Ənənəvi olaraq "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masanın budəfəki mövzusu qondarma "erməni soyqırımı"na həsr olunmuşdur. Aparıcı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən növbəti dəyirmi masada yalan və böhtanlar üzərində formalaşmış erməni xəstəliyinin bütün dünyanın baş bəlasına çevrildiyi qeyd olunmuşdur. Nəzərə almaq lazımdır ki, reallıqları nəzərə alaraq "Səs" qəzeti mütəmadi olaraq qondarma erməni yalanları - "soyqırım" fırıldaqlarının əsil mahiyyətini aşkara çıxararaq bir daha cəmiyyətə, eləcə də, internet vasitəsi ilə bütün dünyaya çatdırır. Bütün erməni yalanlarını aşkara çıxardıb, əsil faktları göstərmək üçün budəfəki dəyirmi masamıza Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalını dəvət etmişik. Millət vəkili fərdi qaydada erməni yalanları barədə faktlar və sənədlərdən danışdı və mətbuat nümayəndələrinin suallarını cavablandıraraq, "qondarma erməni soyqırımı"nın, sadəcə olaraq, xülyadan ibarət olduğunu diqqətə çatdırdı.
(Əvvəli ötən sayımızdı)
Fəzail Ağamalı:
- Geopolitik mübarizə prosesindən ermənilər də öz məqsədləri üçün istifadə etməyə çalışırlır. Onlar məhz bu məqsədlə də, uydurma anlayışları, "soyqırım"ı məsələlərini gündəmə gətirirlər. Bundan da ayrı-ayrı dövlətlər Türkiyə və Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.
"Yeni Azərbaycan" qəzetinin əməkdaşı:
- Xarici ölkələrdə erməni təşkilatlarına hansı formada dəstəklər göstərilir ki, onlar bu dərəcədə böyük iddialara düşürlər?
Fəzail Ağamalı:
- Böyük Britaniyada ermənipərəst deputatı baronessa Kerolayn Koks öz palamentlərində erməni məsələsini müzakirəyə çıxarmaq üçün bir neçə dəfə təşəbbüs irəli sürüb. Onu da qeyd edim ki, həmin şəxs 69 dəfə Ermənistanda və Dağlıq Qarabağda olub. Amma bu şəxsdən başqa İngiltərə parlamentinin lordlar palatasının bütün üzvləri qondarma "erməni soyqırımı" məsələsinin əleyhinə çıxıblar. Onlar bildiriblər ki, əslində, bu, real bir fakt deyil. Əsil fakt isə 1992-ci ilin fevralında məhz ermənilər tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımından ibarətdir. Böyük Britaniya kimi bir dövlətdə bu cür uydurma "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılmaması isə həmin ölkənin öz tarixi dəyərlərinə hörmətindən qaynaqlanan məsələdir. Onlar qeyri-ciddi işlərlə məşğul olan erməni lobbisinin əlində oyuncağa çevrilmirlər. ABŞ-da isə bu reallıq tamam başqa cürdür. Çünki orada qeyri-müəyyən bir mühit hökm sürür. ABŞ bir tərəfdən demokratiya barəsində dünyaya öz fikirlərini çatdırır. Digər tərəfdən isə İraqda və Əfqanıstanda günahsız insanlara divan tutur. ABŞ-ın Kaliforniya ştatında yaşayan ermnilər, eyni zamanda, bu ölkədə 20-dən artıq erməni təşkilatının fəaliyyət göstərməsi, kifayət edir ki, burada bir çox iddialarını təmin edərkən problemlə qarşılaşmırlar. Eyni zamanda ABŞ prezidentlərinin hər biri erməni lobbisinin əlində oyuncağa çevrilib. Artıq ABŞ-da 1980-cı ildən etibarən erməni məsələsi prezident seçkilərində daha çox istifadə edilən bir terminə çevrilməyə başlayıb. Bu məsələnin isə həmin dövrdən gündəmdə qalması ABŞ-ın istənilən məqamda Türkiyəyə qarşı təzyiq mexanizmi kimi istifadə olunması üçün keçərli bir vasitə hesab olunur.
