"Azərbaycana həsəd aparmaq olar, lakin onun etibarlı və tərəfdaşı olmaq daha yaxşıdır"
Dmitri Vıdrin tanınmış Ukrayna siyasətçisi, politoloq və yazıçıdır. Hazırda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavinidir. Fəlsəfə doktorudur. Beynəlxalq Qlobal və Regional Təhlükəsizlik İnstitutunun, həmçinin Avropa İnteqrasiya və İnkişaf İnstitutunun direktoru, Ukrayna Prezidentinin daxili siyasət məsələləri üzrə müşaviri (1994-1996), Ukrayna Baş nazirinin müşaviri (1996; 2001-2002; 2002-2004; 2005), V çağırış Ali Radanın xalq deputatı (2006-2007) olmuşdur. Əsərləri İngiltərədə, Almaniyada, Avstriyada, Rusiyada, ABŞ-da, Ukraynada və başqa ölkələrdə dərc edilir. "Hər şey satılır" (1986), "Tələb olmayan ideyalar" (1990), "Praktiki politologiya oçerkləri" (1991), "Ukrayna nüvə yelləncəyində" (1994), "Ukrayna XXI yüzilliyin astanasında" (1996), "Siyasət: tarix, texnologiya, ekzistensiya" (2001), "Qəhrəmanı gözləyərkən (dəyişikliklər ilinin həftəliyi)" (2005; İ.Rojkova ilə birlikdə), "Artxaşastranı xatırlayarkən" (A.Adamenko ilə birlikdə), "Siyasət-2" (2008) kitablarının müəllifidir. D.Vıdrin təhlükəsizlik sahəsində beynəlxalq fəaliyyətlə ciddi məşğul olur, inteqrasiya, qloballaşma və beynəlxalq təhlükəsizliyin güclənməsi proseslərinə aid bir sıra beynəlxalq layihələrdə iştirak edir.
D.Vıdrin respublikamızın bugünkü həyatı ilə ciddi maraqlanır, dəfələrlə Azərbaycanda olmuşdur. Respublika günü ərəfəsində AzərTAc-ın xüsusi müxbiri Dmitri İqnatyeviç Vıdrinlə görüşmüş, tanınmış siyasətçi və politoloqun Azərbaycan barədə fikirləri ilə maraqlanmışdır: "Təəssüf ki, son vaxtlar mən sizin günəşli diyarınızda az-az oluram. Amma hər dəfə bu gözəl respublikaya gedəndə orada həm politoloq, həm yazıçı, həm də hər şeylə maraqlanan səyahətçi kimi özüm üçün yeni cəhətlər "kəşf edirəm".
Məsələn, axırıncı dəfə səfərdə olarkən "Azərbaycan möcüzəsi" barədə, postsovet dövrünə xas olan çoxlu problemlərlə üzləşmiş bu gənc respublikanın hansı səbəblərə görə bu cür dinamik, güclü və qarşısıalınmaz şəkildə inkişaf etməsi barədə fikirləşməyə məcbur oldum.
Məncə bunun bir səbəbi Qafqaz ölkələri üçün tipik və ənənəvi qonaqpərvərlik xüsusiyyətini güclü investisiya amilinə çevirmək bacarığıdır. Postsovet ölkələrinin çoxu şikayətlənir ki, onlara az sərmayə qoyulur, buna görə də modernləşmə, inkişaf və innovasiyalar üçün daim vəsait qıtlığı hiss olunur. Azərbaycan isə heç vaxt şikayətlənməmiş, sadəcə olaraq investora tərəf real addımlar atmışdır - qonaqpərvərlik, səmimilik, komfort addımları". Politoloqun sözlərinə görə, Azərbaycanın hakim dairələri postsovet həmkarları arasında bəlkə də birinci olaraq başa düşmüşlər ki, investorları sevmədən investisiyaları sevmək olmaz. Onlar bir sadə həqiqəti hamıdan əvvəl başa düşmüşlər ki, investisiyalar dövlətlər arasında sərhədləri özbaşına keçən, bir ölkədən digərinə hərəkət edən hansısa qeyri-cismani elektron tədiyələr, çeklər və s. formada efemer substansiyalar deyildir. İnvestisiyalar real investorların özü ilə gətirdiyi vəsaitlərdir. İnvestorlar isə canlı, çox vaxt kifayət qədər şıltaq insanlardır, onlara diqqət yetirmək, dostcasına yanaşmaq lazımdır, çünki bu amillər olmasa "quru mənfəət" sadəcə olaraq real deyildir.
