PDF Oxu

Əsas

  • 18

"Mövqe" qəzeti "Şirvan" Milli Parkına ekskursiya təşkil edib

"Mövqe" qəzeti "Şirvan" Milli Parkına ekskursiya təşkil edib
"Mövqe" qəzeti Prezident yanında KİV-lərin inkişafına dövlət dəstəyi fondunun maliyyələşdirdiyi layihəsi çərçivəsində KİV nümayəndəlrinin iştirakı ilə "Şirvan" Milli Parkına ekskursiya təşkil edib. "Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunu artırılması" layihəsi çərçivəsində həyata keçirilən ekskursiyanın mahiyyəti və məqsədi barədə məlumat verən "Mövqe" qəzetinin baş redaktoru İlham Ələsgərov ölkəmizdə ekoloji maarifləndirmə sahəsində görülən işlərə toxundu. Qeyd etdi ki, istənilən bir məlumatın, o cümlədən, ekoloji sahədə görülən işlər barədə ictimaiyyətə çatdırılmasında KİV-lərin üzərinə böyük vəzifələr düşür. Ekoloji mühitin qorunması, cəmiyyətin ətraf mühit haqqında məlumatlarının genişləndirilməsi zəruri amillərdəndir. Çünki Azərbaycan özünün zəngin təbiəti əvəzolunmaz ekoloji mühiti ilə tanınmaqdadır. Bu zərurətdən də KİV-lərin ekoloji məsələlərdə tutmuş olduğu birmənalı mövqe təqdirəlayiq qiymətləndirilir". "Şirvan" Milli Parkı haqqında məlumat verən parkın direktoru Seymur Kərimov Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz ovalığının, Salyan və Neftçala rayonları ərazisində yerləşdiyini bildirdi. O, qeyd etdi ki, 1961-ci ildə Kür-Araz ovalığının bu hissəsində 77 baş ceyran olduğu bir vaxtda Bəndovan Dövlət Yasaqlığı yaradılıb: "Cəmi səkkiz ildən sonra ceyranların sayının 400 başa çatdığını görüb, 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edilib. 1982-ci ildə dövlət təbiət qoruğunun sahəsi genişləndirilərək 25761 hektara çatdırılıb. 2003-cü ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində 6232 hektar sahəni əhatə edən Şirvan Milli Parkı yaradılıb. Qoruğun yaradılması ilə də Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş gözəllik rəmzi olan ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsi və bərpası təmin edilib". S.Kərimov onu da əlavə etdi ki, milli parkda ov etmək və Azərbaycanın nadir gözəllik incisi olan ceyranı ovlayan hər bir şəxs 1650 manat cərimə olunur: "Müsbət haldır ki, son bir neçə ildə belə bir fakt olmayıb. Çünki geniş şəkildə maarifləndirmə işi aparılır və artıq insanlar ceyran ovlamaqdan çəkinirlər. Əgər belə faktlar olarsa, qanunda nəzərdə tutulmuş cərimə tətbiq edilir. Yəni ceyranın ovlanması cinayət hesab edilir". Millət vəkili Aqil Abbas çıxışında qeyd etdi ki, milli parkın başı az bəlalar çəkməyib. Onun sözlərinə görə, ərazidə ceyranlarla yanaşı, ətraf rayonların təsərrüfat sahələri də yerləşidirilib: "Burada neft kəşfiyyat quyuları salınıb və o vaxtkı SSRİ hərbi hava qüvvələrinin gizli hərbi poliqonu üçün meydan olub. Bəlkə də ərazidə indiyə qədər zərərsizlişdirilməmiş minalar var". "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu ekskursiyanın təşkilindən razılığını ifadə edib və ölkəmizdə ətraf mühitin qorunması istiqamətində atılan addımlardan, görülən işlərdən bəhs edib: "Azərbaycan Qafqazda özünün füsunkar təbiəti və gözəl təbiət nümunələri ilə zəngindir. Ölkəmizin tarixi ədəbiyyatlarında belə nadir təbiət nümunələri barəsində məlumatlar verilir, şairlərin dilində bu gözəliklər vəsf olunur. Ona görə də, hər bir fərd olaraq təbiətimizin və bizi əhatə edən zəngin mühitin qorunması sayəsində bütün səylərimizi birləşdirməliyik".

Digər xəbərlər