AzərTac-ın əməkdaşı:
- Türkiyə baş naziri ilə ABŞ prezidentinin görüşündə də uydurma "erməni soyqırımı" və Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Sizin qənaətinizə görə, bundan sonra proseslərin gedişində hansı dəyişiklikləri görmək mümkündür?
Fəzail Ağamalı:
- Türkiyə tərəfindən bu görüşlərdə iki mühüm məsələ əsas müzakirə mövzusu idi. Bunlardan biri qondarma "soyqırımı" anlayışının gündəlikdən çıxarılması və bu məsələnin tarixçilərin ixtiyarına verilməsi, ikinci Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması məsələsidir. Çünki Ermənistanın konstitusiyasında Şərqi Anadolu, Ağrı dağıətrafı vilayətlər Ermənistanın tarixi torpaqları kimi ifadə olunub. Hətta onların gerbində də Ağrı dağı öz əksini tapıb. Türkiyənin birmənalı olan siyasətində prioritet məsələ təşkil edən digər bir prinsip isə Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Yəni bu görüşlərdə Türkiyə tərəfindən üç mühüm şərt prinsip kimi irəli sürülür. Bunlardan ikisi Türkiyə və Ermənistan arasında Sürixdə imzalanan protokollarda öz əksini tapıb, digəri isə Dağlıq Qarabağ məsələsidir ki, bu da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Eyni zamanda, Türkiyə tərəfi ABŞ-da apardığı bütün danışıqların gedişində, birmənalı olaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü həll olmadan Türkiyə ilə Ermənistan sərhədləri açılmayacaq. Ona görə də, bu məsələlərin ətrafında çox ciddi mübahisələr və diskussiyalar gedir. Ermənistanın isə israrlı olaraq öz mövqeyində saxlanmasına səbəb ABŞ, Fransa və Rusiyanın ədalətsiz mövqeyidir.
"Şərq" qəzetinin əməkdaşı:
- Bu proseslərin gedişində adıçəkilən ölkələrin Azərbaycanın ərazi bütövlüyünə birmənalı yanaşmasından sonra Dağlıq Qarabağın həlli hansı istiqamətdə yoluna qoyula bilər?
Fəzail Ağamalı:
- Əgər adlarını çəkdiyimiz ölkələr Ermənistandan birmənalı şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən konkret vaxt ərzində çıxmağı tələb etsələr, düşünürəm ki, Ermənistan bu qəti mövqe qarşısında heç bir şıltaqlıq edə bilməz. Misal olaraq, bu gün İrana qarşı artıq BMT səviyyəsində sanksiyaların tətbiq edilməsi məsələsi gündəmə gətirilir və bunun ardınca həmin ölkəyə qarşı müəyyən təzyiq və təpkilərin olması da nəzərdə tutulub. Çünki ABŞ ehtiyat edir ki, İran nüvə silahına sahib ola bilər və bu, onlar üçün böyük problemə çevrilər. Bu isə, təbii ki, başadüşülən bir siyasətdir. Sadəcə olaraq, konkret fakt qarşısında beynəlxalq güclərin nədənsə, ikili standartlardan çıxış etməsi ikrah hissi yaradır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Nəyə görə bu cür sanksiyalar ABŞ, Fransa, Rusiya və dünyanın nüfuzlu təşkilatları tərəfindən Ermənistana qarşı tətbiq edilmir? Nə qədər ki, bu ikili standartlar davam edəcək, ermənilər yuxarıda adlarını çəkdiyimiz dövlətlər tərəfindən himayə olunacaq, bu problemin də həllinə olan ümidlər heçə enəcəkdir. Ona görə də, bu cür danışıqlardan heç bir nəticə gözləmək olmaz. Bir vətəndaş kimi mənim yeganə ümidim Azərbaycan dövlətinə və xalqınadır. Ona görə, də, Azərbaycan günü-gündən güclənir, öz iqtisadi potensialını daha da artırır və ordu potensialımız ən yüksək səviyyəyə çatdırılır. Azərbaycan ancaq özünün malik olduğu böyük potensialdan istifadə edərək, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bunun üçün bizim əlimizdə kifayət qədər əsas var. BMT nizamnaməsinin bir sıra bəndlərində də, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək səlahiyyətlərini yerinə yetirə bilməsi üçün müəyyən müddəlar əksini tapıb.
