Builki Gül bayramı öz yenilikləri ilə seçiləcək
Yaşadığımız bu həyatda hər bir insanın əhvali-ruhiyyəsi çevrəsində gözəlliklərin və ruhi qida verən mənzərənin olmasından asılıdır. Kimliyindən və hansı mühitdə yaşamasından asılı olmayaraq, istənilən şəxs ətrafında mövcud olan gözəlliklərə seyrçi qala bilməz. Belə ki, yaşadığımız həyatda möcüzəvi gözəlliklər bizlərə mənəvi zövq verir. Güllər öz təravəti və xoş ətri ilə insanlara rahatlıq və qayğısız həyat bəxş edir. Bu da, təbii ki, Allahın iradəsi əsasında baş verir. Çünki Tanrı ruha qida verən gözəllikləri, laləli tarlaları, göz oxşayan dağ yamaclarında bitən sonsuz gül-çiçək kollarını fani dünya hesab etdiyimiz bu həyatda bir növ cənnətin parçasını yaradır. Bəzən düşüncələrə qərq olub, fikrə daldığımız zaman bu gözəlliklər fikrimizin təzələnməsinə kömək edir. Paytaxtımız Bakı şəhəri də bu gözəlliklərin mərkəzinə çevrilib. Şəhərimizin müxtəlif yerlərində həyata keçirilən quruculuq-abadlıq, yenidənqurma, tikinti işləri, eləcə də, bu yenimləşməyə əlavə olunan gözəlliklər şəhər sakinlərində xoş təəssürat oyadır.
Azərbaycan vətəndaşları Allahın bəxş etdiyi gözəllikləri dəyərləndirərək, yaşadıqları ərazilərdə gül-çiçək yetişdirməyə, inkişaf etdirməyə xüsusi diqqət və qayğı göstərirlər. Bu baxımdan, deyə bilərik ki, paytaxtımız Bakı şəhərinə nəzər yetirdikdə, insanları heyrətə sala biləcək mənzərələrin şahidi olmaq mümkündür. Çünki şəhərin park və xiyabanlarında, yol ayrıcılarında salınan yaşıllıqlar, burada əkilən və göz oxşayan gül kollarına baxdıqda, təbii olaraq, insan "Bakı, sən necə də gözəlsən" ifadəsini səsləndirməkdən yorula bilməz.
Bahar fəslinin ölkəmizə qədəm qoyması münasibətilə paytaxt Bakımız öz gözəlliyinə daha gözəlliklər qatır və yeni yaşıllaşdırma zolaqlarına bürünür. Xüsusilə, ulu öndərimiz Heydər Əliyevin ad günü ilə bağlı olaraq may ayı ölkəmizdə xüsusi maraqla və sevgi ilə qarşılanır. Müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyevə xalq sevgisi də Onun tarixən üzərinə götürdüyü böyük missiyası ilə bağlıdır. Belə ki, ümummilli liderimiz ölkəmizi ən ağır şəraitdən xilas etmiş və xalqımızı vətəndaş müharibəsindən qurtarmışdır. Ulu öndərimizin xilaskarlıq xidmətlərinə hər zaman hörmətlə yanaşan Azərbaycan xalqı Onun adını iftixar hissi ilə yad edir. Bu baxımdan, Onun doğum günü olan 10 may tarixi hər bir Azərbaycan vətəndaşı üçün əziz və müqəddəsdir.
Qeyd edək ki, ümummilli liderimizə böyük məhəbbət bəsləyən xalqımız hər il may ayının 10-nu tarixini ölkəmizdə Gül bayramı kimi qeyd edir. Xalqımız həmin günü bütün şəhər küçələrini gül çələngləri ilə bəzəyərək, ulu öndərimiz Heydər Əliyevə olan hörmət və diqqətini, Onun ideyalarına sadiqliyini nümayiş etdirir. Hər il olduğu kimi, bu il də Gül bayramı paytaxt Bakıda xüsusi canfəşanlıqla qeyd olunacaq. Sevindirici haldır ki, paytaxtımızın müxtəlif ərazilərində salınan yaşıllıqlar və əkilən gül kolları təkcə şəhər sakinlərinin deyil, həmçinin, ölkəmizə gələn xarici qonaqların da zövqünü oxşayır. Builki Gül bayramında isə şəhər sakinləri və qonaqlarımızın xaricdən gətirilmiş yeni gül növləri ilə tanışlığı olacaq. Bakı şəhər İcra Hakimiyyətinin xüsusi təşkilatçılığı və təşəbbüsü ilə Hollandiyadan müxtəlif növ zanbaq gülləri gətirilib. Sevindirici haldır ki, bu güllər arasında ulu öndərimiz Heydər Əliyevin adını daşıyan zanbaq gül kolları da var. İnsanların istək və arzusuna dəstək verən Bakı şəhər İcra Hakimiyyətinin bu təşəbbüsü, paytaxtı al-əlvan güllər məkanına çevirməsi insanlarda xoş təəssürat yaradıb.
