Təbii fəlakətin qarşısının alınması üçün zəruri tədbirlər görülür
Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində ölkəmizin müxtəlif yaşayış ərazilərində təbii fəlakətlər baş verib. Bunun da nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahələri su altında qalmışdır.
Millət vəkili Tahir Süleymanovun bizimlə söhbətində bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin baş verənlərə müdaxiləsi olmasaydı, fəlakətin miqyası daha geniş ola bilərdi: "Əgər vaxtında tədbirlər görülməsəydi və proseslərə Prezidentin şəxsi nəzarəti olmasaydı, fəlakətin miqyası daha geniş ola bilərdi. Bütün dövlət qurumları, xilasedicilər gecə-gündüz işləyirlər, bəndlər bərkidilir, kisələri torpaqla dolduraraq, çayların sahilləri bərkidirlər. Əhaliyə dəyən maddi və mənəvi ziyan hesablanmaqdadır. Yəqin ki, tezliklə dövlət tərəfindən onlara kompensasiya veriləcək. Hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının qüvvələri, yerli əhali, yerli icra strukturlarının müvafiq şəxsləri və Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin həm şəxsi heyəti və texnikaları təbii fəlakət bölgəsində işləyirlər".
T.Süleymanov onu da bildirdi ki, Kürdə və digər çaylarda daşqınlar həmişə olub. Lakin builki daşqınlar əvvəlkindən səviyyəsinə görə, daha böyük olduğundan fəlakətlə nəticələnib: "Dövlət strukturları ölkə Prezident İlham Əliyevin göstərişinə əsasən, təbii fəlakətin qarşısını almaq üçün xüsusi tədbirlər görülür. Təhlükə baş verən və verə biləcək yaxın kəndlərdə əhalinin, onların mal-qarasının köçürülməsi ilə bağlı işlər aparılıb".
Hazırda selin qarşısının alınması, suyun daha təhlükəsiz istiqamətə yönəldilməsi üçün tədbirlərin görüldüyünü qeyd edən millət vəkili səhiyyə, nəqliyyat, ekologiya və təbii sərvətlər nazirliklərinə, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə əhalinin dərman təchizatı, həkimlərlə təmin olunması, yayıla biləcək infeksion xəstəliklərin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb: "Nəzərə almaq lazımdır ki, son vaxtlar dünyanın müxtəlif nöqtələrində, o cümlədən, ABŞ-da tornadovə qasırğa, İslandiyada kül burulğanı, Türkiyə, Yunanıstan, Gürcüstan, Tacikistan və digər ölkələrdə sel daşqınları baş verir. Bunun nəticəsində şəhərlər sel suları altında qalır, insanlar üzücü fəlakətlər qarşısında qalırlar. Şükürlər olsun ki, bizdə o cür böyük fəsadlar yoxdur. Son vaxtlar Azərbaycanda da torpaq sürüşmələri olur. Ancaq dövlətin gördüyü təxirə salınmaz tədbirlər nəticəsində problemlər qısa müddətdə aradan qaldırılır".
T.Süleymanov müxalifətin təbii fəlakətin yaratdığı problemlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdlərini siyasi mədəniyyətsizlik kimi dəyərləndirdi. Müxalifət partiyaları Kür çayının məcradan çıxması nəticəsində baş verən təbii fəlakətdən siyasi qazanc məqsədilə istifadə edir və bu proses müxalifət mətbuatında da özünü göstərir.
Millət vəkili onu da bildirdi ki, bütün dövrlərdə müxalifət partiya funksionerləri xalqın əsəbləri üzərində öz çirkin niyyətlərini həyata keçirməyə cəhdlər göstəriblər: "İndi də qarşıdan parlament seçkiləri gəlir. Bununla bağlı müxalifət daxilində bir canlanma əmələ gəlir. Amma bu canlanma özünü xalqın heysiyyatına qarşı çıxmaqla özünü göstərir. Bu isə, onlara ancaq faciələr gətirəcək. Yəni xalq parlament seçkilərində onları yenidən cəzalandıracaq".