PDF Oxu

Əsas

  • 13

Zamanın qüdrətli övladı

Zamanın qüdrətli övladı
Azərbaycanın müxtəlif tarixi dönəmlərində siyasi aləmdə nüfuz qazanan şəxsiyyətlər əsrlərin yaddaşında iz qoyub, onların ölkənin həyatındakı mövqeyi zaman-zaman tədqiq edilərək, xalqa təqdim olunur. XX əsr Azərbaycan tarixinin böyük şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyev xalqın iqtisadi-siyasi, mədəni-mənəvi müstəqilliyində müstəsna rola malik simadır. Zaman ötdükcə Heydər Əliyev böyüklüyü daha da geniş anlamda dərk edilir və Onun gördüyü işlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, eləcə də, müasir həyatımızda imzası ilə reallaşan layihələrin daha geniş miqyasda gerçəkləşməsi ilə öz təsdiqini bir daha tapır. Bu günlərdə "Elm-Təhsil" nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının veteranı, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənovun çapdan çıxmış "Milli-mənəvi dəyərlərimiz" kitabı ulu öndərin əbədiyaşar xatirəsinə ithaf olunmuşdur. Kitabın qayəsi yetişməkdə olan gənc nəslin milli tərbiyəsinin azərbaycançılıq, vətənə sədaqətlik, xalqa bağlılıq, milli qeyrət ruhunda inkişaf etdirilməsi, ulu öndərimizin parlaq nümunəsi əsasında həyata keçirilməsindən ibarətdir. "Milli-mənəvi dəyərlərimiz"ə ön söz yazan YAP Siyasi Şurasının üzvü, əməkdar müəllim, professor Vilayət Əliyev tarixi prosesin gedişatında iştirak edən müəllifin kitaba daxil olan yazılarının hər birinin 1993-cü ildən 2007-ci ilə qədər dövrü mətbuatda işıq üzü gördüyünü qeyd edir. Görkəmli siyasətçi, böyük Azərbaycanlı Heydər Əliyevin xalqa xilaskarlıq missiyasında milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin qorunmasından ömrünün qalan hissəsini xalqına həsr etməsindən söz açılır. Professor göstərir ki, məqalələrin hər birinin müxtəlif illərdə yazılmasına baxmayaraq, mənəvi və ictimai-siyasi baxımdan, eləcə də, müasirlik baxımından yüksək əhəmiyyətə malikdir. Üç fəsildən ibarət olan kitabın birinci fəsli "İnkişafımızın qızıl dövrü" adlanır. Bu bölməyə müəllif milli dövlətçiliyin banisi, ulu öndərin dövlətçiliyin, milli şüurun yüksəliş rolundan yazaraq, 70-ci illərdən başlayaraq, Azərbaycanın yeni bir mərhələyə qədəm qoymasını və onun rəhbərliyi ilə yeni intibahın yaranmasını, həm də bu intibahın növbəti zəruri pilləsi olan azadlıq mücadiləsinə daxilən hazırlanmasını göstərmişdir. Heydər Əliyev "Mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz" bir-birini tamamlayan fikirlərinin qayəsində vətənpərvərlik, eləcə də, milli özünüidarənin formalaşdırılması üçün doğru yol göstərir.
"Onun yolu haqq, ədalət, zəfər yoludur" məqaləsində müəllif ulu öndərin Azərbaycan xalqı üçün ululuq, paklıq, təmizlik zirvəsi olduğunu göstərir. Müəllif zəmanəmizin və gələcəyimizin tərbiyə meyarı kimi qələmə verdiyi Heydər Əliyevi müasir dövrdə dünya azərbaycanlılarının lideri olduğunu göstərməklə yanaşı, zəngin tarixə malik xalqımızın bəşəriyyətə bəxş etdiyi ən nadir simanın Heydər Əliyev olduğunu vurğulayır. Dahi öndər Heydər Əliyev Azərbaycan dövlətinin 30 ildən artıq bir tarixində öz imzasını atmış, bu dövrün bütün mərhələlərində Onun fəaliyyəti xalq üçün həmişə nümunə, örnək olmuşdur. Bu gün də Onun fəaliyyəti Azərbaycan tarixində dərindən iz salmış milli-mənəvi dəyərdir. Müəllif göstərir ki, bu milli-mənəvi dəyərlər, nəinki bu gün, gələcəkdə də yetişməkdə olan nəsil üçün hər zaman nümunə və örnək olacaq. "Heydər Əliyev dühasının ölkə həyatındakı gerçəkliyini öyrənmək və gəncləri bu ruhda tərbiyə etmək ən vacib məsələlərdən biridir" deyən Ağahüseyn Həsənov Onun dövlətçilik təcrübəsinin, idarəetmə qabiliyyətin və konsepsiyasının vacib bir təməl olduğunu bildirir: istər ideya-siyasi tərbiyədə, istər dövlətçilik təcrübəsində. Müəllifin fikrincə, tərbiyənin tərkib hissələri Onun fəaliyyətində öz parlaq əksini tapıb, şəxsiyyətində maddiləşib: "Onun ideya-siyasi tərbiyəsi bu gün dünya siyasi arenasına çıxış üçün zəmin olub". İqtisadi-siyasi və mədəni dövlət quruculuğu ərazi bütövlüyümüzün bərpa olunması üçün gedən mübarizədə xalq hər zaman öz lideri ilə həmrəydir. Belə ki, cüzi bir fikir ayrılığı Azərbaycan dövlətçiliyində təhlükəli ola bilərdi.
