PDF Oxu

Əsas

  • 14

Azərbaycan Türkiyənin yanındadır

Azərbaycan Türkiyənin yanındadır

İsrail əsgərlərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücum edib dinc insanları öldürməsi üzündən Türkiyə ilə İsrail arasında yaranmış gərginlik dünya ölkələrində fərqli yanaşma ortaya qoyub. Bir neçə ölkə istisna olmaqla, əksər ölkələr və beynəlxalq təşkilatlar baş vermiş hadisəni qınayır. Azərbaycan da bu məsələdə qətiyyətli mövqeyini ortaya qoyub və Türkiyənin haqlı mövqeyini dəstəklədiyini bildirib.
BMT İsraildən, təcili olaraq, bütün saxlanılan insanları və gəmiləri azad etməyi tələb edir

İsrailin Qəzza sektoruna humanitar yardım aparan gəmilərə qarşı beynəlxalq sularda həyata keçirdiyi hərbi əməliyyat zamanı güc tətbiqi nəticəsində insanların qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin hiddətinə və ciddi narazılığına səbəb olub. BMT Təhlükəsizlik Şurası İsrailin hərbi aksiyasını pisləyib, məsələnin araşdırılmasını, cinayəti törətmiş şəxslərin cəzalandırılmasını, əsir və girovların azad edilməsi tələb edib.
BMT-nin İnsan Haqları Şurası Qəzza sektoruna humanitar yük aparan gəmilərə hücum çəkən İsraili mühakimə edən qətnamə qəbul edib. "İTAR-TASS" agentliyinin verdiyi məlumata görə, qətnamənin qəbuluna 32 dövlət səs verib, 3 dövlət isə sənədin qəbuluna qarşı çıxıb.
Qətnamədə İsraildən təcili olaraq bütün saxlanılan insanları və gəmiləri azad etmək, onların təhlükəsiz şəraitdə evlərinə qayıtmalarına şərait yaratmaq tələb olunur. Qətnamədə baş verən olayın araşdırılması, beynəlxalq hüquq prinsiplərinin pozulub-pozulmamasını müəyyənləşdirmək üçün müstəqil təhqiqat komissiyasının yaradılması da istənilib. İsrail isə bu arada, bəyan edib ki, saxlanılanların hamısı həbsxanadan buraxılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı qətnamənin qəbuluna ABŞ-ın veto hüququndan istiifadə edərək mane olması da gözlənilən idi. Lakin beynəlxalq təşkilatlar, bir çox dövlətlər və tanınmış ictimai xadimlər bu hadisəni qəti şəkildə pislədi.

Türkiyənin yanında olduğunu göstərən Azərbaycan dövləti və xalqı İsraili qınadı
Azərbaycan Respublikası İsrail hərbçilərinin insan tələfatına səbəb olmuş aksiyasını qətiyyətlə pisləyib və narahatlığını ifadə edib. Azərbaycan XİN bu hadisənin qısa müddətdə araşdırılmasının və günahkarların cəzalandırılmasının zəruriliyini bəyan edib. Azərbaycan Qəzza sektorunda yaşayan əhaliyə humanitar yardım göstərilməsinin tərəfdarıdır.
Azərbaycan dövləti və ictimaiyyətin həmişə olduğu kimi, bu dəfə də Türkiyənin yanında olduğunu, dost və qardaş ölkənin mövqeyini birmənalı şəkildə dəstəklədiyini, onunla həmrəy olduğunu əyani şəkildə nümayiş etdirir.
Ölkə mediasında yayımlanan materiallardan göründüyü kimi, Azərbaycan ictimaiyyəti nümayəndələri, politoloqlar, ziyalılar, QHT və KİV nümayəndələri, sıravi vətəndaşlar İsrailin hərbi aksiyasını qətiyyətlə pisləyir, belə hallara qarşı əməli tədbirlərin görülməsini, cinayəti törətmiş şəxslərin cəzalandırılmasını, Qəzza sektoruna humanitar yardımın çatdırılmasına tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.
Məsələyə ölkə ictimaiyyətinin mövqeyini öyrənmək üçün kiçik bir sorğu da keçirdik. Müxtəlif yaş, cins və sosial qruplara mənsub respondentlərin hamısı bu hadisəni pislədi və Azərbaycan xalqının Türkiyənin yanında olduğunu qeyd etdi.