Nəzərə almaq lazımdır ki, Bakı şəhər İcra Hakimiyyəti hər il xoşməramlı addımlar ataraq, ulu öndərimiz Heydər Əliyevin anadan olması münasibətilə Gül bayramının böyük təntənə ilə qeyd edilməsini həyata keçirir. Bu bayram insanlarda o dərəcədə xoş duyğular yaradır ki, bu təəssüratlar il boyu onların hafizəsindən silinmir. Hətta şəhərimizə gələn və bu mənzərəni seyr edən xarici ölkə vətəndaşları hər il yenidən bu mənzərəni seyr etmək üçün Azərbaycana gəlir. Bir sözlə, 10 May - Gül bayramı ümumxalq bayramına çevrilərək, müstəqil Azərbaycanımızın tarixinə xoş naxışlar salmaqdadır.
Bakı şəhəri Yaşıllaşdırma İdarəsinin sədr müavini Mayıs Abdullayev bizimlə söhbətində qarşıdan gələn Gül bayramı, buna hazırlıq işləri, eyni zamanda, ölkəmizə gətirilən yeni gül kollarından danışdı. O, "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, bu il 10 May - Gül bayramı Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli surətdə keçiriləcək. Xalqımız, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də ümummilli lideri Heydər Əliyevin doğum günündə Ona olan ehtiramını gül çələngləri vasitəsilə ifadə edəcək. M.Abdullayev, eyni zamanda, Hollandiyadan ölkəmizə gətirilən yeni növ zanbaqlardan söhbət açdı: "2009-cu ilin dekabr ayında Bakı şəhərinə Hollandiyadan zanbaq gülünün 31 növü gətirilib. Həmin növ güllər arasında ilk dəfə ölkəmizə gətirilən ulu öndərimiz Heydər Əliyevin adını daşıyan zanbaq növləri də var. Həmin güllərin rəsmi sertifikatı ötən ilin may ayının 10-da, ulu öndərimizin ad günündə Prezident İlham Əliyevə təqdim olunub. Həmin zanbaqların sağanaqları ölkəmizə gətirilib və burada yerli şəraitdə gübrələnərək əkilib. Hazırda onların öz iqlim şəraitimizə uyğun olaraq yetişdirilməsi prosesi uğurla həyata keçirilib və geniş ərazilərə əkilib. Onlara hər cür lazımi qulluğun göstərilməsi məqsədilə bütün aqrotexniki tədbirlərə riayət olunub. Yəni, onların vaxtında suvarılması və onların məhvinə səbəb olacaq maneələrdən xilas olunması üçün istənilən tədbir görülüb".
Ötən ilin dekabr ayında ölkəmizə gətirilən zanbaq sağanaqları aprel ayından gül açmağa başlayıb. Belə ki, onların gül açması 10-15 gün, tam olaraq yetişməsi isə, 3-4 ay müddətində baş verir: "Qeyd edim ki, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan zanbaq növü qızılı-bənövşəyi rəngdədir. Öz gözəlliyi və xoş ətri ilə insanları uzaqdan özünə cəlb edir. Həmin növ zanbaqlar şəhərimizin müxtəlif yerlərində, Heydər Əliyev adına Parkda, Heydər Əliyev adına İdman, Konsert Komleksində, Milli Parkın "Azneft" meydanında, Səməd Vurğun və Hüseyn Cavid adına parklarda, şəhidlər və fəxri xiyabanlarda böyük zövqlə və milli ornamentlərə uyğun bir şəkildə əkilib. Həmin güllər öz hündürlüyünə müvafiq olaraq əkilib. Belə ki, hündürlüyü 20-50 santimetr arasında olan bu güllərdən daha hündürləri ortada, nisbətən az hündürləri isə kənarlarda əkilib. Beləliklə, insanların həmin gözəllikləri daha rahat seyr etmələri üçün şərait yaradılıb".
M.Abdullayevin sözlərinə əsasən, qızılı-bənövşəyi zanbaqlar digər zanbaqlardan öz gözəl görkəmi və xoş ətri ilə seçilir ki, onun da şəhərimizin əksər yerlərində əkilməsi mövcud gözəlliyə daha gözəllik qatır. O, həmçinin, bildirdi ki, bu zanbaqların çiçəkləri möhkəm küləyə, yağışa və sərt hava şəraitinə davamlıdır: "İstənilən iqlim şəraitinə tab gətirən bu güllərin sağanaqları ölkəmizə gətirilib. Onların bütünlüklə yetişdirilməsi prosesi daxili imkanlar hesabına başa gəlib. Bu il, ümumilikdə, 480 min ədəd gül ştili gətirilib. Gələn illərdə bu sayın artırılmasına çalışacağıq. Hətta sevindiricidir ki, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu zanbaq növü Hollandiyanın özündə, bir sıra Avropa ölkələrində, Türkiyədə artıq satışa çıxırılıb".
İdarənin sədr müavini ulu öndərimiz Heydər Əliyevlə yanaşı, bir sıra tarixi şəxsiyyətlərin adını daşıyan gül növlərinin olduğunu vurğuladı. Qeyd etdi ki, gül növləri sırasında Corc Buşun adını daşıyan ağ rəngli zanbaqlar, qırmızı-sarı rənglərin vəhdətindən ibarət Heron növü, sarı rəngli limonlu, eləcə də, Andrey növünə rast gəlmək mümkündür.
Xatırladım ki, "Səs" qəzeti olaraq, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan zanbaq güllərinin əkildiyi ərazilərə baş çəkdik. Orada güllərə qulluq edən bağbanlarla görüşdük. Onlar bizimlə söhbətində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan güllərə qulluq etməkdən böyük şərəf hissi duyduqlarını bildirdilər.