Böyük İnsan, Böyük Alim və Böyük Ana- Zərifə Əliyeva
Hər xalqın tarixində böyük qadınlar, böyük analar olur. Onlara ona görə böyük analar deyirlər ki, təkcə öz övladlarının deyil, bütün xalqın anası olurlar. Bu böyük insanlar öz həyatlarını xalqın sağlamlığına, xoşbəxt gələcəyinə həsr edirlər. Belə böyük qadınlardan biri də Azərbaycanın görkəmli pedaqoqu, istedadlı alimi, bacarıqlı həkimi, böyük ictimai xadimi Zərifə Əliyevadır. 25 ildir ki, aprelin 15-ni Azərbaycan xalqı öz böyük anasının xatirəsini anır.
Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Zərifə xanım Əliyeva neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb. Zərifə xanım zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm, qəlbi nisgillilərə sirdaş olub.
Zərifə xanım Əliyeva ömrü boyu səmərəli və zəhmətsevər fəaliyyətində həkimlik ixtisasının parlaq mənəvi dəyəri olan "Hippokrat andı"na böyük sədaqət nümayiş etdirdi. Bütün bilik və gücünü, istedad və bacarığını insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf etdi, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərdi.
Harada olursa-olsun, cəmiyyətin xeyirinə ləyaqətlə, vicdanla çalışdı. Vətəndaşlara tibbi yardım göstərmək üçün hər zaman hazır, sağlamlığını itirmiş insanlara qarşı diqqətli və qayğıkeş oldu. Həkim sirrini qorudu. Daima öz tibbi biliklərini təkmilləşdirdi.
Görkəmli alim N.Puçkovskaya xatirələrində yazır ki, həmkarları və dostları Zərifə xanımın insanlara necə xeyirxahlıqla yanaşdığının dəfələrlə şahidi olmuşdular. Onlar Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmoloqların qurultaylarının birində nümayəndələrdən birinin ayağının sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayırlar. O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyiri dəysin. Zərifə xanımın xəstəyə baş çəkməsinin bir, iki gün deyil, bütün müalicə müddətində davam etdiyini görən həmkarları indi də o hadisəni kövrəkliklə xatırlayırlar.
Böyük şəxsiyyət olan Heydər Əliyevin Zərifə xanımla evlənməsinə qadağa qoyulan bir dövrdə, Onun polad iradəsi hər şeyə qalib gəldi. Sözündən, istəyindən dönmədi. Onların sevgisi çox saf, qarşılıqlı və müqəddəs bir sevgi idi. Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu. Bu nəcib, xanım-xatın qadın ailəsini, balalarını çox sevirdi...
Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən hər zaman iftixarla danışıblar.
Keçmiş SSRİ-nin tanınmış oftalmoloqlarından biri M.Krasnov Zərifə xanımın hətta xəstə olduğu günlərdə belə necə mənəvi gücə malik olmasından yazır: "1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyə tutulduğunu az adam bilirdi. Mən Rəyasət Heyətində əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər ikisi deyib-gülür, bir-birilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi hardan idi?!".
15 aprel, 1985-ci il. Vətənimizə qürbətdən gələn kədərli xəbər milyonlarla qəlbi göynətdi. Acı göz yaşları yanaqlara və ürəklərə axdı. Nəzərlər Moskvaya dikildi. Azərbaycan xalqının sevimli alim qızı, türk dünyasının ləyaqətli övladı Zərifə Əziz qızı Əliyeva əbədiyyət qazanaraq həyatla vidalaşdı. Sonsuz insan axınına məruz qalan Novodeviçye məzarlığı hələ belə izdihamlı dəfn mərasimi görməmişdi...
Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Məhz buna görə də, o, Azərbaycan xalqının qəlbində bundan sonra da yaşayacaq.