüseynov arasında birincilik uğrunda barışmaz mübarizə gedirdi. Əbülfəz Elçibəy isə, birinci deyildi, o, nominal bir fiqur kimi prezident postunda oturmuşdu. Pulu olanlar da quldur dəstələri düzəldib lotuluq edirdilər. Ancaq onların bu hərəkətləri nə reketçilik idi, nə də mafiozi nümunəsi. Çünki mafiyanın dəmir intizamı olur və heç bir küçük bu qanunu pozmağa cürət etmir. Amma burada hərc-mərclik idi. Deyə bilərsiniz ki, itlər kim idi? Deyim ki, itlər əlinə bir az pul düşmüş o küçükləri saxlayanlar idi. Qaldı ki, onların adlarını çəkməyə, deyə bilmərəm. Çünki birinin adını çəkərəm, o biriləri yaddan çıxar və inciyərlər. Hər halda, hər kəs özünün hansı "nominasiyada" tutduğunu yaxşı bilirdi. Bir də o vaxtlar Əli Kərimov hələ gözlədiyi sıraya düşməmişdir. İsa Qəmbərov da quldur dəsətəni hazır vəziyyətə gətirə bilməmişdi. Vəzifədə olsalar da, hələ ki, "boğuşmaq" metodundan istifadə edirdilər. Onlar reallıqları görmədikləri üçün barışmaz müxalifət mövqeyinə keçdik.
Bir də bu gün həmin adamlar bir illik fəaliyyətlərini "uğurlu" hesab edirlər. Çünki vaxtı ilə 3 manatlıq varyonka cins şalvar geyənlər bir illik hakimiyyətləri dövründə 1500-2000 min dollarlıq kostyumlar geydikləri üçün belə bir qənaətdə olduqlarını bildirirdilər.
"4 iyun tarixi təkcə öz dövründə deyil, sonrakı
proseslərdə də özünü göstərdi"
Vəhdət partiyasının sədri Tahir Kərimli:
- Artıq 1993-cü il 4 iyunda Gəncədə baş verən hadisələrdən 17 il ötür. Bu hadisəni törədənlər bu gün də 17 il öncə düşündükləri kimi düşünürlər. Ataların dediyi kimi, "kələklə gələn, küləklə gedər". 4 iyun hadisəsini törədənlər və onun öhdəsindən gəlməyənlər günahkar idi. Qeyd etmək istəyirəm ki, o dövrdə Surət Hüseynova "mənəm-mənəmlik" funksiyalarının verilməsi təəccübdoğrucu idi. S.Hüseynov o zaman özünü vətənpərvər kimi göstərirdi. Ancaq hərbi təcrübəsinin olmaması, ona birdən-birə prezidentin səlahiyyətli nümayəndəsi statusunun, milli qəhrəman adının verilməsi, eləcə də, sonradan onun məhv edilməsi planının hazırlanmasını izah etmək çox çətindir. AXC-Müsavat hakimiyyətində də çox ciddi səhvlər var idi. Təbii ki, bu səhvlər olmasaydı, biz onlara qarşı çıxmazdıq. S.Hüseynovun hərəkətləri, korpusun hakimiyyətə tabe olmaması prosesin ağır tərəfləri idi. Amma hakimiyyət də bunu dinc siyasi vasitələrlə təhlil etməli idi. Hakimiyyətin qoşun götürərək, proseslərə müdaxiləsi düzgün deyildi.