"Ədalət" qəzetinin əməkdaşı:
- Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün hər hansı bir addım atarsa, bunun dünya ictimaiyyəti tərəfindən necə qarşılanacağı maraq doğurur?
Fəzail Ağamalı:
- Bu gün dünya birliyi və dünya ictimaiyyəti açıq şəkildə müşahidə edir ki, Ermənistan çox radikal bir mövqedədir. Son yeniləşmiş Madrid prinsiplərini Azərbaycan tərəfi qəbud etsə də, ermənilər yenə də, bununla razılaşmadılar. Ona görə də, biz bir cəmiyyət, millət, dövlət olaraq ərazi bütövlüyümüzü istənilən vasitə ilə təmin etməliyik.
"Paritet" qəzetinin əməkdaşı:
- Beynəlxalq güclərin Dağlıq Qarabağ probleminin həllinə nə vaxtsa, layiqli qiymət verməsini gözləmək nə dərəcədə reallığa uyğundur?
Fəzail Ağamalı:
- Bu gün tarixin həqiqətlərinə dünyanın aparıcı dövlətləri tərəfindən göz yumulursa, onda hansı ədalətdən danışmaq olar? Bu yaxınlarda Milli Məclisdə bu məsələlər müzakirə olunan zaman vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, dünyada hüququn gücü yox, gücün hüququ mövcuddur. Yəni, ABŞ BMT-nin sanksiyası olmadan, təkbaşına İraqa hücum edib, oranı işğal edirsə və bu işğalçılıq siyasəti bu gün də davam edirsə, artıq beynəlxalq hüquqdan danışmaq artıq məsələdir. Bu gün ABŞ və bütün dünyaya da, bəllidir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib və bu işğalda da ruslar ermənilərin yanında olub. ABŞ rus amilindən çəkinirsə, eyni zamanda, dünyanın aparıcı dövlətləri Rusiyanın maraqlarına uyğun olaraq prosesə fəal qoşulmurlarsa, burada haqqı, ədaləti tapmaq qeyri-mümkündür. Misal olaraq, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələr göstərdi ki, Rusiya Gürcüstanın öz ərazisində ona qarşı güc tətbiq etdi və ərazisinin bir qismində iki muxtar dövlət yaratdı. Ona görə də, bu gün dünyada olan haqq və ədalət bizim bədii ədəbiyyatlarda oxuduğumuz kimi deyil. Həqiqət ondan ibarətdir ki, dünyanın aparıcı dövlətləri, sadəcə olaraq, öz maraqlarını əsas götürürlər. Onların maraqları harada təmin olunursa, elə haqq adələt də orada axtarırlar.
"İki Sahil" qəzetinin əməkdaşı:
- Beynəlxalq arenada Türkiyə-Azərbaycan birliyinin ümumilikdə hər-hansı bir iş görməsi üçün ata biləcək addımları necə proqnozlaşdırırsınız?
Fəzail Ağamalı:
- Son vaxtlar Türkiyə ilə Azərbaycan bu istiqamətdə öz işlərini daha intensiv şəkildə qura biliblər. Amma çox təəssüflər olsun ki, bu məsələyə Türkiyə vaxtilə çox soyuq münasibət bəsləyib. Çünki Türkiyədə Ermənistana qarşı münasibət çox birmənalı olub. Onlar heç vaxt Ermənistanı bir dövlət kimi qəbul etməyiblər. Ermənistan türklərin düşüncəsində Rusiyanın tabeçiliyində olan kiçik bir vilayət kimi qiymətləndirilib. Amma bir faktı da unutmaq olmaz ki, 20 ildən sonra rus təyyarələrinin içərisində ermənilər İstanbulu bombalasalar, buna heç də təəccüblənmək olmaz. Çünki ermənilər bütün niyyətlərini məhz bu istiqamətə yönəldiblər. Bu baxımdan da son vaxtlar aparılan işlər erməni məkrinə və düşünülmüş çirkin niyyətlərin alt-üst olmasına imkan yaradacaqdır.
