"Ana - müqəddəslik zirvəsi"
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan məktəblilər arasında "Ana - müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirildi.
Komitənin sədri Hicran Hüseynova çıxışında Zərifə Əliyevanın həyat və fəaliyyəti, elmi nailiyyətləri barədə çıxış edib: "Görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, ən yaxşı ana, fədakar həyat yoldaşı Zərifə xanım Əliyeva təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bu fəsildə dünyaya göz açmışdır. O, qısa, lakin mənalı, şərəfli bir ömür yaşadı. Həkim kimi də, ana kimi də bənzərsiz olmağa çalışdı. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Zərifə xanım ləyaqətli, insanpərvər, çox xeyirxah, mehriban bir qadın idi. Hamıya kömək əlini uzadır, hamının qəlbinə yol tapmağı bacarırdı. Bu humanist insan başqalarının dərdini və problemini özününkü hesab edirdi. Çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmırdı. Buna görə də, müalicə etdiyi insanlar onu çox sevirdilər".
H.Hüseynova onu da söylədi ki, Zərifə xanım görkəmli ictimai xadim, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüşdü: "Zərifə xanım həm gözəl həkim, həm də gözəl ailə başçısı idi. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir".
Komitə sədri inşa müsabiqəsinə 55 yazının təqdim olunduğunu qeyd etdi. Komitə sədri müsabiqənin 11 qalibinin müəyyən edildiyini vurğuladı.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova Zərifə xanım Əliyevanın şəxsiyyət zirvəsini fəth etmiş qadın olduğunu bildirdi: "Onun prioritetlərindən biri də uşaq və gənclər olub".
Tədbirin sonunda qaliblərə xüsusi diplomlar və müxtəlif hədiyyələr təqdim olundu.