QHT sədrləri: "İsrailin dinc insanları öldürməsini pisləyirik, Türkiyənin yanındayıq"
Suallarımızı cavablandıran qeyri-hökumət təşkilatlarının rəhbərləri də baş vermiş insidenti qınadılar və humanitar missiyaya atəş açıb, dinc insanların öldürülməsini pislədilər.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov:
- Türkiyəyə qarşı edilən bu hərəkət ictimaiyyət tərəfindən qınanmalıdır və İsraili yerində otuzdurmaq lazımdır. Hesab edirəm ki, orada tökülən türk qanları yerdə qalmayacaq, ilk nöbvədə, beynəlxalq aləm, xüsusən də, BMT bu işin üstünə mütləq gedəcək. BMT-nin Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, qətnamələr yerinə yetirilmir.
Ümid edirik ki, BMT heç olmasa, İsrailin bu hərəkərinə qarşı ciddi addım atacaq və İsraili yerində oturdacaq. Bu gün insanlar sivil şəkildə hərəkət edirsə, onların bu addımı beynəlxalq hüquq normalarına uyğun gəlmir. Onlar bu hərəkətlə sivil normalara zidd hərəkət etmiş oldular.
Qeyd edim ki, 500 il bundan öncə, yəhudiləri məhz türklər müdafiə edib, onlara sığınacaq verib. Onlar tarix boyu türk millətinə borcludurlar.

"Sağlam Toplum" İctimai Birliyinin sədri Lalə Mehralı:

- İsrailin Qəzza zolağında ağır durumda yaşayan mülki əhaliyə humanitar yardım aparan gəmilərə qarşı hərbi güc tətbiq etməsi və mülki şəxslərin ölümünə səbəb olan hücumunu qəti şəkildə pisləyirəm.
İnternetdə və televiziyalarda yayımlanan videomateriallardan da göründüyü kimi, İsrail hərbçilərinin sivil şəxslərə qarşı hərbi əməliyyat zamanı 15-dən artıq insan öldürülüb. Hər halda, problemi dinc yolla həll etmək imkanları var idi. Mən son günlərdə bu məsələ ilə bağlı yerli və xarici medianı diqqətlə izlədim, İsrail və Türkiyə rəsmilərinin açıqlamalarını, İsrailin Azərbaycandakı səfirinin müsahibəsini də oxudum. Məncə, İsrailin bu məsələdə haqlı olduğu məqamlar var, lakin bunlar humanitar missiyaya hərbi təcavüzə və günahsız insanların öldürülməsinə rəvac verməli səviyyədə deyildi.
Hesab edirəm ki, Azərbaycan bu məsələdə Türkiyənin haqlı mövqeyini müdafiə etməlidir və İsrailə öz etirazlarını çatdırmalıdır.

