PDF Oxu

Əsas

  • 24

Arif Vəliyev: "Büdcə xərclərinin 402,8 milyon manatı iqtisadiyyatın inkişafına yönəldilib"

Arif Vəliyev: "Büdcə xərclərinin 402,8 milyon manatı iqtisadiyyatın inkişafına yönəldilib"
Dünən Statistika Komitəsində 2010-cu ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan komitənin sədri Arif Vəliyev bildirdi ki, 2010-cu ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrindəki vəziyyəti əks etdirən makroiqtisadi göstəricilər göstərir ki, ölkə iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlər və əmək haqqı artır. Onun sözlərinə görə, ümumi daxili məhsul istehsalı 5,4 faiz artıb.
Belə ki, 5,7 milyard manat sənayedə, 650,4 milyon manat tikintidə, 663,6 milyon manat nəqliyyatda, 171,4 milyon manat kənd təsərrüfatında, 742,5 milyon manat ticarət və pullu xidmət sahələrində, 160,8 milyon manat rabitədə, 885,4 milyon manat, digər sahələrdə istehsal olunmuş, 596,1 milyon manatı isə məhsula və idxala vergilər təşkil edib. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 4,3 faiz artıb, həmçinin, orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 4,2 faiz artaraq 1074,5 manata bərabər olub.
A.Vəliyev bildirib ki, əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 7,1 milyard manatlıq məhsul istehsal olunmuş və 2009-cu ilin birinci rübü ilə müqayisədə 5,6 faiz artıb. Komitə sədri onu da qeyd etdi ki, mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 6,2 faiz artıb. Birinci rübdə 12,3 milyon ton neft, 4,4 milyard kubmetr əmtəəlik qaz hasil olunmuş, mədənçıxarma bölməsinin digər sahələrində istehsal 28,1 faiz artım müşahidə olunub: "Emal bölməsində məhsul istehsalı 7,7 faiz artmış, bölmənin məhsullarından qida məhsulları istehsal 0,1 faiz, geyim istehsalı 18,4 faiz, məmulatların daşıyıcılara çoxaldılması 12,3 faiz, neft məhsulları istehsalı 17,0 faiz, kimya sənayesi məhsulları istehsalı 2,8 dəfə, əczaçılıq məhsulları istehsalı 8,6 faiz, hazır metal məmulatları istehsalı 2,9 faiz, maşın və avadanlıqlar istehsalı 61,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13,9 dəfə artıb".
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində sənaye məhsulu istehsalı 2,5 faiz azalıb. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı 1,7 faiz artıb.
Aqrar sahədə yaz-tarla işləri sürətlə aparıldığını qeyd edən A.Vəliyev bildirdi ki, aprel ayının 1-nə kimi 102,8 min ha sahədə yazlıq bitkilərin səpini aparılıb: "Bu dövrdə 7,9 min ha sahədə dənli və dənli-paxlalı bitkilər, 1,4 min ha sahədə dən üçün qarğıdalı, 31,3 min ha sahədə kartof, 23,9 min ha sahədə tərəvəz, 135 ha sahədə pambıq, 4,0 min ha sahədə bostan bitkiləri, 1,4 min ha sahədə dən üçün günəbaxan, 3,9 min ha sahədə şəkər çuğunduru, 28,3 min ha sahədə çoxillik otlar əkilib. Heyvandarlıq sahəsində həm mal-qaranın baş sayı və həm də məhsul istehsal dinamik olaraq artır. Tarlalardan 7,3 min ton tərəvəz toplanıb. Kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən, bitkiçilik məhsulları istehsalı 10,1 faiz, heyvandarlıq məhsulları istehsalı 1,2 faiz artıb".
Xatırladaq ki, ilin əvvəlindən ümumi sahəsi 215,3 min kv.metr yaşayış evləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi və 140 yerlik klub, Bakıda "Dalğa Plaza" İş Mərkəzi, Naxçıvanda avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" Sağlamlıq Mərkəzi, Avtovağzal binası, meyvə-tərəvəz soyuducu anbarı, Göyçay və Ağdaşda olimpiya idman kompleksləri tikilib istifadəyə verilib.
Komitə sədri onu da vurğuladı ki, Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-fevral aylarında dövlət büdcəsinə 1632,3 milyon manat daxil olmuş, büdcədən 1081,6 milyon manat vəsait xərclənib. Büdcə xərclərinin 402,8 milyon manatı iqtisadiyyatın inkişafına, 216,3 milyon manatı sosial müdafiə və sosial təminata, 140,5 milyon manatı təhsilə və səhiyyəyə yönəldilib.

Digər xəbərlər