Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatlar gündəliyin müzakirəsinə keçməzdən əvvəl bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər. Deputat Gülhüseyn Əhmədov bəzi insanların Aran rayonlarında baş verən təbii fəlakətdən siyasi dividend qazanmağa cəhd göstərmələrinin təəssüf hissi doğurduğunu qeyd etdi. G.Əhmədov Kür və Araz çayının qalxması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının gördüyü işlər barədə məlumat verdi və bildirdi ki, Dövlət Komissiyası təbii fəlakətin nəticələrinin həm aradan qaldırılması, həm də qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində əzmlə fəaliyyət göstərir. Amma bütün bu işlərin mahiyyətini dərk etməyən bəziləri mətbuat vasitəsilə vətəndaşları təlaş içərisində saxlamağa cəhd göstərirlər. Onsuz da, təbii fəlakətin baş verdiyi ərazilərdə vəziyyət çətindir. Bundan istifadə edərək, ajiotaj yaratmaq və siyasi xal qazanmağa cəhd göstərmək heç bir normaya sığmır.
YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov bir neçə gün bundan əvvəl, separatçı Dağlıq Qarabağ rejiminin keçirdiyi qondarma parlament seçkisi ilə bağlı fikirlərini bildirdi: "Qondarma respublikanın tanınmasına cəhd göstərmək məqsədilə keçirilən bu seçki, əslində, bir daha onun iflasına gətirib çıxardı. Çünki dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu seçkinin heç bir hüquqi əsasının olmadığını növbəti dəfə bəyan etdilər. Bu seçki ermənilərin qondarma rejiminin əleyhinə çevrilməklə, həm də bir daha onun dünyada tanınmağını təsdiq etdi. Bu, təqdirəlayiq bir haldır. Amma Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməməsi bu cür qondarma seçkilərin keçirilməsinə imkanlar yaradır. Ona görə Azərbaycan ictimaiyyəti münaqişənin həlli istiqamətində səylərini daha da artırmalıdır. Azərbaycan parlamenti, deputatlarımız da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar beynəlxalq hüququn müəyyənləşdirdiyi normaların beynəlxalq qurumlar tərəfindən yerinə yetirilməsi üçün səylərini artırmalıdırlar".
Deputat Rüstəm Xəlilov bildirdi ki, hazırda fövqəladə hallar, daxili işlər, müdafiə nazirliklərinin və digər aidiyyəti dövlət qurumlarının qüvvələri sel və daşqınların yaratdığı təbii fəlakətin nəticələrinin aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı intensiv fəaliyyət göstərirlər. Dövlət qurumlarının operativ və səmərəli fəaliyyətinin nəticəsidir ki, insan tələfatı baş verməyib. Buna baxmayaraq, görülən işlərə siyasi don geyindirmək istəyənlər də tapılır. Bəziləri xalqın əziyyət çəkməsindən siyasi qazanc götürməyə, yanlış ictimai rəy yaratmağa cəhd göstərsə də, buna nail ola bilmirlər. Çünki vətəndaşlar hər şeyi yaxşı başa düşürlər.
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd etdi ki, Kür və Araz çaylarında suyun səviyyəsi normadan xeyli artıb. Suyun bu cür artımını əvvəlcədən proqnozlaşdırmaq olmaz. Azərbaycan dövləti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlindən gələni edir. Eyni zamanda, səmərəli qabaqlayıcı tədbirlər görülür. Əgər vaxtında bu cür tədbirlər görülməsəydi, bəlkə də çoxsaylı insan tələfatı olardı. Hazırda Kür çayında suyun səviyyəsinin azaldılmasının yolları araşdırılır. Milli Məclisin sədri müxalifətçi deputatları dövlətin gördüyü işlərə qara yaxmaqdansa, faydalı məsləhətlərlə çıxış etməyi tövsiyə etdi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verərək, bildirdi ki, dünyanın bütün ölkələrində məişət zorakılığı problemi mövcuddur. Məişət zorakılığı gizli törədildiyinə görə, bəzən onun günahkarları məsuliyyətə cəlb olunmurlar. Məişət zorakılığının baş verdiyi ailə sosial birliyin ən mühüm formalarından biridir. Azərbaycanda, ənənəvi olaraq, ailə münasibətləri xüsusilə qiymətləndirilir. Ölkəmizdə nikah və ailə dövlətin nəzarətindədir. Müzakirəyə çıxardığımız qanun layihəsinin mahiyyəti məhz məişət zorakılığının aradan qaldırılmasına yönəlib. Bu qanunun qəbul olunmasında məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən etmək və tənzimləməkdir.