Politoloq: "İsrailin arxasında müəyyən qüvvələrin dayanması prinsipi özünü büruzə verir"
Məsələyə siyasi müşadəçilərin və politoloqların da münasibətini öyrənməyə çalışdıq. Politoloq Elman Nəsirli bildirdi ki, Türkiyə hazırda regionda nüfuzlu dövlətə çevrilib və məqsədyönlü siyasət yeridir: "Nəzərə alsaq ki, Türkiyə-İran yaxınlaşması İranın klassik düşməni olan İsrail tərəfindən pis qarşılanıb. Təbii ki, bu hal rəsmi Təl-Əvivi qıcaqlandırır. Bu zəmində işlər məhz bu məcrada davam etdi.".
Politoloqun fikrincə, hər iki ölkənin pontensialına nəzər salanda, İsrailin arxasında müəyyən qüvvələrin dayanması prinsipi özünü büruzə verir. İsrail kiçik bir dövlətdir və təqribən 21 min kv.km ərazisi olan bir ölkədir. Türkiyə isə 781 min kvkm əraziyə və 70 milyon əhaliyə, NATO çərçivəsində ikinci güclü orduya malik olan dövlətdir. Bu, nöqteyi-nəzərdən, yəqin ki, belə sərt addımların arxasında müəyyən qüvvələr dayanır və ilk ağıla gələn isə ABŞ olur".
Türkiyə ilə İsrail arasında yarana biləcək soyuq müharibənin isti müharibəyə keçməsinə gəlincə, politoloq bu ehtimalın çox aşağı səviyyədə olduğunu bildirib: "Burda paradoksal situasiya yaranır. Türkiyə NATO çərçivəsində ABŞ-ın starteji müttəfiqidir. İsrail isə NATO dövləti deyil, lakin regionda ABŞ-ın əsas starteji müttəfiqidir. Bu durumda Türkiyə-İsrail müharibəsi başlansa, təcili olaraq, NATO nizamnaməsinin 5-ci maddəsinə görə, başda ABŞ olmaqla, NATO ölkələri Türkiyəni müdafiə etməlidirlər. Bu durumda ABŞ Türkiyəyə görə, İsrailə müharibə etməli olacaq. Bu isə real görünmür".

Dünya ictimaiyyəti İsrailin humanitar missiyaya hərbi müdaxiləsini pisləyir
Qeyd edək ki, son günlərdə gəmi insidenti nəticəsində dinc insanların öldürülməsinə qarşı etiraz aksiyaları keçirilir. Avropa ölkələri, İran, Rusiya, Türkiyə və s. ölkələrdə keçirilən aksiyalarda İsrailin bu hərəkəti qəti şəkildə pislənir. Dünən ABŞ-ın Nyu-York şəhərindəki İsrail baş konsulluğu qarşısında toplanan, aralarında yəhudilərin də olduğu bir qrup insan Qəzzaya yardım aparan gəmilərə hücumu pisləyib.
"Cnnturk"ün məlumatına görə, şəhər polisinin təhlükəsizlik tədbirlərinin gördüyü etiraz aksiyasında nümayişçilər əllərində "Qəzzadakı mühasirəyə son qoyun", "Amerika dolları İsrail cinayətlərini bəsləyir", "Əllərində ağ bayraq yelləyirdilər, çubuq deyil", "Qəzzaya azadlıq" şüarları yazılan plakatlar tutmuşdular.
Aksiyada iştirak edən bir qrup yəhudi din adamı isə yaxalarına "Yəhudi sionist deyil" yazdıqları deyilir. Baş konsulluq qarşısında aksiya 2 saata kimi davam edib və yəhudilər ilə aksiyaya qatılan türklər arasında gərginlik yaşanıb.
Təəssüf ki, digər türkdilli dövlətlər, Azərbaycan kimi qətiyyətli mövqe nümayiş etdirmir, passiv seyrçi olaraq məsələləri kənardan müşahidə etməyə üstünlük verirlər. Bu mövqe türkdilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarında, o cümlədən, 2009-cu ildə keçirilmiş Naxçıvan sammitində qəbul olunmuş qərarların ruhuna uyğun deyil.
Digər bir məqam isə bu məsələdə ərəb dövlətlərinin həmrəylik və vahid mövqe nümayiş etdirməmələridir.

