Ulu öndər Heydər Əliyev xalqımızın əbədi lideridir
Dünən, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının, Nizami rayon icra hakimiyyətinin və Nizami rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun idman stadionunda ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinin açılış mərasimi keçirilib.
Dövlət Himni səsləndikdən sonra açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinin, artıq ənənəvi olaraq, bir neçə ildir ki, keçirildiyini bildirdi. Qeyd etdi ki, ulu öndər həmişə ölkədə sağlam ruhun formalaşması istiqamətində ən zəruri addımlar atıb. S.Vəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsi və onların ən bacarıqlı bir kadrlar kimi yetişməsində idmana olan xüsusi diqqətinin böyük olduğunu söylədi. Bildirdi ki, bu gün Azərbaycan gəncliyi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Məhz bu amilin də ölkədə idmana olan marağın durmadan yüksəlməsinə təsir göstərdiyini söyləyən təşkilat sədri artıq Azərbaycan idmançılarının, nəinki ölkə miqyaslı yarışlarda, həmçinin, beynəlxalq əhəmiyyətli turnirlərdə də yüksək nailiyyətlər əldə etdiyini bildirdi. S.Vəliyeva Azərbaycan idmanının möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bütün dünyada tanıdıldığını və idmançılarımızın ölkəmizin idman şərəfini layiqincə qoruduğunu da turnir iştirakçılarının diqqətinə çatdırdı.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da turnir iştirakçılarını salamlayaraq, ölkədə idmana və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan idmançılarının ardıcıl olaraq böyük uğurlar əldə etməsi ulu öndər Heydər Əliyevin idman siyasəti və Prezident İlham Əliyevin idmana olan böyük diqqəti sayəsində mümkün olur.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılov da çıxışında Azərbaycan idmançılarının uğurundan və onların ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda göstərdikləri yüksək nəticələrdən bəhs etdi. Qeyd etdi ki, artıq ulu öndərin doğum gününə həsr olunmuş ənənəvi idman yarışları cəmiyyətimiz tərəfindən də maraqla izlənməkdədir. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev də çıxışında ulu öndər Heydər Əliyevin daima idmançılara xüsusi rəğbətlə yanaşmasından bəhs etdi. Vurğuladı ki, məhz ümummilli liderin Azərbaycan idmançılarının və gənclərinin dünyada ən yüksək nailiyyətlər əldə etməsində əməyi böyük olub. Məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmançılara xüsusi şərait yaradılıb, neçə-neçə idman kompleksləri tikilib istifadəyə verilib deyən M.Vəliyev bu ənənənin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük əzmlə davam etdirildiyini də bildirdi. Nizami rayon Gənclər İdman İdarəsinin rəisi Qiyas Nəcəfov ulu öndərin 87-ci ildönümünə həsr olunmuş mini-futbol yarışının bütün iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan idmanı və idmançıları artıq Avropa və dünya səviyyəli yarışlarda layiqli yer tutmaqla öz üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Qeyd edək ki, 15 komandanın mübarizə aparacağı mini-futbol yarışı mayın 4-də yekunlaşacaq.