PDF Oxu

Əsas

  • 18

"Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində"

"Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində"
Azərbaycan Mətbuat Şurasının (MŞ) və Azərbayan Sosial Rifah Partiyasının (ASRP) birgə təşəbbüsü ilə mayın 21-22-də "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" mövzusunda ikigünlük konfrans keçirilib. SİA-ya MŞ-dən verilən məlumata görə, tədbir milli mətbuatımızın 135 illik yubileyinə həsr olunub.
Konfransı giriş sözü ilə açan ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, beynəlxalq qurumlara və xarici media vasitələrinə sirayət edən ikili standartlar, birtərəfli yanaşma tərzi ölkəmizin üzləşdiyi terroru, müharibəni, ərazi itkisini dünya ictimaiyyətinə, nüfuzlu qurumlara çatdırılması zərurətini daim aktual edir. Azərbaycanlılara qarşı erməni riyakarlığının torpaqlarımız işğaldan azad edildikdən sonra da davam edəcəyinin labüdlüyünü nəzərə alan natiq hazırkı dövrdə beynəlxalq ictimaiyyətlə səmərəli əməkdaşlığın prioritetə çevrildiyini vurğulayıb.
MŞ-nin sədri Əflatun Amaşov konfransı zamanın tələbi kimi qiymətləndirib və qeyd edib ki, Şura erməni saxtakarlıqlarının üzə çıxarılması istiqamətində ardıcıl və təsirli işlər görür, lakin mövcud istiqamətdə beynəlxalq ictimaiyyətin dəstəyinə hələ də böyük ehtiyac duyulmaqdadır. O, bu dəstəyi artırmaq məqsədilə yeni koordinasiya qurumunun təsis edilməsini məqsədəuyğun sayıb, konfrarnsı bu baxımdan əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Tədbirdə çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı, Böyük Qurtuluş Partiyasının sədri, milət vəkili Fazil Qəzənfəroğlu, "Ədalət" Partiyasının sədri İlyas İsmayılov, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, ASRP Siyasi Şurasının üzvləri professor Məmmədəli Paşayev, jurnalist Firdovsi Kazımov və başqaları ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında yeni yaradılan qurumun təsirli rol oynayacağına əminliklərini vurğulayıblar. Onlar Avrasiya məkanının media işçilərini ədalətli olmağa, təhlükəsizlik və rifah məsələlərini diqqət mərkəzində saxlamağa çağırıblar.
Konfransda Rusiyanın nüfuzlu gündəlik nəşri olan "Tribuna" qəzetinin son illərdə Azərbaycanın ağrılı məsələlərinə diqqət yetirməsi və obyektiv yazılar çap etməsi razılıqla qeyd olunub. Nəşrin baş redaktoru Oleq Kuzin çıxışında Avrasiya ölkələri mediasının rəhbərlərini və yazarlarını Qafqaz regionundakı münaqişələrin ədalətli həllinə informasiya dəstəyi verməyə səsləyib, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının əsassız surətdə uzanmasnın yolverilməzliyini bildirib.
Bolqarıstanın Debretsen İnstitutunun filologiya elmləri doktoru Veneta Yankova, İranın Təbriz şəhərindəki Azad Universitetinin professoru Azim Sahati Mehr, Litvanın Vilnüs Pedaqoji Universitetinin dosenti, beynəlxalq icmalçı Vidas Kavaliauskos, Gürcüstanın keçmiş parlament üzvü, əməkdar jurnalist Timuri Beberidze, macarıstanlı pedaqoq-jurnalist Erika Szido, Moldova Müstəqil Əmlak Palatasının prezidenti Tereburke Dmitri və digər xarici qonaqlar Rusiya qəzeti rəhbərinin söylədiklərini dəstəkləyiblər. Onlar Avrasiya media məkanında ədalət, təhlükəsizlik və rifah mövzusunun geniş, obyektiv işıqlandırılması, bu məsələdə Azərbaycana informasiya dəstəyi verilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Mayın 22-də davam etdirilən beynəlxalq konfransda Avrasiya ölkələri üzrə Beynəlxalq Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzi təsis edilib, iştirakçılar qurumun təsis protokoluna imza atıblar. Tədbir iştirakçılarına Azərbaycanın ilk milli qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin ASRP tərəfindən nəşr olunmuş əsərləri hədiyyə edilib.

Digər xəbərlər