PDF Oxu

Əsas

  • 14

Amerikanın Azərbaycana yanaşmasında ikili standartlara yol verilir

Amerikanın Azərbaycana yanaşmasında ikili standartlara yol verilir
Azərbaycanın dünya xəritəsində yeri və rolu artdıqca bəzi ölkələrin dövlətimizə qarşı olan qısqanc münasibəti daha yaramaz hal almaqdadır. Bu mənada, ABŞ-ın Azərbaycana qarşı ikili standartlardan yanaşması daha çox təəccüb və təəssüf doğurur. Çünki son vaxtlara qədər bu dövlətin Azərbaycanla isti münasibətləri olub. Ancaq ABŞ-ın demokrat administrasiyasının hakimiyyətə gəlişindən sonra rəsmi Vaşinqtonun xarici siyasətində Azərbaycana qarşı narazılıq doğurmağa əsas verən yanaşma müşahidə edilir.
ABŞ -ın Ermənistanın maraqlarından çıxış edərək, Türkiyəyə işğalçı dövlətlə sərhədlərin açılmasına təzyiqlər göstərməsi, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, münaqişə ilə bağlı neytrallıqdan uzaq mövqe sərgiləməsi qeyd olunanlara misal ola bilər. Nəzərə almaq lazımdır ki, indiyədək ATƏT-in Minsk Qrupuna həmsədrlik edən heç bir dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin yalnız biri ilə müzakirələr və məsləhətləşmələr aparmayıb. İstər Rusiya, istərsə də, Fransa bu danışıqlar prosesini paralel aparıblar. Bəzən üçtərəfli qaydada, buna texniki imkan olmadıqda isə, ayrı-ayrılıqda, yaxud Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlər keçirilib. Eyni zamanda, bu görüşlər barədə digər dövlətlərin tam təfərrüatları ilə məlumatları olmadıqları üçün danışıqlar prosesində Minsk Qrupunun həmsədrləri olan ölkələrin təmsilçiləri iştirak ediblər. Ancaq Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində ABŞ prezidenti Barak Obamanın yalnız Ermənistan prezidenti ilə görüşüb, müzakirələr aparması, bu ölkənin dünyada qəbul olunmuş vasitəçilik prinsipini kobud şəkildə pozmuşdur.
Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa, ABŞ-ın Ermənistanın mənafeyindən çıxış etməsinin arxasında Vaşinqtondakı erməni lobbisinin hakimiyyətə təzyiq və təsirini xüsusi ilə əlaqələndirdi. Qeyd etdi ki, bu münasibəti respublikaçılarla demokratların apardığı siyasət arasındakı fərq kimi qələmə vermək düzgün deyil. Çünki ABŞ Azərbaycana qarşı zaman-zaman ikili standartlardan yanaşıb: "ABŞ-da respublikaçılarla demokratların apardığı siyasət arasında elə ciddi yeniləşmə yoxdur. Sadəcə, proseslərin özündə yeniləşmə mövcuddur. Bu yeniləşmə ondan ibarətdir ki, əvvəllər bu dövlət problemi dondurmaq yolunu tutmuşdu və bununla da işğalı adiləşdirmək taktikasını seçmişdi. Birmənalı qeyd edirdi ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb, Ermənistana vermək lazımdır. Beləliklə, Ermənistanı bölgədə aparıcı dövlətə çevirmək lazımdır. Qeyd edim ki, bu xətti Amerika, Rusiya, İran, Avropa Birliyi ölkələri, xüsusilə, Fransa önə çəkirdi. Münaqişəni dondurmaq prosesindən həll etmək prosesinə keçmək gələndə isə, bu məsələni Türkiyə müəyyən dərəcədə sürətləndirdi. Mövqelər ortaya qoyulmağa başlayanda, ABŞ dilinin altındakı paxlanı çıxartdı. Bu paxla ondan ibarətdir ki, guya münaqişənin həlli Rusiyanın əlindədir və o, buna imkan vermir. Amma indi gördük ki, münaqişənin həlli, təkcə ondan asılı deyil. Həm də onu Amerika istəmir və bu məsələdə Rusiyanın mövqeyini tam dəstəkləyir. Hətta İrana Ermənistanla istənilən sahədə əməkdaşlığa icazə verir. Belə ki, İran öz hüdudlarından kənara yalnız Ermənistan məsələsi vasitəsilə çıxa bilir. Bu, olduqca ciddi bir məsələdir".
F.Mustafanın fikrinci, mövcud yanaşmanı ABŞ-ın xarici siyasətində dəyişikliklərin baş verməsi ilə əlaqələndirmək olmaz. Bu, ABŞ-la yanaşı, eyni zamanda, dünya güclərinin Azərbaycana olan münasibətidir. Millət vəkili onu da bildirdi ki, bu münasibətin iç üzünün açılması Azərbaycanın xeyirinədir. Belə olan halda, Azərbaycan illüziyalardan qurtararaq, artıq daha real və özümünün dəyərlərinə söykənən siyasətin formalaşması mərhələsinə başlayır. Bu da olduqca mühüm bir hadisədir.