Dünya mediası Türkiyə və İsrail arasında yaranmış gərginliyi necə analiz edir?
Yaranmış situasiya ilə bağlı dünya mediasında maraqlı materiallar yayımlanır. Onlardan bir neçəsinin qısa məğzini oxucularımıza təqdim edirik.
"New York Times" (ABŞ): "İsrailin basqını, sülh cəhdlərini və ABŞ-ın manevr imkanlarını, prezident Barak Obamanın Yaxın Şərqdə həyata keçirmək istədiyi sülh planını yerinə yetirməsini çətinləşdirdi. İsrail və ABŞ arasında onsuz da gərgin olan əlaqələrə daha bir gərginlik əlavə olundu. Amerikalı rəsmilər yalnız basqından deyil, yanında olduğu İsrailin dünyada təklənməsindən dəhşətə düşdülər. Bu kədərli hadisə Qəzza mühasirəsinin davam etdirilməsinin mümkün olmadığını göstərir".
"Vaşinqton Post" (ABŞ): "Hücumun dünya tərəfindən qınanması, Obama administrasiyasının İsrail ilə aralarındakı gərginliyi aradan qaldırmaq səylərini çətinləşdirəcək. İsrailin gəmilərə hücumu Netaniyahu hökuməti üçün "diplomatik fiasko" oldu".
"Wall Street Journal" (ABŞ): "Hücum böhrana gətirib çıxardı. Hadisə ərəblərin reaksiyası qədər İsrailin dostlarının da sərt tənqidlərinə səbəb oldu. Hücum ən başlıcası İsrailin islam dünyasındakı ən əhəmiyyətli dostu olan Türkiyə ilə əlaqələri çıxılmaz duruma saldı. İsrailin oynadığı qumar baha başa gələcək".
"Qardian" (İngiltərə): "İsrail qanlı hücumdan sonra dövlət terroru həyata keçirməkdə günahlandırılır. İsrailin oynadığı qumar ona baha başa gələcək. Bunun qarşılığı beynəlxalq aləmdə daha da təklənmək və Yaxın Şərqdə mühüm rola malik ölkə ilə əlaqələri kəsmək ola bilər. Bundan sonra Qəzza mühasirəsinin aradan qaldırılması və "HƏMAS" ilə əlaqələrin qurulması istiqamətində İsrailə təzyiqlər artacaq. Ancaq İsrailin siyasətində ciddi bir dəyişikliyin olmayacağı görünür".
"Independent" (İngiltərə): "İsrailin hücum diplomatiyası dünyanın qəzəbinə səbəb oldu. İsrailin bu addımı Türkiyə ilə əlaqələrə böyük zərbə endirdi. Türkiyə, indiki halda, Yaxın və Orta Şərqdə keçmişdə olduğundan, daha əhəmiyyətli müttəfiqdir. ABŞ əsgərlərinin daha rahat bir şəkildə bölgədən çəkilməsinə yardım etməklə, İraqda mühüm rola sahibdir. Eyni zamanda, Ankaranın İsrail ilə ittifaqı, ABŞ-ın Yaxın Şərq siyasətinin ən mühüm prinsiplərindən biridir".
"Financial Times" (İngiltərə): "İsrail qlobal reaksiyayla qarşı-qarşıyadır. Bu hadisə İsrailin Türkiyə ilə əlaqələrini pozmaqla yanaşı, ölkənin beynəlxalq ictimaiyyət qarşısında etibarının zərər görməsinə səbəb olacaq. İsrail dənizdə boğuldu və quldurluq etdi. İsrail heç vaxt olmadığı qədər tək qalıb". "Liberation" (Fransa): " İsrail quldur dövlətdir. Heç bir səbəb belə bir hücumu haqlı çıxara bilməz. İsrailin rəsmi şərhi isə ağrılıdır".
"Le Figaro" (Fransa): "İsrail təcrid edildi. Bu hücum İsrailin təcridini daha da genişləndirəcək".
"Le Soir" (Belçika): "İsrail ölümcül basqından sonra heç olmadığı qədər təkdir. Dünyanı şoka salan hadisədən sonra İsrailin təcrid ediləcəyi dəqiqləşdi. İsrail beynəlxalq hüququ tapdaladı, nüfuzunu aşağı saldı və olanlardan "HƏMAS" qazanclı çıxdı".
"De Standaard" (Belçika): "Basqın dünyanı şok etdi, Türkiyə İsraili "terror dövləti" adlandırdı".
Yayımlanan materiallarda İsrailin bu hərəkətinin beynəlxalq hüquqa və sivil prinsiplərə zidd olduğu vurğulanır.

Digər xəbərlər