Ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib
Azərbaycan hər il may ayının gəlişini sevinc, ümid və iftixar hissilə qarşılayır. Bu ay bütün türk dünyasının qürur və güvənc yeri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin doğum günü təntənə ilə, böyük məhəbbət və şərəflə bayram edilir. Əlamətdar gün münasibəti ilə artıq bir neçə ildir ki, ənənəvi olaraq, Azərbaycanın hər bir guşəsində Gül Bayramı keçirilir və bu bayram da hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş Dahi Şəxsiyyətə bir daha minnətdarlıq hissi oyadır. Bu ənənənin davamı olaraq dünən də Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirildi.
Səbail bağında Səbail rayon ərazində yerləşən məktəblərin şagirdlərinin əl işləri təqdim olunurdu. Belə ki, Səbail rayon 91, 203, 50, 7, 189, 190, 103 və digər orta məktəb şagirdlərinin əl işləri Heydər Əliyevin 87-ci ildönümünə həsr edilmişdir. Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin gül-çiçəyə qərq olmuş portretləri bu nümunələr sırasında çoxluq təşkil edirdi. Müxtəlif çiçəklərdən yığılan "xalçalarda" türk dünyasının böyük oğlu Heydər Əliyevin portreti, "Ulu öndərin 87-ci ildönümü" sözləri yazılmışdı. Cürbəcür çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan, balıq qulaqlarından hazırlanan və göz oxşayan rəngarəng kompozisiyalar, dövlət rəmzləri buraya gələnləri heyran qoyurdu. Bir sözlə, "Sahil" bağında fəvvarənin yan-yörəsindən tutmuş hər tərəf bir-birindən gözəl, gözoxşayan, bahar təravətli, gül-çiçək içində idi.
Güldən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğururdu. Səbail rayon 51 nömrəli orta məktəbin müəllimi Əliyeva Validənin Heydər Əliyevin 87-ci ildönümünü əks etdirən portreti və bu portretin Azərbaycan gerbinin içərisində təsviri iştirakçıların marağına səbəb olmuşdur. Azərbaycan xəritəsini, Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixini əks etdirən nümunələr sırasında 20 saylı Uşaq Yaradıcılıq Mərkəzinin şagirdi olan Cümşüdov Fərhadın "Karvan", "İşıqlı gələcək", "Təbiət qoynunda", Oruczadə Mətanətin "Buta" kimi nümunələri, bütövlükdə, Azərbaycanla bağlı təsəvvürün yaranmasına xüsusi təsir göstərirdi. Bu guşədə təsviri sənət, qobelen, tikmə, rəssamlıq kimi nümunələr Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin bədii təsviri idi. Bu, nümunələr sırasında Cümşüdov Fərhadın "Azərbaycan dünyam mənim" tablosu xüsusilə diqqətəlayiqdi. Belə ki, bu tabloda, bütövlükdə, Azərbaycan mənzərəsi əks olunmuşdur. Belə ki, kiçik bir tabloda ağacın budaqlarında Azərbaycan abidələri, nefti, gerbi, milli alətləri əks olunmaqla yanaşı, onun gövdəsində Qarabağın böyük bir təsviri var idi. Belə ki, işğal altında olan Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan kimi rayonlar onun gövdəsində təsvir edilmişdir. Bu Azərbaycanın bir ayrılmaz hissəsinin ağacda təcəssümü idi. Belə əsərlərin uşaqlarda vətənpərvərlik hissinin aşılanmasında təsiri də müstəsnadır. Bu gimnaziyanın yaradıcılarının yaratdığı nümunələr sırasında Heydər Əliyevin tablo üzərindəki şəkili də maraq doğururdu. Belə ki, bu nümunə üç ay ərzində çəkilib ərsəyə gəlmişdir.
Bu günün mövzusu, reallıqları, demək olar ki, Gül bayramında öz əksini tapmışdır. Gül bayramındakı guşələrdə neft şirkətinə məxsus olan bağçaların da əl işləri təqdim olunurdu. Təbiətin rəngarəngliyi bu nümunələrdə açıq-aydın hiss olunmaqda idi. Azyaşlılarda təbiəti qorumaq, ekoloji mühitin çirklənməsinin qarşısını almaq kimi hisslərin formalaşması məhz bu nümunələrdə özünü göstərirdi. Bu guşədəki 1187-ci il tarixi abidəsi olan Möminə Xatun türbəsinin, eləcə də, XII əsr nümunəsi Qız qalasının gül çələngləri ilə yaradılması və Qız qalasının üzərinin üç rəngli Azərbaycan bayrağının, eləcə də, başı üzərində məşəlin alovlanması məhz gül və parça vasitəsilə hazırlanmışdır.
Ulu öndər Heydər Əliyevin Bakı-Ceyhan marşrutu layihəsi də Gül bayramında əks olunmuşdur. Azərbaycanın sərhədləri və ona qonşu olan dövlətlərin təsviri azyaşlıların bədii təxəyyülündən kənarda qalmamışdır.
Dahi öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş Gül bayramında incəsənət ustalarının təqdim etdikləri konsert proqramı bayram ovqatını daha da yüksəltdi.