Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir
Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti" kitabı çapdan çıxıb. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib. Nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş və ötən il iyunun 15-də Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda keçirilmiş beynəlxalq elmi konfransın materialları əsasında hazırlanmışdır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət kökündən dəyişmiş, ulu öndər suveren Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri yazır: "Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. Onun müdriklüyü, siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan tərəqqi edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...". Kitabda REA-nın üzvü, MDU-nun professoru Əsgər Akayevin "Şəxsiyyət fenomeni inkişafın və mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin əbədi amili kimi", REA Fəlsəfə İnstitutunun direktoru Əbdülsalam Hüseynovun "Mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin humanist əsası", A.Utkin və V.Fedotovun "Azərbaycan bizim məhəbbətimizdir" mövzularda, habelə digər Azərbaycan və Rusiya filosof-alimlərinin maraqlı məruzələri yer almışdır. Kitaba Azərbaycan filosofları - AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin "Heydər Əliyevin mənəvi irsi və vətənpərvərlik ", fəlsəfə elmləri doktoru Tamilla Əhmədovanın "Qloballaşma şəraitində Azərbaycan mədəniyyəti", REA Fəlsəfə İnstitutunun doktorantı Ariz Gözəlovun "Cəmiyyətin qloballaşması və transformasiyası" və digər alimlərin məruzələri daxil edilmişdir. Tanınmış Rusiya alimləri qlobal proseslərə öz yanaşmalarını təqdim etmişlər. Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakovun "Mədəniyyətin inkişafında qlobal və regional əsaslar", Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru İqor Liseyevin "Qloballaşmanın kulturoloji konteksti" və müasir Rusiya fəlsəfi təfəkküründən bəhs edən digər məruzələr xüsusi maraq doğurur.
Ümumiyyətlə, elmi nəşrdə tarixi şəxsiyyətin formalaşmasında, müasir dünyada mədəniyyətlərin qloballaşması və konvergensiyası proseslərinin qarşılıqlı münasibətlərdə, sosial, siyasi, iqtisadi, texnoloji qurumlarda baş verən dəyişikliklərin insanın həyat fəaliyyətinə təsirində, qlobal və regional səviyyələrdə cəmiyyətin davamlı inkişaf problemlərində kulturoloji amillərin rolu barədə materiallar toplanmışdır. Azərbaycanda qlobal proseslərin təzahürünə xüsusi diqqət ayrılmışdır.
***
Yeni Azərbaycan Partiyası "Heydər Əliyev və inkişafın azərbaycan modeli" mövzusunda konfrans keçirəcək
Yeni Azərbaycan Partiyası (YAP) mayın 8-də "Gülüstan" sarayında Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin və YAP-ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və inkişafın Azərbaycan modeli" mövzusunda konfrans keçirəcəkdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edəcəklər.
Konfransın açılışı mərasimində YAP idarə heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov və Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edəcəklər.
Plenar iclasdan sonra "Heydər Əliyev yolu - milli inkişaf strategiyası", "İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyillər" və "Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər" mövzularında bölmə iclasları keçiriləcəkdir.
***
"Heydər Əliyev ideyaları gələcəyimizə qarantdır"
YAP Şərur rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev ideyaları gələcəyimizə qarantdır" mövzusunda tədbir keçirilmişdir.
Təşkilatın sədri Əmir Babayev demişdir ki, taleyin hökmü ilə Naxçıvana qayıdan ümummilli lider muxtar respublikanı erməni işğalından qorudu. Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işləməsinə baxmayaraq, Azərbaycanın digər bölgələrindən də adamlar problemlərin həll olunması üçün Heydər Əliyevə müraciət edirdilər. Müstəqilliyimizim ilk illərində xalqın ağır vəziyyətini görən ziyalılar Heydər Əliyevin rəhbərliyi ilə yeni partiyanın yaradılması təşəbbüsünü irəli sürdülər. "91-lər"in məşhur müraciətinə cavab verən Heydər Əliyev xalqı çətin vəziyyətdən çıxarmağa razı oldu. Beləliklə, 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın bütün bölgələrindən 550-dən artıq nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Qısa müddətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı inkişaf yoluna yönəltdi. Bu gün Heydər Əliyev siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir, ölkəmiz inkişaf edir.
Çıxışlardan sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.
***
"Odlar Yurdu" Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib
Dünən "Odlar Yurdu" Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzmüş, xatirəsini yad etmişlər.
Sonra iştirakçılar tələbələrin əl işlərindən ibarət sərgiyə baxmışlar. Akt zalında davam edən tədbirdə universitetin rektoru, professor Əhməd Vəliyevin "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzəsi dinlənilmişdir. Ümummilli liderin zəngin və şərəfli həyat yolundan danışan natiq bildirmişdir ki, gənclərlə iş H.Əliyevin siyasi fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir. Ötən əsrin 70-ci illərində keçmiş SSRİ-də aqrar ölkə kimi tanınan Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında qısa zaman kəsiyində nəhəng sənaye-energetika regionuna çevrilmişdir. Aparılan köklü dəyişikliklər nəticəsində gənclərə də böyük meydan açılmışdır. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hər il yüzlərlə gənc ölkəmizdən kənara təhsil almağa göndərilmiş, yüksək səviyyəli mütəxəssislər kimi Azərbaycana qayıtmışdır. Heydər Əliyevin həmişə təhsilə böyük önəm verdiyini vurğulayan professor Ə.Vəliyev ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin hazırda bu işi uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.
Sonda dahi rəhbərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya göstərilmişdir.
***
Ağdamda ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında geniş tədbirlər planı hazırlanmış və icrasına başlanmışdır. Tədbirlər planına uyğun olaraq, rayonun bütün idarə və müəssisələrində, ərazi ilk partiya təşkilatlarında müxtəlif tədbirlər, yeniyetmələr və gənclər arasında mini futbol, voleybol, şahmat yarışları keçirilmişdir. Tədbirlər planında "Heydər Əliyev və Azərbaycan təhsili", "Heydər Əliyev və müasir Azərbaycan" mövzularında elmi-praktik konfransların, "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda "dəyirmi masa"nın, rayonun ümumtəhsil məktəblərində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda inşa yazı müsabiqəsinin təşkil olunması da nəzərdə tutulmuşdur.