AB ölkələrinin parlamentləri ilə Azərbaycan arasında əlaqələrə həsr olunmuş konfrans keçirilib
Tallin şəhərində "Avropa Birliyi ölkələri parlamentləri və Azərbaycan: Parlamentlərarası əməkdaşlığın inkişafı və AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının təşkili" mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Latviya Respublikasındakı Səfirliyinin, Estoniya parlamenti və Azərbaycan-Estoniya parlament dostluq qrupunun, həmçinin, "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Toplantıda, əsasən, AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması məsələsi müzakirə edilib.
Konfransı Estoniya parlamentinin vitse-spikeri Keit Pentus açıb. Giriş sözü ilə çıxış edən Estoniya parlamentinin azərbaycanlı deputatı, buradakı Estoniya-Azərbaycan dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev bildirib ki, Baltikyanı ölkələrin və Azərbaycan parlamentləri arasında əlaqələrin normal olmasına baxmayaraq, perspektivli əməkdaşlıq sahəsində bəzi maneələr var. Belə ki, parlamentlərarası işçi və dostluq qruplarının üzvlərinin gördüyü işlər və reallaşdırılan layihələr sona çatmır. Yəni parlamentlər qalır, amma deputat korpusu dəyişilir və bununla da, ardıcıllıq pozulur. Bu maneəni aradan qaldırmaq üçün daimi fəaliyyət göstərən bir qurumun yaradılması məqsədəuyğun olardı: "Belə bir qurumun yaradılması sözügedən ölkələrin parlamentləri arasında əməkdaşlığı daha da fəallaşdırmaq və yüksək səviyyəyə qaldırmaq məqsədi daşıyır. Azərbaycan ilə Baltikyanı ölkələrin çoxsahəli əməkdaşlığını nəzərə alaraq, Estoniya dövlət qurumları ilə belə bir qurumun yaradılması məsələsi müzakirə edilib. Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb". Estoniya parlamentinin xarici işlər üzrə komissiyasının sədri müavini Enn Eesmaa öz çıxışında Avropa parlamentinin qəbul etdiyi qərarı bir daha gündəmə gətirib. Qeyd edib ki, Ermənistan ordusu işğal olunmuş Dağlıq Qarabağın ərazisindən və ətraf rayonlardan çıxarılsın. Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev öz çıxışında Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin "Azərbaycanın həyatına Avropa kriteriyalarını daxil etmək vacibdir" fikrini toplantı iştirakçılarına çatdırıb. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə danışan deputat problemin bu günədək çözülməməsinin həm ölkəmizin, həm də regionun sürətli inkişafına törətdiyi maneələrdən danışıb.
Konfransın ikinci hissəsində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkəmizin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə toplantı iştirakçılarına məlumat verib. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov həm respublikamızın Avropaya inteqrasiyasına, həm də yeni yaradılan AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının işinə diaspor təşkilatlarının verə biləcəyi töhfələrdən danışıb. Bunun üçün diasporumuzun parlamentlərlə, həmçinin, QHT-lərlə əməkdaşlığını vacib sayıb.
Qeyd edək ki, AB ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasına, ilk olaraq, Azərbaycan və Baltikyanı ölkələr daxildir. Gələcəkdə digər Avropa ölkələrinin də bu quruma qatılması nəzərdə tutulur.
Tədbir çərçivəsində, həmçinin, Baltikyanı dövlətlərin və Azərbaycanın QHT Forumları arasında birgə əməkdaşlıq haqqında anlaşma əldə olunub. Yaxın vaxtlarda bununla bağlı memorandum imzalanacaq.