PDF Oxu

Əsas

  • 18

Milli Məclisin növbəti iclası keçirildi

Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edərək, gündəliyin təsdiq edilməsini təklif etdi. Deputatlar öncə gündəliyə və digər məsələlərə dair təkliflərini verdilər. Deputat Aqil Abbas bildirdi ki, aprelin 28-də İsrail parlamentində qondarma "erməni soyqırımı" məsələsi müzakirə olunacaq. Millət vəkili Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən İsrail parlamentinə bu məsələ ilə əlaqədar bəyanatın göndərilməsini təklif etdi.
Deputat Yevda Abramov isə bildirdi ki, İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirə etməyəcək. Sadəcə, bu məsələnin Knessetin gündəliyinə salınıb-salınmaması məsələsi müzakirə olunacaq. Millət vəkilinin sözlərinə görə, bir neçə dəfə baş tutan telefon söhbətindən sonra ona məsələnin gündəlikdən çıxarıldığını, sabah "erməni soyqırımı" ilə bağlı müzakirələrin aparılmayacağını bildirmişlər.
Y.Abramov, həmçinin, onu da bildirdi ki, mayın 4-də İsrailə səfər edəcək və bu məsələ ilə bağlı narahatlığa əsas görmədiyini söylədi: "Sabah qondarma soyqırımı müzakirə olunmayacaq. Sadəcə, məsələnin gündəliyə salınıb-salınmaması müzakirə olunacaq".
Spiker Oqtay Əsədov da ümidvar olduğunu qeyd etdi ki, İsrail parlamenti qondarma soyqırımı məsələsi ilə bağlı müzakirə aparmayacaq.
Deputat Aydın Mirzəzadənin çıxışı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir neçə gün əvvəl Müdafiə Nazirliyində keçirdiyi müşavirə ilə bağlı oldu. Onun sözlərinə görə, ölkə başçısının müşavirədə söylədiyi fikirlər olduqca əhəmiyyətlidir. Bu fikirlərdən bəlli olduğu kimi, Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyə, dövlətimizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Hamı bilməlidir ki, Azərbaycan ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getməyəcək. Aydın Mirzəzadə, onu da əlavə etdi ki, cəmiyyət Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyini qətiyyətlə dəstəkləyir.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirdi ki, erməni lobbisi ilə bağlı bəzi dairələr Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan əleyhinə qərarların çıxarılmasına cəhdlər göstərirlər. Amma Avropa Məhkəməsinin hansısa qərarının şişirdilməsinə ehtiyac yoxdur. Biz Azərbaycan məhkəmələrinin süverenliyi prinsipini əsas götürərək, bu cür məsələlərdə diqqətli olmalıyıq.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun da çıxışı bu mövzuda oldu. Onun sözlərinə görə, adətən, beynəlxalq təşkilatlar Azərbaycana irad tuturlar ki, guya məhkəmələrimiz siyasiləşib və işlərə düzgün baxmırlar: "Bu, əslində, belə deyil. Azərbaycana öz tövsiyələrini verən Avropa Şurasının Avropa İnsan Haqları Məhkəməsinin özü siyasiləşib. Hansı dövlətə təzyiq etmək lazımdırsa, onunla bağlı qərar çıxarırlar. Təsəvvür edin, azərbaycanlı qaçqınlar üç il bundan qabaq Avropa Məhkəməsi qarşısında məsələ qaldırıblar. Görəsən, niyə indiyə qədər bu məsələyə baxılmır. Bu yaxınlarda ermənilər də Avropa Məhkəməsinə müraciət ediblər. Amma onların məsələsinə sentyabrda baxılacaq".
Z.Əsgərov onu da əlavə etdi ki, bu cür məsələlərdə mətbuatı çaşdırmaq lazım deyil: "Avropa Şurasının heç bir qərarı Azərbaycan üçün məcburi deyil, tövsiyə xarakteri daşıyır. Avropa İnsan Haqları Məhkəməsi də Azərbaycana deyə bilməz ki, Eynulla Fətullayevi buraxın. Ona görə Avropa Məhkəməsinin hansısa qərarından şou düzəltmək lazım deyil".
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. İlk olaraq Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında qərar layihəsi müzakirə olundu. Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, Zakir Qaralov prokurorluq sistemində bütün mərhələləri keçərək böyük təcrübə toplamışdır. Ötən on ildə isə respublikamızın Baş prokuroru kimi səmərəli fəaliyyət göstərib. İnanıram ki, Zakir Qaralov növbəti illərdə də öz təcrübəsini səmərəli fəaliyyətə, Azərbaycan Prokurorluğunun inkişafına yönəldəcək.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov məsələ ilə bağlı ətraflı məlumat verdi. Ə.Hüseynov bildirdi ki, komitənin aprelin 20-də keçirilən iclasında bütün komitə üzvləri məsələyə müsbət münasibət bildiriblər. Millət vəkili onu da qeyd etdi ki, ötən on ildə respublikamızın prokurorluq orqanlarında ciddi islahatlar həyata keçirilmişdir. Ölkəmizdə ilk dəfə məhz prokurorluq orqanlarında şəffaf yolla işə qəbul həyata keçirilib. Bu gün prokurorluq orqanlarında çalışanların 40 faizi yeni kadrlardır. Prokurorluq orqanlarının korrupsiya ilə mübarizə sahəsində əzmkarlığı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Hazırda prokurorluqla digər hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mövcuddur. Prokurorluq orqanları öz fəaliyyətlərində dövlətçilik və hüquq prinsiplərini əsas götürürlər.
