PDF Oxu

Əsas

  • 16

Azərbaycan və Türkiyə bütün sahələrdə geniş əməkdaşlıq edirlər

Azərbaycan və Türkiyə bütün sahələrdə geniş əməkdaşlıq edirlər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın görüşü olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Filarmoniya bağında olublar
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan dünən Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olublar. Bağ ilə tanışlıq zamanı bildirildi ki, 1830-cu ildə İçərişəhər divarlarının əhatəsində salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan bu bağın maraqlı tarixi vardır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən burada abadlıq və yenidənqurma işləri aparılıb. Yenidənqurma prosesi bağın orijinal üslubu saxlanılmaqla həyata keçirilib.
Hazırda Filarmoniya bağı Bakının digər istirahət guşələri kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilib. Burada aparılan yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. XIX əsr paytaxt memarlığına xas Qərb ənənələrinin Şərq üslubu ilə uzlaşdırılması bu bağın dizaynını daha da cəlbedici edib.

Azərbaycan xalçaları Türkiyə Baş nazirinin xanımını valeh edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar. Xanımlar nadir Azərbaycan xalçalarından, "Azərilmə"nin məmulatından ibarət sərgiyə baxmışlar. Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Ölkəmizdə toxunan xalı-xalça yüksək keyfiyyəti və zəngin çeşidləri ilə fərqlənir. Azərbaycan xalçaları dünyanın bir çox muzeyinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi də çox maraqlıdır. Burada bütün xalçalar ənənəyə uyğun toxunur. İplər ancaq təbii boyalarla boyanır, eskizlər yalnız milli naxışlardan götürülür.
Mehriban Əliyeva və Əminə Ərdoğan qalereyada nümayiş etdirilən zəngin eksponatlara baxmış, boyama və toxuma proseslərini maraqla izləmişlər. Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır. Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan müəssisədə toxunan xalçaların nümayiş etdirildiyi "Sehirli naxışlar" qalereyasında da olmuş, burada orijinal kompozisiyalı və əlvan tərtibatlı xalçalara baxmışlar. Qonaqlar çay süfrəsinə də qonaq olmuşlar.
Gördüklərindən məmnun qalan Əminə Ərdoğan müəssisənin kollektivinə uğurlar arzulamışdır.
Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin xanımları dənizkənarı milli parkı gəziblər
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olmuşlar. Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış oldu. 1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yenidənqurma işləri aparılmışdır. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilmişdir. Milli Parkda yeni ağaclar əkilmiş, çəmənliklər salınmışdır. Burada asfalt örtük götürülərək yerinə qırma-dekorativ daş döşənmiş, parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılmışdır. Bu gün Dənizkənarı Milli Park Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biridir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan talassemiya mərkəzində olublar
Dünən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Talassemiya Mərkəzində olub, müalicə ocağının fəaliyyəti və xəstələrin vəziyyəti ilə maraqlanıblar.
Mərkəzin direktoru Azər Kərimov məlumat verib ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan bu səhiyyə ocağı gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi mərkəzdə daimi müalicə olunur.
Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılıb. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.
Xanım Əminə Ərdoğan mərkəzin ikinci mərtəbəsində yerləşən transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxmışdır. Qeyd olunmuşdur ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Mehriban Əliyeva və Əminə Ərdoğan burada müalicə alan uşaqların səhhəti ilə maraqlanmış, onların valideynləri ilə söhbət etmişlər.
Bundan əvvəl övladlarını xaricdə çox çətinliklə müalicə etdirmək məcburiyyətində olduqlarını və bu mərkəz fəaliyyətə başladıqdan sonra problemin aradan qaldırıldığını deyən valideynlər göstərilən diqqət və qayğıya, ümumiyyətlə ölkədə səhiyyə sahəsində aparılan çox mühüm islahatlara görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Sonra Əminə Ərdoğan mərkəzin üçüncü mərtəbəsində yerləşən reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olmuşdur. Bildirilmişdir ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmışdır və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir. Türkiyə Baş nazirinin xanımı mərkəzin beşinci mərtəbədə yerləşən konfrans zalına və yeməkxanaya da baxmışdır.
Əminə Ərdoğan ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldığını bildirmişdir.

Digər xəbərlər