Qanunsuz tikililərə qarşı mübarizə tədbirləri gücləndiriləcək
Zaman-zaman qanunsuz tikililərin yaratdığı prblemlərdən söhbət açılıb və bu problemin aradan qaldırılması üçün yollar axtarılıb. Amma son vaxtlara qədər müşahidə olunan proseslər, onu deməyə əsas verir ki, problem hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Xüsusilə də, yüksək gərginlikli elektrik naqillərinin altında, su və qaz borularının keçdiyi ərazilərdə qanunsuz yaşayış sahələrinin tikilməsi qəzaların baş verdiyi hallarda ciddi problemlərin yaranmasına səbəb olur. Məhz buna görə də, müvafiq dövlət qurumları problemin aradan qaldırılması üçün müəyyən təkliflərlə çıxış etməkdədirlər. Hələ mart ayının 4-də məsələ ilə bağlı keçirilən seminarda da bu məsələyə toxunulub. "Daşınmaz əmlakın idarə sistemində şəffaflıq və səmərəlilik" mövzusunda keçirilən seminar zamanı bildirilib ki, dövlət xidməti nəzdində yaradılan işçi qrup layihə çərçivəsində Dünya Bankının ekspertləri ilə birgə Azərbaycanda qanunsuz tikililərin vəziyyətinin araşdırılması və qiymətləndirilməsini həyata keçirir. Aparılan işlərdən sonra bu tikili məsələlərinin nizamlama metodu haqqında dəqiq qərar qəbul ediləcəkdir. Bu sayədə bu cür hadisələrin qarşısının alınacağı ehtimal olunur.
O ki qaldı məsələnin həlli üçün görülməli işlərə, bu, o qədər də çətin deyil. Burada məsuliyyət hamımızın üzərinə düşür. Bələdiyyədən tutmuş sadə vətəndaşa kimi hər kəs əlini daşın altına qoymalıdır. Vətəndaş başa düşməlidir ki, qanunsuz tikiliyə şərait yaratmaq düzgün qərar olmadığı kimi, gələcəkdə də bir çox problemi də özü ilə gətirəcəkdir. Bu vaxta kimi buraxılmış nöqsanlar ciddi araşdırılmalıdır. Qanunsuz şəkildə sərəncamlar verən şəxslər müəyyən edilməli, müvafiq tədbirlər görülməli, problemin aradan qaldırıması üçün səy göstərilməlidir.
Bütün evlərə yenidən baxış keçirilməlidir. Keyfiyyətsiz çoxmərtəbəli ev, ofis və binaların tikilməsinin qarşısı alınmalıdır. İnsanlar düşünməlidir ki, yaşayış üçün əlverişli olmayan yerlərdə yaşamaq çox təhlükəlidir. Elektrik xətlərinin altında, neft kəmərlərinin üzərində, dəmir yollarının yaxınlığında yaşayışa yaramayan yerlərdə yaşamaq, nəinki onların, hətta bütün ailəyə real təhlükədir. Bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Bütün qanunsuz tikililər yığışdırılmalı, insanları lazımi səviyyədə kompensasiya ilə təmin etmək lazımdır. Lakin bir şey də var ki, bəzi vətəndaşlarımız yaşadıqları təhlükəli ərazidən çıxmaq istəmirlər. Bu səbəbdən, haradan ki, insanlar köçürülür, onlara bazar qiymətləri ilə müəyyən edilmiş kompensasiya ödənilir. Azərbaycan hökuməti xoş niyyətini göstərərək, bu ölkəyə könül vermiş insanının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəyi şübhəsizdir.