Rəbiyyət Aslanova qanun layihəsi ilə bağlı maddələr üzrə ətraflı məlumat verdi. Müzakirələr zamanı deputat Jalə Əliyeva qanun layihəsinin keyfiyyətli hazırlandığını, bütün müddəaların oxunaqlı olduğunu bildirdi. Onun sözlərinə görə, məişət zorakılığının kökünü ailədə axtarmaq lazımdır. Əlbəttə, ətraf təsirlər də istisna deyil. Belə bir qanunun qəbulu məişət zorakılığının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Deputat Rafael Cəbrayılovun sözlərinə görə, məişət zorakılığı insan hüquqlarının pozulması spesifik formasıdır. Əgər zorakılıq varsa, dövlət buna qarşı özünün hüquqi iradəsini ortaya qoymalıdır. Bunun qanun formasında olması çox vacibdir. Müzakirə etdiyimiz bu layihənin ən mühüm cəhətlərindən biri məişət zorakılığının məhz insan hüquqlarının pozulması kimi nəzərə almasıdır. Bu qanun layihəsinin qəbulu ölkəmizdə qanunçuluğun daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq.
Millət vəkili Gülər Əhmədovanın bildirdiyinə görə, zorakılıq qurbanlarının deyil, zorakılığı törədənlərin reabilitasiya mərkəzlərinə göndərilməsi məqsədəuyğun olardı. Çünki zorakılıq qurbanlarının reabilitasiya mərkəzlərinə göndərilməsi ilə onların hüquqları ikinci dəfə pozulur. Deputat qanun layihəsinin ikinci oxunuş zamanı bu məsələyə baxılmasını təklif etdi.
"Bu qanun layihəsinin hazırlanması həyatın reallaqlarından yaranıb" fikrini söyləyən deputat Elmira Axundovanın qənaətincə, məişət zorakılığı yalnız qadınların hüquqlarının pozulması kimi başa düşülməməlidir: "Düzdür, məişət zorakılığından ən çox əziyyət çəkən qadınlardır. Amma zorakılığa məruz qalanlar arasında uşaqlar və qocalar da var".
E.Axundova məişət zorakılığının qarşısının alınmasında mətbuatın maarifləndirici rolunu nəzərə alaraq, layihəyə media ilə bağlı müddəanın salınmasını təklif etdi.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirdi ki, məişət zorakılığından danışarkən təkcə qadınların bu problemlə üzləşdiyini söyləmək düzgün deyil: "Layihənin ümumi fəlsəfəsində ağırlıq daha çox qadınların üzərinə düşür. Amma kişilər də məişət zorakılığının qurbanı olur. Ona görə layihənin fəlsəfəsində bu, öz yerini tapmalıdır".
S.Novruzov parlamentin iclasında iştirak edən ATƏT və Avropa Şurası üzvlərinə də müraciət edərək, Avropanın əksər ölkələrinin, hətta parlamentlərində məişət zorakılığının hökm sürdüyünü də vurğuladı: "Avropa ölkələrinin parlamentlərində bir də görürsən, geyim forması ilə bağlı qərar qəbul edirlər. İnsanların geyimlərinə qarışmaq olmaz. Sadə insanlar hərbçi deyil ki, ona geyim forması tətbiq edəsən. İnsan hüquqlarına hörmət etmək lazımdır. Biz islam dəyərləri ilə yaşayan dünyəvi dövlətik. Lakin bu qanunu da qəbul edərək, göstərəcəyik ki, Azərbaycan hər şeyə hazırdır".
Deputat Zahid Oruc qanun layihəsi ilə bağlı bir sıra prinsipial məqamlara münasitbət bildirdi. Onun fikrincə, qadınların cəmiyyətdə mövqeyinin təmin edilməsi kişilərin mövqeyinin zəiflədilməsi hesabına olmamalıdır.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bu qanun layihəsinin qəbulundan sonra cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınmasına diqqətin artacağını dedi. Valeh Ələsgərov layihənin bir neçə müddəasına texniki düzəlişlərin edilməsi ilə bağlı təkliflərini diqqətə çatdırdı.
Müzakirələrdə son olaraq çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Birləşmiş Millətlər Təşkilatının məişət zorakılığı ilə bağlı 2009-cu ilin hesabatından bəzi rəqəmləri diqqətə çatdırdı. Məlum oldu ki, hər yüz min nəfər qadına görə Finlandiyada 43, Almaniyada 37, Misirdə 35, Rusiyada 21, İtaliyada 18 qadın məişət zorakılığına məruz qalır. Azərbaycanda isə bu rəqəm 13,3 nəfərdir. Ziyafət Əsgərovun sözlərinə görə, mötəbər qurum olan BMT-nin hesabatında yer alan bu fakt göstərir ki, Azərbaycanda məişət zorakılığı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda millət vəkillərinin səs çoxluğu ilə təsdiq edildi.