D.Vıdrin vurğulamışdır: "Yəqin elə bu səbəbdən hələ 90-cı illərdə Azərbaycanda rahat və gözəl mehmanxanalar tikilməyə başlanmışdır. Qədim şəhərin bu cür gözəl bərpa edilməsinin, Avropada ən böyük və ən qəşəng sahil bağının salınması da çox güman ki, bununla əlaqədardır. Əcnəbi biznes-maqnatlar səhərlər dənizkənarı bulvarda qaçmağı çox xoşlayırlar.
Ölkəniz investorlar üçün ideal şərait - mənfəət, rahatlıq və təhlükəsizlik şəraiti yaratmaqla tikinti işlərinin genişləndirilməsi, yeni yataqların mənimsənilməsi, mədəniyyətin inkişaf etdirilməsi üçün sanballı investisiyalar almışdır.
Mənim fikrimcə, məhz Azərbaycan üçün səciyyəvi olan daha bir inkişaf amili hakimiyyətin varisliyidir. Prezident İlham Əliyev öz atası, Azərbaycan xalqının ümummilli lideri ulu Heydər Əliyevin təməlini qoyduğu iqtisadiyyatda və siyasətdə heç bir səmərəli detalı, heç bir perspektivli istiqaməti hədər yerə sərf etməmişdir.
Opponentlərin Azərbaycan iqtidarını varisliyə görə qınadıqları mənim yadımdadır. Lakin sonradan məlum oldu ki, varislik və hakimiyyətin irsən keçməsi, xüsusən də varislik ilk növbədə düzgün məqsədləri qoruyub saxlamaqda və milli mənafelərə riayət olunmasında təzahür edirsə, bunlar tamamilə ayrı-ayrı şeylərdir".
O demişdir: "Bu baxımdan Azərbaycanın Ukrayna ilə tərəfdaşlığa yönəlmiş strateji xəttinin dəyişməz qalması bizə, Ukrayna nümayəndələrinə xüsusilə xoşdur. Bu strateji xətt son illərdə əmtəə dövriyyəsinin bir milyard dolları keçməsində, Azərbaycan firmalarının Ukraynada təkcə enerji layihələrində deyil, tikinti, sosial və mədəni layihələrdə də iştirak etməsində təzahür edir". Ukraynalı siyasətçi söhbətin sonunda demişdir: "Mənim fikrimcə, Azərbaycanın uğurlarının üçüncü amili investisiyanın əsas obyektinin tamamilə düzgün seçilməsidir. Bu obyekt ölkənin gəncləridir. Mən Azərbaycanı bir qədər gəzmişəm, hətta ən ucqar bölgələrdə də tədris və idman müəssisələrinin sayı və keyfiyyəti məni heyran qoymuşdur. Fikrimcə, hər hansı neft və qaz mədənlərindənsə, müasir məktəblər, gözəl idman kompleksləri ölkənin inkişafı üçün daha güclü obyektlərdir, çünki neft gec-tez qurtaracaq, savadlı, sağlam, ölkəsini sevən insanlar isə həmişə onun əsas dayağı olmuşlar və gələcəkdə də ona dayaq olacaqlar.
Bir sözlə, mənim fikrimcə, Azərbaycana həsəd aparmaq olar, lakin onun etibarlı və daimi tərəfdaşı olmaq daha yaxşıdır".