"Kaspi" qəzetinin əməkdaşı:
- Nədən bu günə qədər türk və Azərbaycan tarixçiləri erməni uydurmalarının aşkara çıxarılması ilə bağlı konkret bir fakt ortaya qoymayıblar?
Fəzail Ağamalı:
- Qeyd edim ki, türk tarixçilərindən Kamran Gül, Əsəd Uraq, fransız tarixçilərindən olan Corc de Malebinin əsərlərində birmənalı şəkildə proseslər tam araşdırılıb, tədqiq və sübut olunub ki, ermənilər türklərə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Eyni zamanda, ABŞ-ın iki tarixçi alimi Stefan Şou və Cons Makarte də, sübut ediblər ki, ermənilərə qarşı heç bir soyqırımı törədilməyib. Digər tərəfdən Azərbaycan alimləri də, bu məsələlərin daha səlis formada aşkara çıxarılması üçü son vaxtlar kifayət qədər əsərlər yazıblar.
"Səs" qəzetinin əməkdaşı:
- Ermənilərin iddialarına görə, məskunlaşdıqları ərazilər onların tarixi torpaqlarıdır. Amma tarixi faktlar isə bunun əksini söyləyir. Bu barədə nə deyərdiniz?
Fəzail Ağamalı:
- Bir həqiqəti unutmaq olmaz ki, Ermənistan Azərbaycan torpaqlarında yaradılmış bir dövlətdir. Bu dövlət birinci Pyotrun vəsiyyətlərinə uyğun olaraq yaradılıb. 1826-1828, 1827-1829-cu illərdə baş vermiş rus-İran-türk müharibələrindən sonra bağlanmış müqavilələrə uyğun olaraq Türkiyədən 40 min, İrandan 80 min erməniyə bütün imtiyazlar verilərək, Azərbaycanın münbit ərazilərinə köçürüldü. Məhz bu köçürülmə nəticəsində, indiki Ermənistan ərazisi də daxid olmaqla, Azərbaycanın bir sıra dilbər guşələrinə ermənilərin köçürülməsi təmin edildi. Məhz 1826-ci ildə erməni vilayətinin yaradılması haqqında rus çarının xüsusi fərmanı olub. Artıq 1830-cu illərdə yaradılmış olan erməni vilayətinə Türkiyədən, Livandan, Suriyadan və İrandan ermənilər köçürülməyə başlandı. Bunun ardınca isə, onlar burada öz dövlətlərini yaratmağa nail oldular. Eyni zamanda, məkrli niyyətlərini reallaşdırmaq istəyən ermənilər Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirməyə başladılar. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti 1905-ci ildən deyil, 1805-1812-ci illərdə baş vermiş rus-İran, rus-türk müharibələrindən sonra yürüdülməyə başlayıb. Azərbaycanlılara qarşı erməni vandalizmi və vəhşiliyi XX əsdə daha böyük vüsət almağa başladı. Eyni zamanda, Azərbaycan xalqına qarşı ən böyük faciələr 1918-1920-ci illərdə təşkil edilib. Əldə edilən faktlara görə, təkcə Zəngəzurda 102 kənd ermənilər tərəfindən tamamilə məhv edilib, 100 mindən çox dinc Azərbaycan vətəndaşı soyqırımın qurbanı olubdur. Bütövlükdə, 1918-1920-ci illərdə Naxçıvanda, Qubada, Şamaxıda, Salyanda, Bakıda azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğını təşkil edilib. Bunun davamı isə 1989-cu ildə azərbaycanlıların Ermnistandan tamamilə deportasiyası, 1992-ci ilin fevralında Xocalı soyqırımının törədilməsi və 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunana qədər ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi. Ermənilərin Azərbaycan ərazilərinin işğal tarixi və xalqımıza qarşı soyqırımın tarixi iki əsrə bərəbərdir. Bunun da əsası I Pyotr tərəfindən qoyulub.