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın münaqişə ilə bağlı yalnız Ermənistan prezidenti görüşməsi onun üzərinə götürdüyü vasitəçilik prinsipinə ziddir. Belə ki, ABŞ Azərbaycanı kənarda saxlayaraq, bu prosesi öz istədiyi kimi həll etmək üçün Türkiyəyə təzyiqlər edir: "Əgər münaqişə Azərbaycanın ərazi bütövlyünün bərpası ilə bağlıdırsa, onda ölkəmizin kənarda saxlanılaraq, Ermənistanın aqressivləşdirilməsinə şərait yaratmaq, ona imtiyaz və üstünlüklər vermək ABŞ siyasətinin əsil simasıdır. Azərbaycan artıq ABŞ-a münasibətinə yenidən baxmalıdır. Azərbaycan öz daxili imkanlarını və resurslarını necə səfərbər etməsinə diqqət etməlidir". Türkiyə tərəfinin qeyri-rəsmi də olsa, açıqlamasına diqqət yönəldən F.Mustafa, Ağdam və Füzuli rayonlarının boşaldılması şərti ilə Türkiyənin Ermənistanla sərhədləri açmayacağı fikrini məqbul hesab etmir. Münaqişəyə səbəb isə təkcə Qarabağ ərazisinin deyil, həmçinin, digər Azərbaycan torpaqlarının işğal edilməsi faktıdır. Ona görə də, ABŞ-ın mövqeyi Ermənistanı dəstəkləmək mövqeyidir. Azərbaycan öz xarici siyasətində bunu nəzərə almalıdır.
Daha sonra F.Mustafa Vaşinqtonakı erməni lobbisinin məkrli fəaliyyətinə toxundu. O, xüsusilə, qeyd etdi ki, erməni lobbisinin ABŞ-ın xarici siyasətinə bu və ya digər formada təsirləri var. Lakin bu məsələdə daha çox Rusiyanın ABŞ-a təsirini vurğulamaq lazımdır. Belə ki, son vaxtlar Rusiya ABŞ-la müttəfiqlik kursu götürüb. Bu baxımdan, onun bölgədə istənilən məsələdə, o cümlədən, Dağlıq Qarabağ məsələsində Rusiyanın maraqlarından kənara çıxmaq fikri yoxdur. Azərbaycan da Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə ABŞ-ın maraqlarında fərqin olmadığını nəzərə almalıdır. O, eyni zamanda, bildirdi ki, mövcud situasiyanı dəyişmək üçün Türkiyə müəyyən addımlar atır: "Azərbaycan istənilən məsələdə Türkiyənin dəstəyini hiss edir və bütün məsələlərin koordinasiya olunmasına xüsusi diqqət yetirir. Bu məsələdə hər hansı xırda detal Türkiyə ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərməməlidir. Çünki bu gün Azərbaycanın real dəstəyi yalnız Türkiyədir. Bütün dünya ölkələri ərazi bütövlüyümüzü tanısalar da, amma heç kim işğalçı dövlət olduğu üçün Ermənistanda sərhədlərini bağlamır, yaxud ona hər hansı sanksiyalar tətbiq etmir. Lakin Türkiyə bunu edib". Bu baxımdan da, ABŞ-ın xarici siyasətinə əsas təsir amili kimi Rusiyanı daxil etmək olar. Xüsusi qeyd etmək istəyirəm ki, Çin faktoruna qarşı ABŞ-la Rusiya müəyyən razılığa gəlib. Bu səbəbdən də, bir-birinə güzəştə gedərək, bir çox məsələlərdə müttəfiqliyə əl atıblar.
O, bu günlərdə NATO Parlament Assambleyasının nümayəndələr heyətinin üzvləri ilə aparılan qeyri-rəsmi söhbətlər barədə yayılan məlumatlara münasibət bildirdi. Məlumatda qeyd olunur ki, həmin söhbət zamanı nümayəndələr heyətinin bir nəfər üzvü bildirib ki, ABŞ Türkiyəyə Ermənistanla sərhədlərinin açılması ilə bağlı ona görə təzyiqlər edir ki, nümayəndələr palatasının sədri, ermənipərəstliyi ilə seçilən Nensi Pelosi ilə B.Obama arasında razılaşma olub. Millət vəkili məlumatı təsdiq etdi. Vurğuladı ki, B.Obamanın razılığı olmadan nümayəndələr palatasının komitəsi hər hansı qərar qəbul etməz. Belə ki, bu məsələlər dövlət səviyyəsində olduğu üçün koordinasiyalara uyğun şəkildə həyata keçirilir: "Yəni, dövlət səviyyəsində olan hər hansı bir məsələdə kiminsə müstəqil addım atması yanlışdır. Guya administrasiya bu məsələnin əleyhinə, Konqres isə lehinədir. Bununla bağlı narazılıqların olması fikri tamamilə düzgün deyil. Türkiyəyə təzyiqlər də məhz bunun üzərində qurulub. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bu məsələdə dirəniş göstərməlidir. Öz ərazi bütövlüyü məsələsində mövqeyini müdafiə etmək üçün ən sərt üslub seçmək haqqına malikdir".
F.Mustafa, eyni zamanda, bildirdi ki, Azərbaycan böyük dövlətlərlə hesablaşmaq məcburiyyətindədir. Amma bu hesablaşmaq o vaxta qədər mümkündür ki, baş verən proseslər Azərbaycanın maraqlarına zidd olmasın. Ona görə ölkəmizin dirəniş potensialının və imkanlarının nəzərə alınmasının vacibliyini önə çəkdi. Nəzərə çatdırdı ki, ölkəmiz müqavimət göstərmək haqqında da düşünməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi ən azı Rusiya qədər təhlükəlidir.

Digər xəbərlər