PDF Oxu

Əsas

  • 26

Azərbaycan Ordusu döyüşə hazırdır

Azərbaycan Ordusu döyüşə hazırdır

Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf edir, onun beynəlxalq əlaqələri genişlənir və nüfuzu artır. Ermənistan Respublikası beynəlxalq hüquq normalarına və əldə olunmuş razılaşmalara məhəl qoymayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaqda davam edir. Regiondakı mürəkkəb hərbi-siyasi durum Azərbaycan respublikası üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş əraziləri azad etmək məqsədi ilə Silahlı Qüvvələrin döyüş imkanlarını artırmağı zəruri edir.

Bir neçə gün öncə, Müdafiə Nazirliyində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə məruzə edən müdafiə naziri Səfər Əbiyev bildirib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər, tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən fəal şəkildə istifadə edilib.
Səfər Əbiyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi hissə və bölmələrinin 2009-cu ildə keçirilən birgə əməliyyat-taktiki təlimində qoşunlar yüksək döyüş məharəti nümayiş etdirib, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması, dağ şəraitində döyüş texnikası və silahların tətbiq edilməsinin üsul və metodları geniş öyrənilib, şəxsi heyətin bilik və bacarığı təkmilləşdirilib.
2009-cu ildə Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən, müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilmiş, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə top və qurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin, radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə, qısa müddət ərzində aşkar edilərək, atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib.
Keçən ilin sonunadək istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilmişdir. Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilməkdədir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılıb, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılıb. Bunun nəticəsində, maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunub.
Yaxın zamanlarda tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi məhv etməyə imkanı vardır.
2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verilib. Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Eyni zamanda, hərbi qulluqçular üçün, ümumilikdə, 627 mənzili olan yaşayış binalarının inşası davam etdirilir.
Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlmiş və aviasiya texnikasının texniki resurslarına qənaət olunub.
Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi-hava qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb.
Gəmilərdə müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri aparılıb və döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üzrə tədbirlər planlaşdırılıb. Gəmi inşa və təmiri sektorunda 200 tonluq patrul kateri inşa edilib. Eləcə də, 21 gözətçi gəmisi əsaslı təmir olunaraq, yeni silah və texniki vasitələrlə təchiz edilib.
Azərbaycan Respublikası dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən, 2009-cu ildə hərbi sahədə dörd əsas sənəd imzalanıb. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir.
Hər bir dövlətin əsas təməllərindən biri onun güclü ordusunun olmasıdır. Böyük qürur hissi ilə, demək olar ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusu var. Dövlətimizin və hökumətimizin diqqəti sayəsində Silahlı Qüvvələrimizin möhkəmləndirilməsində əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır.

Digər xəbərlər