Kitabın birinci fəslində "Milli dövlətçiliyimizin banisi", "Vətən, xalq naminə fədakarlıq", "Xalqın inamının möhkəm əsasları", "Dilimizin, milli-mənəvi dəyərlərimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır", "Zəmanəmizin və gələcəyimizin tərbiyə meyarı", "Xoşbəxt gələcəyə təminat" və digər başlıqlı məqalələrdə Azərbaycan dövlətinin inkişafının qızıl dövrü öz əksini tapmışdır. Azərbaycanın milli dəyərlərinin güclənməsi, dünyada Azərbaycanın həqiqi obrazının yaradılması sahəsində Heydər Əliyevin həyata keçirdiyi siyasi xətt üzərində düşünərkən, bir daha yəqin edirsən ki, O, hələ 1970-ci illərdə bu istiqamətdə fəaliyyəti ilə onların təməlini qoymuş, peyğəmbərcəsinə uzaqgörənliklə xalqın gələcəyini düşünmüşdür.
Kitabın ikinci fəsli ulu öndərin əbədiyyətə qovuşması ilə əlaqədar olduğu üçün müəllif "Azərbaycanla yaşayır adın" adlandırır. Burada "Heydər Əliyevin xatirəsi xalqın yaddaşından silinməyəcək", "Əbədi milli mənəviyyatımız", "Adınla fəxr edir vətən", "Zamanın qüdrətli övladı" və s. başlıqlı məqalələrdə müəllif Heydər Əliyev şəxsiyyətinin müəyyən tərəflərini xarakterizə edərək, Azərbaycan dövlətinin müstəqillik tarixindəki rolunu və dövlətə verdiyi töhfələri əks etdirməyə çalışmışdır. Xalqımızın tarix boyu bərqərar olmuş dəyərlərinin bərpa edilməsini Heydər Əliyevin fəaliyyəti ilə əlaqələndirən A.Həsənov tariximizin obyektiv mənzərəsinin yaradılması kimi milli mənəviyyatı və milli ruhu zənginləşdirən özünəqayıdış prosesini ümummilli liderimizin fəaliyyəti ilə hər gün reallığa çevrildiyini göstərir. Bir qərinədən artıq milli lider və rəhbər kimi öz ömrünün qalan hissəsini xalqına bəxş edən Heydər Əliyevə xalqın məhəbbət və ehtiramının əbədi olduğunu göstərir.
Kitabın üçüncü fəsli "Xalqa bəxş olunan ömrün bəhrəsi" adlanır. Bu fəsildə "Heydər Əliyev demokratik Azərbaycanın banisidir, İlham Əliyev Onun davamçısıdır", "Avropa Şurasında keçən iki il", "O, millətin Prezidentidir" "Tərəqqi edən bölgələr güclü Azərbaycan deməkdir" və s. yazılarda müəllif maraqlı mövzulara toxunur və çox əlaqəli bir şəkildə Heydər Əliyevlə Azərbaycanın inkişafındakı bağlılığı göstərir. Ulu öndərin irsi və bu irsin layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlişinin zəruri qanunauyğunluq olduğunu əks etdirən məqalələrdə, həqiqətən, yetişməkdə olan gənc nəslin milli-mənəvi, milli qürur ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev məktəbinin yetirməsi olan İlham Əliyevin mübariz və məqsəd uğrunda mübarizə aparan bir siyasətçi olduğunu göstərir. Siyasətçi üçün bunu əsas keyfiyyət kimi qiymətləndirən müəllif Azərbaycanın çox mühüm problemlərinin, o cümlədən, Dağlıq Qarabağ məsələsinin həll olunacağına inanır. "Çağdaş dünya, çevik siyasətçilərin meydanıdır. Müasir dünyadan yaxın keçmişə nisbətən sürətlə dəyişən dinamik dünyanın keşməkeşlərindən yalnız çevik, müasir siyasətçilər baş aça bilər... O, Amerika və Qərb diplomatları ilə ən böyük auditoriyalarda belə ingilis, fransız dillərində mükaliməyə girməyi bacarıb və öz ölkəsini Azərbaycanın mənafelərini istənilən səviyyələrdə layiqincə müdafiə etməyə qadirdir".
Bu gün hər kəs bir həqiqəti dərk etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızı, dövlətçiliyimizi və bütün dünya Azərbaycanlılarını işıqlı gələcəyə qovuşdurmaq siyasətini bu gün Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Digər xəbərlər