Deputatlardan Aydın Həsənov, Xanhüseyn Kazımlı, Azay Quliyev və Mübariz Qurbanlı Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru təyin olunması ilə bağlı təqdimatı yüksək qiymətləndirdilər.
Daha sonra məsələ səsverməyə çıxarıldı. Səsvermə nəticəsində Zakir Qaralov növbəti 5 il müddətinə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təsdiq olundu.
Milli Məclisdə çıxış edən Zakir Qaralov respublikamızın Baş prokuroru kimi məsul vəzifəyə yenidən namizədliyinin irəli sürülməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi və bu böyük etimadı prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi. Z.Qaralov ölkənin ali qanunverici orqanı kimi Milli Məclisin rəhbərliyinə və deputatlara onun namizədliyini müdafiə etdiklərinə və ötən illər ərzində uğurlu birgə əməkdaşlığa görə minnətdarlığını bildirdi: "Həqiqətən, ötən illər ərzində Milli Məclis və Azərbaycan Prokurorluğu arasında əməkdaşlıq uğurlu olubdur. Milli Məclisdə prokurorluğun fəaliyyətini tənzimləyən bir sıra mühüm qanunlar qəbul edilmişdir. Ona görə prokurorluğun qanunvericilik təşəbbüsündən istifadə etməyə ehtiyacı olmamışdır. Bu gün Azərbaycan prokurorluğunun qazandığı uğurlarda onun mükəmməl hüquqi bazasının olması mühüm rol oynayır".
Sonra prokurorluq sistemində həyata keçirilən islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər və digər məsələlər barəsində məlumat verən Z.Qaralov çıxışının sonunda qeyd etdi ki, Azərbaycan Prokurorluğu bundan sonra da dövlətçiliyimizin maraqlarının müdafiəsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması və cinayətkarlığa qarşı mübarizə işində əzmkarlıqla fəaliyyət göstərəcək.
Baş prokuror Z.Qaralov Milli Məclisdə səslənən iradlara da öz münasibətini bildirdi. Vurğuladı ki, həm jurnalist Elmar Hüseynovun, həm akademik Ziya Bünyadovun qətlləri ilə bağlı cinayət hadisələri açıqdır: "Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Həmin il parlament seçkiləri keçirilməli idi və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr bu qətlin təşkilatçılarıdır. Bunu xarici ekspertlərin texniki vasitələrlə həyata keçirdikləri rəylərə əsasən, sübuta yetirmişik və həmin şəxslər haqqında axtarış elan edilib".
Z.Qaralov Milli Təhlükəsizlik Nazirliyi lazımi axtarış əməliyyatlarını davam etdirdiyini də söylədi: "Bünyadovun qətlinin istintaqı zamanı müəyyən edilib ki, İran İslam Respublikasının konkret dini dairəsi tərəfindən bu qətlin törədilməsi həyata keçirilib və konkret şəxslər məsuliyyətə cəlb olunub. Bu gün də həmin qətlin təşkilatçılarından iki nəfəri həmin ölkədə sığınacaq tapıblar. Həmin şəxslər Cavanşir Aslanov və Tariyel Ramazanovdur".
Baş prokurorun sözlərinə görə, bu gün siyasi korrupsiyadan danışan yoldaşlar siyasi partiyaların haradan maliyyələşdirilməsi haqqında məlumatlar versinlər: "Son beş ildə Respublika Prokurorluğunda 480 şəxs barəsində 265 cinayət işinin istintaqı tamalanaraq, aidiyyəti üzrə məhkəmələrə göndərilib. 2009-cu ildə 133 cinayət işi tamamlanaraq, məhkəməyə göndərilib. Hazırda Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icrasında 48 cinayət işinin istintaqı aparılır".
Baş prokuror söyləyib ki, 2003-cü ildən başlayaraq, prokurorluğun həyatında ciddi bir dönüşün əsası qoyulub: "Prezidentimizin siyasi iradəsinə uyğun olaraq, ölkədə korrupsiyaya qarşı məqsədyönlü mübarizə tədbirləri həyata keçirilir. Bu sahədə Dövlət Proqramı təsdiq olunub, milli fəaliyyət planının icrasına başlanılıb".
Sonra "Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" və "Qum-Dəniz" yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Bahar" Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Saziş 2009-cu il dekabrın 22-də bağlanmışdı. Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov layihə barədə geniş məlumat verdi. Qeyd olundu ki, sazişə əsasən "Bahar" Enerci Limitedin payı 80 faiz, Ortaq Neft Şirkətinin payı 20 faizdir. Blokda kəşfiyyat işləri üç il müddətinə həyata keçiriləcək. Sazişə əsasən, ilk beş ildə mühəndis-texniki işçilərin 70 faizini, fəhlələrin 90 faizini azərbaycanlılar təşkil edəcək. Beş ildən sonra isə, mühəndis-texniki işçilərin 90 faizini, fəhlələrin isə 95 faizini azərbaycanlılar təşkil etməlidir.

Digər xəbərlər