"Müxalifətdə olan bəzi dairələr təbii fəlakətdən də siyasi qazanc əldə etməyə cəhd göstərirlər"
Heç bir ölkə təbii fəlakətdən sığorta olunmayıb. Bizim planetimizin hər yerində müxtəlif xarakterli, insanlardan asılı olmayan hadisələr- zəlzələlər, daşqınlar yanğınlar, vulkan püskürmələri və digər hadisələr baş verir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı açıqlamasında deyib. Belə hadisələrin dünyanın hər bir yerində baş verdiyini deyən millət vəkilinin fikrincə, heç bir ölkədə bu hadisələrə görə hakimiyyət ittiham olunmur: "İslandiyada baş verən vulkan püskürməsi zamanı Avropanın, Amerikanın təyyarı şirkətləri milyonlarla ziyana düşdü. Lakin heç vaxt buna görə, hakimiyyət, hökümət ittiham edilmədi. Bu təbii fəlakətdir. Bunu qabardıb, şişirdib, hər hansı bir qazanc almağa cəhd göstərmək mənəviyyatsızlıqdır. Çox təəssüf ki, Azərbaycanın müxalifətdə olan bəzi dairələri təbii fəlakətdən də siyasi qazanc əldə etməyə cəhd göstərirlər".
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirəni xatırladan M.Qurbanlı vurğulayıb ki, prezidentin verdiyi tapşırıq və sərəncamı əsasında seldən əziyyət çəkən, fəlakətə məruz qalan ərazilərin bərpası üçün insanlara yardımlar göstərilir. Onun sözlərinə görə, Azərbaycanın müvafiiq qurumları öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Əhalinin fəlakət qarşısında tək qalmadığını dilə gətirən icra katibinin müavini söyləyib ki, zərərçəkənlər dövlət dəstəyini hiss etməkdədirlər.
"Fəlakətin qarşısınının alınması istiqamətində tədbirlər həyata keçirilir. Kür çayının deltasında ciddi proqramlar, bəndlərin bərpası və yenidən qurulması üçün layihələr həyata keçirilir və keçiriləcək. Bu məsələ prezident İlham Əliyevin diqqətindədir. Onun tapşırıqları ciddi şəkildə yerinə yetirilir, ən əsası Azərbaycan vətəndaşı diqqət və qayğıdan kənarda deyil. Aydındır ki, gələcəkdə də belə bir daşqınlar ola bilər. Bunlar istisna deyil. İnsan təbiətə hökm edə bilməz, çünki təbiət bizdən üstündür. Biz təbiətin bir parçasıyıq. İnsan təbiətdən özün qorumaq üçün addam ata bilər, amma elə təbii qüvvələr var ki, insan onun qarşısında davam gətirə bilməz".