Hesab edirəm ki, AXC-Müsavat hakimiyyətə gəldikdən sonra bir neçə mühüm məsələni həll etməli idi. Bunlardan birincisi prezident seçkilərinin keçirilməsi idi. Mən o zaman Ali Sovetin deputatı kimi çıxış edərək, diz çöküb yalvarmışdım ki, torpaqlarımız əldən gedəcək, prezident seçkilərini təxirə salaq. Çünki həmin proseslər fonunda hakimiyyət uğrunda mübarizənin aparılması məqsədəuyğun olmazdı. Buna baxmayaraq, prezident seçkiləri keçirildi və torpaqlarımız bir-birinin ardınca işğal olundu. 1918-1920-ci illərdə müvəqqəti yaradılmış Milli Şura buraxılıb, parlament yaradılmışdı. Amma AXC-Müsavat hakimiyyəti 50 nəfərdən ibarət Milli Şuranı buraxıb, parlament seçkilərini təyin edə bilmədi. Deyirdim ki, parlament seçkiləri təyin olunarsa, bu, xalqın nümayəndələrinin hüquqi, siyasi cəhətdən bütün spektrini əks etdirən bir dövlət parlamenti olardı. Əksinə, müvəqqəti Milli Şuranın saxlanılması buraxılan ciddi səhvlərdən idi. Hakimiyyət daxilində buraxılan ciddi səhvlər, özü yaradılmış batalyonlar, özfəaliyyət cəhətdən müqavimət hərəkatının təşkili, silahlanma və s. nəticə etibarilə, xaosun yaranmasına gətirib çıxardı. Beləliklə, ordunun bir hissəsi dövlət əleyhinə qiyam qaldırdı. Rəhbərlik etdiyim partiya indi hakimiyyəti müdafiə edir. Məgər bunun üçün 15 il vaxt lazım idi? Uzun illərdən sonra belə qənaətə gəldim ki, onlar düşdüyü əlacsız vəziyyətdə Heydər Əliyevə müraciət etməyə məcbur idilər. Onların Heydər Əliyevi hakimiyyətə dəvət etmələrinə baxmayaraq, hamını Ona qarşı qaldırırdılar. Bu düşmənçilik iqtidar-müxalifət münasibətində, cəmiyyətdə çox ciddi ziddiyyətlər yaratdı. Eyni zamanda, onlarda bir-birinə qarşı nifrət hissi yaradıldı. Cəmiyyət sonrakı dövrlərdə də bunun acısını yaşadı. Deməli, 4 iyun tarixi təkcə öz dövründə deyil, sonrakı proseslərdə də özünü göstərdi.
"4 iyun hadisəsi AXC-Müsavat
hakimiyyətinin
yarıtmazlığını
ortaya qoydu "
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov:
- Artıq 4 iyun 1993-cü il hadisələri zaman keçdikcə bunun başvermə təfərrüatı daha çox aydın olur. Bu gün 4 iyun hadisələrinə gətirilən səbəblərdən danışmaq lazımdır. Çünki qısa bir zaman kəsiyində AXC-Müsavat cütlüyünün səriştəsiz və ziyanlı idarəetmə üsulu nəticəsində 4 iyun hadisəsi baş verdi. Hakimiyyəti ələ keçirdikdən sonra məlum oldu ki, bu qurum hakimiyyəti idarə etməyə hazır deyil. Çünki bu cütlükdə təmsil olunanların hər birinin öz şəxsi ambisiyaları olmaqla yanaşı, həm də quldur dəstələri var idi. Bu isə insanlar arasında müəyyən qarşıdurmaya gətirib çıxarırdı. Ən əsası isə, o vaxt müxalifətdə olan şəxsiyyətlər ətrafında düşmən mövqeyi yaradırdılar. Lakin xalq artıq pisi yaxşıdan ayırmağı bacarırdı. Ona görə də, xalq ölkədə yaranmış durumdan çıxmaq üçünulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə üz tuturdu. Qeyd edim ki, həmin dövrdə, yəni 1993-cü ilin fevral ayında BMT-nin Azərbaycanda olan daimi nümayəndəsi Mahmud Əlsəid, bir az sonra ABŞ-ın Bakıdakı səfiri Riçard Mayldın dahi öndər Heydər Əliyevlə görüşmək üçün Naxçıvan Muxtar Respublikasına getməsi və ardıcıl olaraq digər dünya dövlət qurumlarının bu böyük şəxsiyyətlə daha yaxından tanış olmağa can atdıqları bir dövrdə AXC-Müsavat hakimiyyəti çirkin əməllərini həyata keçirirdi. Bu isə, bir illik hakimiyyətdə olan qüvvələrə xalqın nifrətini birə-on qat artırdı. Ən qəribəsi isə o idi ki, AXC-Müsavat hakimiyyəti 4 iyun 1993-cü il hadisəsini milli dövlətçiliyə qarşı qiyam kimi qiymətləndirdi. Halbuki bu qiyam dövlətçiliyə yox, həmin dövləti idarə edənlərə qarşı çevriliş idi. Çünki dövlət həmin dövlət oldu. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın istək və təkidli çağırışı ilə hakimiyyətə qayıdışından sonra da müstəqilliyin bütün atributlarını sonrakı proseslərdə də dönmədən həyata keçirdi. Sual ortaya çıxır: əgər həmin dövrdə dövlət çevrilişi var idisə, bəs sonrakı illərdə, yəni, 1994-cü ildə oktyabr hadisələri nə üçün baş verdi? Əgər dövlət çevrilmişdisə, o zaman Surət Hüseynov hansı dövləti çevirmişdi? Baş verən hadisələr onu göstərir ki, o dövrdə baş verən hadisələr dövləti idarə edənlərə qarşı idi. Və bununla da, Azərbaycan belə quldurlardan, xaosdan, qardaş qırğınından qurtuldu.